Azərbaycanın Türkiyə Superkubokuna ev sahibliyi etmək istədiyinə dair iddia yayılıb.
Sportnet.az xəbər verir ki, Türkiyənon “Fotospor” nəşrində yayılan xəbərdə bildirilir ki, bununla bağlı Türkiyə Futbol Federasiyasına (TFF) təklif göndərilib. Bildirilib ki, Səudiyyə Ərəbistanın verdiyi pul qədər olmasa da, Azərbaycan tərəfi "Qalatasaray" və "Fənərbaxça" arasında oynanılacaq bu matçın təşkilinə çalışır.
Təklif məktubunda TFF nümayəndə heyəti, “Fənərbaxça” və “Qalatasaray” təmsilçiləri Bakıya dəvət edilib.
Lakin AFFA bu məlumatı təkzib edib. Qurumun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli QOL.az saytının bununla bağlı sorğusuna cavabında bildirib ki, Türkiyə Superkuboku uğrunda oyunla bağlı yaxın günlərdə AFFA ilə Türkiyə Futbol Federasiyası arasında danışıqlar olmayıb: "AFFA TFF-yə matçın Azərbaycanda keçirilməsi ilə bağlı rəsmi məktub göndərməyib.
Türkiyə qardaş ölkədir və biz bilirik ki, Azərbaycanda Türkiyə futbolunun, klublarının nə qədər azarkeşi var. Onlar necə sevilir. Lakin bu elə məsələdir ki, hər şey ətraflı, təfərrüatı ilə müzakirə olunmaldır".
Xatırladaq ki, ötən il dekabrın 29-u Səudiyyə Ərəbistanında komandalar oyundan əvvəl meydana Mustafa Kamal Atatürkün şəkli olan köynəklərlə çıxmağı planlaşdırıblar. Lakin yerli hökumət buna qarşı olub. Klublar bu qadağanın olacağı halda meydana çıxmayacaqlarını bildiriblər və oyun üçün stadiona getməyiblər. Daha sonra isə klublara matçın keçirilməyəcəyi bildirilib.