"Milli komanda mənim üçün hər kəsdən və hər şeydən önəmlidir. Onu qorumaq əsl vəzifəmizdir".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Avropa çempionatı üçün ilkin heyəti açıqlayan zaman mətbuat konfransında deyib.
69 yaşlı mütəxəssis bildirib ki, qazanılacaq uğur əhval-ruhiyyəni yaxşılaşdıracaq və komandada inamı artıracaq.
Güneş A qrupundakı şansları barədə bunları söyləyib: "Kağız üzərində favorit İtaliya yığmasıdır, Türkiyə, Uels və İsveçrə ikincilik üçün yarışacaq. Amma biz də qrupda birinci olmaq istəyirik".
Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.