Azərbaycan Premyer Liqasının sonuncu - XXVIII turunda bu gün keçiriləcək "Neftçi" - "Qarabağ" matçına ehtiyat laynsmanın təyinat almasının səbəbi açıqlanıb.
Sportnet.az xəbər verir ki, bu barədə "Report"a AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik açıqlamasında məlumat verib.
Avstriyalı funksionerin sözlərinə görə, ehtiyat hakim kimi təyinat alan Müslüm Əliyev 4-cü referinin yanında yer alacaq və heç bir əlavə səlahiyyəti olmayacaq: "Yalnız iki köməkçi hakimdən birinin oyun zamanı zədələnməsi və əvəzlənməyə ehtiyac olması halında Əliyev meydana çıxacaq, köməkçi hakim kimi oyuna davam edəcək".
Ştuxlik görüşün 4-cü hakim Kamal Umudlunun yan xətt hakimi kimi praktikasının olmadığını söyləyib. O bildirib ki, baş hakim Elçin Məsiyevi zədə alacağı təqdirdə, yalnız Umudlu əvəz edə biləcək.
AFFA rəsmisi UEFA-nın da Çempionlar Liqası və Avropa Liqası turnirlərin, eyni zamanda AVRO-2020 final oyunlarında da risk etmək istəmədiyini vurğulayıb. Ştuxlik bu ideyaya uyğun addım atdıqlarını diqqətə çatdırıb.
Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək "Neftçi" - "Qarabağ" oyunu saat 20:30-da başlayacaq.