1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mükəmməl heyət və güclü 11-lik - TƏHLİL
Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil olunacaq XXXI Yay Olimpiya Oyunlarına lisenziya xarakterli boks üzrə Dünya Təsnifat Turniri başa çatdı. Sportnet.az xəbər verir ki, Bakıda keçirilmiş yarışdan Azərbaycan təmsilçiləri maksimum yararlandı.
49 kq, 75 kq və 81 kq çəki dərəcələrində müvafiq olaraq Rüfət Hüseynov, Kamran Şahsuvarlı və Teymur Məmmədov arzulanan vəsiqəyə sahib çıxdılar. Beləliklə, kişilərdən ibarət boks yığmamızın tarixdə ilk dəfə olimpiadada tam heyətlə təmsil olunacağı müəyyənləşdi. Statistika həvəskarlarının diqqətinə çatdıraq ki, ölkəmizin bu göstəricidə indiyədək ən yaxşı nəticəsi 12 il əvvələ təsadüf edirdi. Afina-2004-də 9 boksçu ölkəmizin şərəfini qoruyurdu.
Boksda Rio-2016-da mübariza aparacaq idmançıların adına böyük ölçüdə aydınlıq gəlib. Yalnız AİBA Pro Boxing və WSB Liqasında çıxış edən boksçuların Venesuelanın Varqas şəhərində keçiriləcək təsnifat yarışı qalıb ki, burada 91 kq və ən ağır çəki dərəcəsində 1, digər çəkilərdə isə daha 3 olimpiyaçı müəyyənləşəcək. Eləcə də kişi və qadınlar arasında bir nəfərə "wild card” verilməsi nəzərdə tutulub.
Azərbaycanın kişi boksçularının sözügedən uğuru əlavə olaraq, yalnız 4 ölkəyə məxsusdur. Bunlar Qazaxıstan, Özbəkistan, Böyük Britaniya və komandamızın baş məşqçisi Pedro Rokun həmyerliləri olan kubalılardır. Ümumilikdə lisenziya sayında üçüncü pilləni bölüşürük. İlk iki sırada Qazaxıstan və Böyük Britaniyadır. Çox maraqlıdır ki, London-2012-də komanda hesabında birinci olan Ukraynadan hələlik cəmi 3 boksçu lisenziya qazanıb.
Tarixin ən uğurlu tsikli olimpiadada məntiqi yekununu tapacaqmı?
Bəli, tam heyətlə təmsil olunmağımız təsadüfi deyil. Geridə qalan dördillik digər analoji dövrlərdən müsbət mənada fərqlənir. Azərbaycan adına boks üzrə dünya çempionatlarında qazanılan 5 qızıldan 3-ü məhz Rio tsiklinə təsadüf edir. Elə bu fakt çox şeydən xəbər verir. Həmçinin, əsasən Avropa Oyunlarında olmaqla Londondan bu yana keçirilən mötəbər yarışlarda böyük uğurlar qazanılıb. Dünya çempionatından söz düşmüşkən, əlcək ustalarımız komanda hesabında 2011-ci ildə Bakıdakı mundialda "üçlük"də təmin etdiyi yeri Qazaxıstan və Qətərdə də əldən vermədi. Yəni pafossuz, mübaliğəsiz, hazırda dünya boksunda üç ölkə varsa, biri məhz Azərbaycandır. Belədə həsrətində olduğumuz olimpiya finalında təmsil olunmağımız, hətta qızılını qazanmağımız realdır.
