
"Hazırda yeni mövsümün hazırlığını gözləyirik. Özümü toplanışa tam hazır hiss edirəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Kadi Borges klubun rəsmi saytına açıqlamasında deyib.
26 yaşlı yarımmüdafiəçi istirahət etmək üçün çox vaxtlarının olmadığını bildirib: "Az vaxtdan səmərəli istifadə etməyə çalışdıq. Həyat yoldaşım hamilə olduğu üçün Braziliyaya yollana bilməzdik. Çünki yol uzun müddətlidir. Bu səbəbdən istirahətimizin bir hissəsini Azərbaycanda keçirtdik. Daha sonra 5 günlük Dubaya yollandıq və orada dincəldik. Ümumiyyətlə, hər şeydən razı qaldıq".
Qeyd edək ki, "Qarabağ" yeni mövsümün hazırlıqlarına iyunun 9-da Bakıda start verəcək. Ölkə çempionu iyunun 20-də təlim-məşq toplanışının növbəti mərhələsi üçün Avstriyaya yollanacaq.