"Qarabağ"dan Polşa "Legiya"sına keçəcək Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin "Neftçi" ilə Azərbaycan Premyer Liqasının XXVIII tur oyununda aldığı zədə ciddi deyil.
Sportnet.az-ın məlumatına görə, bu barədə 24 yaşlı hücumçunun keçmiş komanda yoldaşı, hazırda Polşanın "Visla" (Plotsk) klubunda çıxış edən Yakub Jezniçak açıqlama verib.
"Məndən tez-tez soruşan "Legiya" fanatları üçün: Mahir yüngül zədələnib, ciddi bir şey yoxdur" deyə o vurğulayıb.
Jezniçak Emrelinin güclü oyunçu olduğunu və "Legiya"ya uyğun gəldiyini əlavə edib: "Özüm "Qarabağ"da oynadığım vaxt biz dost idik və hələ də ideal münasibətlərimiz var".
Qeyd edək ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları qarşılaşmanın ardından mətbuat konfransında Mahir Emrelinin klubdan ayrılacağını açıqlayıb.