Məsələn, hazırda çox yüksək formada olan, ən azı, medal qazanacağına inandığını deyən Rüfət Hüseynov - 49 kq çəki dərəcəsində müəyyənləşən 19 vəsiqədən birinin sahibi olan yeniyetmələrin 2014-cü il Nankin Yay Olimpiya Oyunlarının qalibi - böyüklər arasında bir ildən bir qədər çox müddətdir mübarizə aparır. Buna baxmayaraq, elə ilk ildən sözünü deyib. 19 yaşlı boksçu ötən il Avropa çempionatının bürünc medalını qazanıb, dünya çempionatında isə iki rəqibini üstələyərək, ən yaxşı 8 idmançı sırasına düşüb. Kifayət qədər perspektivli boksçudur. Sportnet.az-a müsahibəsində özündən əmin danışması da təsadüfi deyil. Ancaq məsələnin bir əmması var. Rüfət əsas rəqiblər olaraq yalnız iki boksçunun - irlandiyalı Paddi Badnes və özbəkistanlı Həsənboy Dusmatovun adını çəkdi. Hərçənd, çəkisində kifayət qədər ciddi, ondan qat-qat təcrübəli idmançılar var. Elə götürək üç il əvvəlki mundialın qalibi, 32 yaşlı qazaxıstanlı Birjan Zakipovla son dünya çempionu, kubalı Yohannis Arqilakosu. Eləcə də Rusiya boksçusu, son mundialda yalnız Arqilakosa uduzan, ötənilki Avropa çempionatının qalibi, rusiyalı Vasili Yeqorov çox güclü rəqiblərdir. Yəni, ehtiyatı əldən vermək olmaz.
52 kq-dakı Elvin Məmişzadə indiki ana görə əsas qızıl medal ümidimizdir. Son illər göstərdiyi çıxışla çəkidə liderliyi ələ alan 25 yaşlı boksçu Rioya son dünya çempionu kimi yollanacaq yeganə idmançımızdır (Güləşçilərimiz Hacı Əliyev və Rəsul Çunayev olimpiadada çıxış edəcəkləri çəki dərəcələrində deyil, qeyri-olimpiya çəki dərəcələrində dünya çempionu statusuna sahibdirlər). Belədə çəkinin aşkar favoriti odur. Düzdür, bu, nə qədər ciddi üstünlük faktı sayılsa da, təzadlı tərəfləri də var. Rəqiblərin əsas diqqəti məhz onun üzərindədir. Elvin yığmanın məşqindən hazırladığımız reportajda rəqiblərini xüsusi fərqləndirmək istəməsə də, hər halda ciddi adlar olmamış deyil. Biri son dünya çempionatının finalında qarşılaşdığı Kuba təmsilçisi Yosvani Veyta. Düzdü, görüş ərzində təmsilçimiz bir baş üstün təsir bağışlamışdı, amma olimpiya boksu deyiləndə ilk ağla gələn Kuba məktəbinin nümayəndəsi geridə qalan müddət ərzində əsas diqqətini məhz Məmişzadəyə yönəldib və hazırlığını böyül ölçüdə onun üzərində qurub. Həmçinin Rusiya təmsilçisi, lisenziyanı APB-dən qazanan ikiqat dünya çempionu, London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Mişa Aloyan təhlükəli rəqibdir. Xatirinizdədirsə, 5 il əvvəl Bakıda keçirilən mundialın 1/4 finalında Elvin məhz ona uduzmuşdu.
56 kq-da kimin iştirak edəcəyinə son anda aydınlıq gəldi. Lisenziya mübarizəsində Avropa Oyunlarının bürünc mükafatçısı Tayfur Əliyevlə dünya çempionu Cavid Çələbiyev arasında gərgin rəqabət getdi. Sonda təcrübə öz sözünü dedi. "Böyük İpək Yolu" turnirində dünya çempionu 18 yaşlı rəqibini üstələyərək, İstanbulda keçirilən lisenziya yarışında iştirak hüququ qazandı. İki mötəbər turniri - 2015-ci il Avopa Oyunları və dünya çempionatını - Tayfura görə boşa verən Çələbiyev şansı maksimum dəyərləndirdi. Turnirin qalibi olan 24 yaşlı Çələbiyev olimpiadada ölkəmizi təmsil təmsil edəcək. Bunu komandanın məşqçisi Nəriman Abdullayev də təsdiqləyib.
