"Bu, ən çətin və ən maraqlı mövsüm oldu. Çünki hərtərəfli mübarizə aparmağa çalışırdıq. Yaxşı komanda formalaşıb. Oyunçu sayı çoxdur. Zədəlilərimiz isə az oldu. Ona görə də sonadək vuruşa bildik. Konfrans Liqasında tarix yazdıq və Azərbaycan çempionu olduq. Ölkə kubokunu da qazanmaq istəyirik. Ötən il alınmadı. Bu il Azərbaycanda ən yaxşı komanda olduğumuzu sübut etməyə çalışdıq. Fikrimcə, bizdə alındı. İnanıram ki, gələcəkdə daha yaxşı və perspektivli komanda olacağıq. Yeni tarix yazmağa hazırıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın kapitanı Maksim Medvedev Azərbaycan Premyer Liqasında qazandıqları 9-cu çempionluq münasibətilə təşkil olunan tədbirdə jurnalistlərə açıqlamasında deyib.
33 yaşlı futbolçu bildirib ki, Çempionlar Liqasında uğurlu çıxış etmək üçün ilk növbədə yaxşı təlim-məşq toplanışı keçmək lazımdır: "İnanıram ki, harada oynayacağımızı uşaqlar da dərk edir. Orada səhv etməyə haqqımız yoxdur. Azarkeşlərimizi sevindirmək və daha da irəli getmək istəyirik. Baş məşqçi ilə də söhbətimiz olub. İndidan bunu düşünməliyik. Çempionlar Liqasında oynamaq hər komandaya nəsib olmur. Klubumuzun adını daha da yüksəltmək üçün bundan maksimum istifadə etməliyik".
Təcrübəli oyunçu hazırkı "Qarabağ"ı bütün zamanların ən yaxşısı adlandırıb: "Çünki yaxşı mübarizə apara bilirik. Tək futbolçu sayı deyil, sizin bilmədiyiniz bəzi şeylər də çoxalıb. Ona görə də nəticələr gəlir. "Qarabağ"da 8 dəfə çempion olmaq mənim üçün böyük nailiyyətdir. İlk çempionluqlarını yaşayan gənc futbolçularımızı təbrik edirəm. Ümid edirəm ki, son qələbələri olmayacaq".