
Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emreli UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunlarından sonra qapıya ən çox dəqiq zərbə endirən ikinci futbolçudur.
Sportnet.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı forvard Norveçin "Budyo Qlimt" klubuna qarşı matçlarda (3:2, 2:0) 5 dəfə çərçivəni dəqiq nişan alıb. Bu zərbələrin 2-si qolla nəticələnib. İlk sırada isə Monteneqronun "Buduçnost" komandasının yarımmüdafiəçisi Miloş Raiçkoviç yer alıb. Onun hesabında 6 dəqiq zərbə var.
Bundan başqa, Emreli vurduğu 2 qolla bombardirlər yarışında ikinci pillədə qərarlaşıb. O, bu göstəricidə yalnız 4 futbolçudan geri qalır. Emreli ilə yanaşı, Azərbaycan millisinin və "Neftçi"nin yarımmüdafiəçiləri Emin Mahmudov və Namik Ələskərov da hərəyə 2 dəfə fərqləniblər. Onlar Gürcüstanın "Dinamo" (Tbilisi) klubuna qarşı I təsnifat mərhələsinin səfər və ev oyunlarında (2:1, 2:1) rəqib qapısına yol tapıblar.
Qeyd edək ki, "Neftçi" II raundda Yunanıstan "Olimpiakos"u, "Legiya" isə Estoniya "Flora"sı ilə üz-üzə gələcək.