"Qarşıdakı oyunların çətinliyi bizdən asılı olacaq. Futbolçular klublardakı iki aylıq fasilədən sonra uyğunlaşa bilməyiblərsə, bu, milli üçün daha pisdir".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Portuqaliya yığmasının baş məşqçisi Fernandu Santuş İrlandiya və Azərbaycana qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə mərhələ oyunlarından əvvəl mətbuat konfransında deyib.
67 yaşlı mütəxəssis İtaliyanın "Yuventus" klubunda çıxış edən ulduz futbolçu Kriştianu Ronaldunun durumu haqqında danışıb: "Onun zədəli olub-olmadığını bilmirəm. Mən bunu yalnız xəbərlərdə görmüşəm. Əminəm ki, sağlamdır. Çünki millinin həkimləri bizə heç nə bildirməyib. Əgər hər hansı problemi olsaydı, ona icazə verərdim".
Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya görüşü saat 20:00-da başlayacaq.