
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində Fransa ilə oyundan sonra Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adam fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, almaniyalı mütəxəssis affa.az-a açıqlamasında komandasının hər hansı mənfi cəhətini görmədiyini söyləyib.
O bildirib ki, güclü rəqibə qarşı oynamaq çətindir: "Fransa yığması haqda əlavə nəsə deməyə ehtiyac duymuram. Güclü rəqib qarşısında oynamaq çətindir. Bu oyunda komandamın hər hansı mənfi cəhətini görmədim. Uşaqlar bütün bacarıqlarını nümayiş etdirdilər. Taktiki planda və intizam baxımından yaxşı oynadıq".
Adamın sözlərinə görə, son 18-liyi müəyyənləşdirərkən komandanın əsas üzvlərindən biri Təyyar Məmmədov zədə səbəbindən kənarda qalıb: "Bizimlə burada olmasına baxmayaraq, təəssüf ki, zədəsini sağalda bilmədi. Əgər zədəli olmasaydı, müdafiənin sağ cinahında oynayacaqdı. Onun mövqeyində 1997-ci il təvüllüdlü Renat Ağaverdiyevə şans verdim. Təəssüf ki, o da ilk hissədə zədələnərək yerini digər 1997-ci il təvüllüdlü Elgün Uluxanova verdi. Oyunun sonunda meydanda 6 nəfər 1997-ci il təvəüllüdlü futbolçu vardı".
Baş məşqçi İngiltərəyə də çətin anlar yaşadacaqlarını bəyan edib: "Əvvəlki müsahibəmdə futbol ictimaiyyətinə demişdim, bir daha təkrar edirəm ki, buraya turisit kimi gəlməmişik. Fransızlara yaşatdığımız çətin anları İngiltərə yığmasına da yaşadacağıq. Məqsədimiz odur ki, son oyunlaradək qrupdakı vəziyyət gərgin olaraq qalsın”.
Qeyd edək ki, 7-ci qrupda yer alan millimiz ilk turda Fransaya 0:2 hesabı ilə uduzub. Komandamızın rəqibə bir saatadək müqavimət göstərə bilib.