Niderland millisinin baş məşqçisi Lui Van Qal 2022-ci il dünya çempionatını keçirmək hüququnun Qətərə verilməsini tənqid edib.
Sportnet.az-ın məlumatına görə, 71 yaşlı mütəxəssis "Mirror"a açıqlamasında bunun gülünc qərar olduğunu bildirib.
Onun sözlərinə görə, FIFA-nın bu addımı həmin ölkədə futbolun inkişaf etdirilməsi ilə deyil, pul və kommersiya maraqları ilə bağlıdır: "Çünki bu, ali futbol qurumu üçün vacibdir. Sizcə, niyə mən öz təcrübəmlə FİFA və ya UEFA-da heç bir komitədə yer almamışam? Çünki mən həmişə belə təşkilatların əleyhinə olmuşam. Bunu Qətərdə də deyə bilərəm, lakin bu, dünyanın problemdən qurtulmasına kömək etməyəcək".
Qeyd edək ki, noyabrın 21-də start götürəcək dünya çempionatı dekabrın 18-dək davam edəcək.