"Şamaxı" klubunda (əvvəlki "Keşlə") baş menecer vəzifəsindən ayrılan Eldəniz Yusifovu Kamran İsmayılov əvəzləyib.
Bu barədə Sportnet.az-a Yusifovun özü məlumat verib. O, klubla mayın 27-də bağladığı 1 illik yeni müqaviləyə öz istəyi ilə xitam verildiyini söyləyib.
Təcrübəli funksioner mayın 31-də İdarə Heyətinin sədri Zaur Axundovun istefasından sonra rəhbərliyə müvafiq ərizə ilə müraciət etdiyini diqqətə çatdırıb: "Zaur müəllimin istefasının ardından kluba yeni rəhbərliyin gələcəyini bilirdik. Ona görə də qərara aldım ki, klubdan gedim. Bu niyyətimi rəhbərliyə və Zaur müəllimin özünə bildirdim. Ondan xahiş etdim ki, rəhbərlik müqaviləmə xitam verilməsinə razılıq versin. Bu barədə rəsmi ərizə ilə müraciət etmişdim. Sadəcə, bu müddətədək yeni rəhbərliyin gəlişini gözləyirdik. Bir menecer kimi üzərimə düşən vəzifələri yerinə yetirmək və təhvil-təslim prosesini həyata keçirmək üçün dünənədək iş başında idim. Ötən gün nəhayət, yeni baş menecer kimi fəaliyyət göstərən Kamran İsmayılov klubun "ASK Arena"dakı ofisinə gəldi. Onunla təhvil-təslim prosesini həyata keçirdik. Bununla da "Şamaxı"dakı fəaliyyətimi başa çatdırdım".
"Şamaxı"da 5 ilədək çalışdığını vurğulayan Yusifov bu müddətdə klubun 2 dəfə Azərbaycan Kubokunu qazandığını və 3 dəfə avrokuboklarda çıxış etdiyini xatırladıb: "Doğrudan da xoş anlar yaşadıq. Birlikə çalışdığım rəhbərliyə, bütün əməkdaşlara və bizi həmişə dəstəkləmiş azarkeşlərə təşəkkür edirəm".
Sabiq klub rəsmisi gələcək iş yerinə hələ aydınlıq gəlmədiyini də söyləyib: "Bundan sonra fəaliyyətimi harada davam etdirəcəyimlə bağlı qəti cavabım yoxdur. Hələlik qısa müddət istirahət etmək istəyirəm. Yəqin ki, gələn həftədən yeni işim barədə düşünəcəyəm".
Qeyd edək ki, Eldəniz Yusifov 2005-ci ildən futbol klublarında fəaliyyət göstərir. O, AZAL, "Neftçi" və "Şamaxı" futbol klublarında baş menecer kimi çalışıb.