"Azersun Arena"dakı matçlarımız uğurlu keçir. Futbolçularıma təşəkkür edirəm. Ağır qrafikdən çıxıblar. Bu gün də uduzmaq istəmirdilər. Kiçik epizodlarımız olsa da, yararlana bilmədik. Final öncəsi bu rəqibə uduzmamaq önəmli idi".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Qarabağ" ilə qolsuz heç-heçə etdikləri Premyer Liqanın XXVI tur matçından sonra deyib.
40 yaşlı mütəxəssis rəqibin yaxşı qol imkanları yaxaladığını bildirib: "Bizim üçün ağır oyun oldu. Nəzərə alsaq ki, 6-cı matçdır ki, 4-5 gündən bir oyuna çıxırıq. Zədəlilərimiz, itkilərimiz, yorğunluq olsa da, futbolçularım ilk saniyədən iradə göstərdilər. Hiss olunurdu ki, buradan ən azı bir xalla ayrılmaq istəyirdilər. Rəqibin kiçik səhvləri olsa da, yararlana bilmədik. Oyunu üzərinə götürən futbolçularımız bir qədər inamlı olsaydılar, tam fərqli nəticə ola bilərdi. Futbolçularıma təşəkkür edirəm. Bu vəziyyətdə "Qarabağ"dan 1 xal almaq pis nəticə deyil. Amma qələbə qazanıb avrokuboklara vəsiqəni təmin etmək və növbəti oyunlara daha rahat çıxmaq istəyirdik. Növbəti matçlar haqqında düşünürük".
O, bütün fikirlərini çempionata yönəltdiklərini söyləyib: "Elə fikirlər var ki, hamısını mətbuat konfransında səsləndirmək olmur. Bütün fikrimizi çempionata yönəltmişiik. Ötən tur qələbə qazansaydıq, bu gün bəlkə də avrokuboklara vəsiqəni təmin edə bilərdik".
Sadıqov zədəlilərin durumuna da aydınlıq gətirib: "Mehdi Cənnətov 3 həftəlik sıradan çıxıb. Kuboka çatdırmaq istəyirik. Amma sual altındadır. Çempionatda oynaması isə çox çətin görünür. Bəlkə "Şamaxı"a qarşı son tur oyununa çatar. Təmkin Xəlilzadə növbəti turda meydana çıxa bilər. Onun da durumu bəlli deyil. Filipe Paxtman son individual məşqlərini edir. Bundan sonra ümumi hazırlığa qoşulacaq. Futbolçu eyni zədəni təkrarlayanda psixoloji sarsıntı keçirir. Ona görə də tələsdirmək istəmirik. Yayda müqaviləni uzatmaq qərarına gəlsək, ondan yararlanacağıq".
Baş məşqçi hələlik yeni transferlər barədə qətiyyən düşünmədiyini vurğulayıb: "Hətta futbolçu təklif olunanda belə, deyirəm ki, baxa bilmərəm. Əsas diqqət çempionatdadır. Konfrans Liqasına düşsək, oyunçuları izləyə bilərik. 4 və 5-ci pillələrdəki komandalarla xal fərqi elə də çox deyil. "Qəbələ" bizdən 1 oyun az keçirib. Üstəlik, "Neftçi" və "Şamaxı"ya qarşı vacib oyunlarımız var. Əvvəlcədən proqnoz vermək düzgün olmaz. Yəni, oyunçu axtarışında deyilik".
Mütəxəssis rəhbərliklə büdcə barəsində danışmadığını əlavə edib: "Əvvəldən nəyisə deməyi xoşlamıram. Hər şey bəlli olduqdan sonra istiqamətimizi müəyyənləşdirəcəyik".
Davit Volkovun son vaxtlar istənilən səviyyədə çıxış etməməsinə də toxunan Sadıqov onu çalışqan və intizamlı oyunçu adlandırıb: "Hərdən bu cür hallar baş verir. Çempionatın ən sərrast hücumçususansa, müdafiəçilər sənə qarşı daha diqqətli oynayırlar. Bu gün də belə bir şey sezilirdi. Artıq bilməlidir ki, ona əvvəlki gözlə baxmayacaqlar. Bundan sonrakı mərhələ Volkov üçün daha çətin olacaq. Daha soyuqqanlı və peşəkar olmalı, çox çalışmalıdır. Oyun planında problem yoxdur. Düşünürəm ki, növbəti turlarda da vacib qollara imza atacaq. Volkovla komandadakı gələcəyi barədə danışmamışıq. Qışda çoxlu təklifi var idi. O zaman danışdıq. Dedi ki, ən azı yayadək qalmaq istəyirəm. Bundan sonra söhbətimiz olmadı. Tələsmirik, hər şeyə vaxt olacaq".
Sadıqovun sözlərinə görə, "Zirə"yə baş məşqçi təyin olunandan sonra komandasının ev oyunları daha çətin keçir: "Qarşıda iki ev matçımız var. Bu görüşlərdən maksimum nəticə ilə ayrılmaq istəyirik. Amma indi ev-səfər görüşlərində elə bir fərq olmur. Bəli, azarkeş sayı çox olsa, vəziyyət dəyişər. Amma hər komanda bir-biri ilə ən azı 4 dəfə qarşılaşır deyə, gələn kollektiv özünü evdəki kimi hiss edir".
"Qarabağ" Rəşad Sadıqovun gedişindən sonra ilk çempionluğunu əldə edib. Gənc mütəxəssis bunu normal qarşıladığını söyləyib: "Komandada olanda hisslər fərqli olur. Amma indi emosiyalarım, bütün fikirlərim "Zirə" ilə bağlıdır. Həm də müəyyən xal fərqi yarandığı üçün "Qarabağ"ın çempionluğu o qədər də təəccüblü olmadı".
Ahmed Ayzayanın müxtəlif mövqelərdə oynamasına da münasibət bildirən Sadıqov onun universal futbolçu olduğunu vurğulayıb: "Bəzən məcburi dəyişikliklər edirik. Bununla oyunçuların fiziki durumlarını yüksək səviyyədə saxlamağa çalşıram.Ayzayadan maksimum istifadə edirik. İstedadlı oyunçudur. Daha böyük işlər görə bilər".