
"Burada Avropa çempionatına xüsusi maraq yoxdur. Şəxsən məni Türkiyə yığmasının oyunlarına elə də çox azarkeşin gəlməməsi təəccübləndirdi. Türkiyədən də gələnlər az oldu. Onlar azərbaycanlı azarkeşklərin dəstəyinə ümid edirdilər. Lakin tribunalarda entuziazm çatmadı. İnsanlar sadəcə, futbola baxmağa gəlirdilər".
Sportnet.az-ın məlumatına görə, Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert deyib.
Diplomat bildirib ki, Azərbaycandakı yerli sakinlər belə bir tədbirin ümumiyyətlə keçirilməsinə seviniblər: "Azərbaycanlılar çox qonaqpərvərdirlər, futbolu sevirlər. Futbola gəldikdə, bir qrup insan daha çox Avropaya, yəni qlobal futboluna köklənib. İkinci qrup isə tipik azərbaycanlılardır. Onlar ağırlıqqaldırma, cüdo, güləş kimi növləri bəyənirlər. Əksinə, düşünürlər ki, kollektiv idmanda insanın nəyə qadir olduğunu sübuta yetirməsi mümkün deyil".
Ekertin sözlərinə görə, ölkə rəhbərliyi Azərbaycanı dünyada yaxşı səviyyədə təmsil etmək üçün hər şeyi edir: "Məhz buna görə burada "Formula 1" keçirilir, iki il əvvəl UEFA Avropa Liqasının final oyunu təşkil olunmuşdu. İndi isə Avropa çempionatının oyunları gerçəkləşdi. Bütün bunlarla ölkə rəhbərliyi dünya ictimaiyyətinin diqqətini Azərbaycana yönəltmək istəyir".
Səfir AVRO-2020-nin Bakıdakı 1/4 final matçında üz-üzə gəlmiş Çexiy və Danimarkaya azərbaycanlıların münasibətini də açıqlayıb: "Azərbaycanlılar Çexiyanı daha çox tanıyırlar. Bir çox insan Çexiyaya sərmayə qoyub. Buna görə də Praqa və Karlovı Varıdan danışanda onlar harada yerləşdiyimizi dəqiq bilirlər. Lakin Çexiyadakılar Azərbaycanın harada yerləşdiyini çətinliklə təsəvvür edirlər".
Diplomat Avropa çempionatının oyunlarını Bakıda UEFA-nın təşkil etdiyini xatırladaraq, Avropa çempionatının qitədən bir qədər kənarda keçirilməsindən təəssüf ifadə edib: "Çünki bu, azarkeşlər üçün uyğun deyildi. Azərbaycanlılar isə heç bir tənqidi reaksiya verməyiblər. Onlar burada Avropa çempionatının keçirilməsinə şaddırlar. Onlar bunu mənimlə görüşəndə də nümayiş etdirir və Çexiya yığmasına uğurlar arzulayırdılar".
Qeyd edək ki, 1/4 final oyununda Danimarka Çexiyaya 2:1 hesabı ilə qalib gəlib.