Futbol üzrə Türkiyə Super Liqasının 2021/2022 mövsümündə son İstanbul derbisi baş tutub.
Sportnet.az-ın məlumatına görə, XXXII tura təsadüf edən oyunda "Fənərbağça" "Beşiktaş"ın qonağı olub. "Vodofone Park" stadionunda oynanılan görüşdə qalib müəyyənləşməyib - 1:1.
Qonaqlar 6-cı dəqiqədə erkən qolla hesabı açıblar. Filip Novak qapıçı ilə üzbəüz dueldən qalib ayrılıb. 31-ci dəqiqədə Raşid Gezzal penaltidən fərqlənməklə yekun hesabı müəyyənləşdirib. Meydan sahiblərindən Mişi Batşuayi 9-cu dəqiqədə 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.
Bu nəticədən sonra xallarını 69-a çatdıran "Fənərbağça" 2-ci pillədəki mövqeyini qoruyub. 55 xalı olan "Beşiktaş" isə 7-ci sırada qərarlaşıb.
Qeyd edək ki, Türkiyə Super Liqasında 2021/2022 mövsümünün qalibi "Trabzonspor" olub.