"Sözsüz ki, növbəti mövsüm üçün yeganə hədəfimiz çempionluqdur. Mən də bu çağırışa hazıram".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin yeni baş məşqçisi Laurentsiu Regekampf klub televiziyasına müsahibəsində deyib.
Rumıniyalı mütəxəssis yeni komandasında da hücum futboluna sadiq qalacağını bildirib: "Hansı komandada çalışmışamsa, orada böyük uğurlar qazanmaq, çempion olmaq istəmişəm. Bir tərəfdən, mənim və klubun hədəflərinin üst-üstə düşməsi yaxşı haldır. Komandaya hücum futbolu oynatmağı xoşlayıram. İstəyirəm ki, topa sahib olan tərəf mənim futbolçularım olsun. Söhbət təkcə taktiki sxemdən getmir. Bunu məşqçilər heyəti ilə birlikdə komandamı analiz etdikdən sonra müəyyənləşdirəcək və müvafiq qərarlar verəcəyik".
47 yaşlı baş məşqçi döyüşkən oyun sərgiləyəcəklərini vurğulayıb: "Söz vermək həmişə asandır. Amma oynadığımız futbolla onlara görə meydanda ölməyə də hazır olduğumuzu göstərəcəyik. Nəticələr və oyunumuzla azarkeşləri sevindirməyə çalışacağıq".
O, Kipr təmsilçisi "Aris"ə qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçirəcəkləri oyunlara hazırlıq üçün əvvəlcə bəzi işlərin görülməsinin gərəkliyini söyləyib: "Sözsüz ki, ilk növbədə, komandamı yaxşı tanımalı, necə oyunçulara malik olduğumuzu bilməliyəm. Güclü kollektiv yaratmalı, komandanı belə oyunlara hazırlamalıyıq. Bu gündən rəqibi analiz etməyə başlayacağıq. Hansı mövqeləri bağlaya, hansı mövqelərə yeni oyunçular gətirə biləcəyimizə baxmalıyıq. Əlbəttə, yeni transferlər də komandanın səviyyəsini artırmalıdır. Bu proseslərdən sonra rəqiblə oyunlara hazırlaşacağıq".
Bununla yanaşı, Regekampf "Neftçi"yə baş məşqçi təyinatı ilə bağlı təəssüratlarını bölüşüb. Yeni baş məşqçi klub rəhbərliyinin digər tanınmış mütəxəssislərlə danışıqlar apardığı halda, onunla sürpriz olaraq, anlaşmasını da şərh edib: "Burada olmağıma şadam. Çox yaxşı, işini bilən heyətlə qarşılaşdım. Onlar məni Azərbaycana dəvət etdilər. Mən də bura gəldim. Məmnunam. Bir tərəfdən yaxşı idi ki, heç kim mənim adımı vurğulamırdı. Öz ölkəmdə bunu gizlətmək elə də asan deyil. "Neftçi" böyük klubdur. Bir neçə mütəxəssislə danışıqların aparılması normaldır. Onlar da klub üçün ən yaxşı seçimi etmək istəyirdilər. Çox sevinirəm ki, seçim mənim üzərimdə oldu. Mən başqa mövzu haqqında danışmaq istəmirəm, çünki mənə aid deyil. Bu, klubun qərarıdır".
O, əvvəlki köməkçiləri ilə "Neftçi"də də çalışacağını dilə gətirib.