Məşqçilərinin də dediyinə əsasən, kifayət qədər çalışqan olan, qələbə arzusu ilə alışıb-yanan Çələbiyevin bu yolda rəqibləri də sıradan deyil. Çəkisində rəqabət baxımından digərlərini bir xeyli üstələyir. Son dünya çempionu irlandiyalı Maykl Konlandan tutmuş Əlcəzair əsilli Fransa boksçusu, hələ Pekin olimpiadasında Şahin İmranovla yarımfinal görüşündən tanıdığımız vitse-olimpiya çempionu qocaman Xedafi Celkirədək xeyli sayda ciddi adlar nəzərə çarpır. Hansılar ki, bəziləri son yarışlarda özlərini ən yaxşı tərəfdən göstəribsə, digərləri də kifayət qədər təcrübəlidirlər. Konkretləşdirsək, Cavidin Rioda fəxri kürsüyə gedən yolda əsas rəqibləri qeyd etdiyimiz iki boksçu və son dünya çempionatının müvafiq olaraq gümüş və bürünc mükafatçıları - özbəkistanlı Muradcan Axmadalyev, belaruslu Dmitri Asanau, kubalı 52 kiloqramın son olimpiya çempionu Robesi Ramirezdir.
60 kq çəki dərəcəsi də əsas medal ümidlərimizdəndir. Çünki bu çəkidə titulları və yığmamızın heyətində göstərdiyi gözoxşayan çıxışı bir yana qalsın, hələ də olimpiya medalı qazanmayan 30 yaşlı Albert Səlimov çıxış edəcək. Dünya və ikiqat Avropa çempionu üçün bu, bəlkə də sonuncu olimpiadadır. Odur ki, maksumum güclə mübarizə aparacağı gözlənilir. Rəqiblərinə gəldikdə, özü deyir ki, əsas rəqibi elə Albert Səlimovdur. Ancaq təbii ki, digərləri də sadəcə, rinqlə tanış olmağa gəlməyəcək. Məsələn, son dünya çempionatının finalında zədə səbəbindən uduzduğu Lazaro Alvares. Düzdür, qeyd edildiyi kimi, demək olar, döyüşsüz "qızıl"ı bağışladı, amma sözügedən kubalı heç də asan rəqib deyil. O, London olimpiadasının bürünc, birincisi 56 kiloqramda olmaqla, son üç dünya çempionatının qalibidir. Eləcə də son iki mundialın mükafatçısı olan Braziliya təmsilçisi Robson Konseysao və vəsiqəni APB-dən qazanan qazaxıstanlı Berik Abdurəhmanovla Xurşid Tocibayev iddialı boksçulardır.
64 kq-da Lorentso Sotomayorla təmsil olunacağıq. 31 yaşlı kubalı üçün də bu, böyük ehtimalla son belə yarışdır. Belədə onun da Albert kimi, maksimum güclə mübarizə aparacağı gözləniləndir. Ancaq şanslarını heç də dağıstanlı komanda yoldaşı ilə bir götürmək olmaz. Sotomayorun çıxışı yalnız medallara ümid yaradır ki, bu da heç də asan olmayacaq. Çünki bu çəkidə əsas rəqabətin son dünya və Avropa çempionu, gənc rusiyalı Vitali Dunaytsevlə Sotomayorun məşhur həmyerlisi, olimpiya və üçqat dünya mükafatçısı təcrübəli Yasniel Toledo arasında gedəcəyi proqnozlaşdırılır. Bu mübarizədə özbəkistanlı Fazliddin Qaibnazarovu da hesabdan silmək olmaz. Ümumiləşdirsək, potensialına görə, təmsilçimizi 28 iştirakçı arasında ilk onluqda göstərmək olar.
69 kq-dakı təmsilçimiz Pərviz Bağırov son illər üçün Azərbaycan boks məktəbinin ən layiqli yetirmələrindəndir. Boks üzrə ilk olimpiya mükafatçımız Vüqar Ələkbərovun rəhbərliyi altında bu növün sirlərinə yiyələnən 25 yaşlı Bağırov 2015-ci ildə parlaq çıxışla fərqləndi. O, ilk Avropa Oyunlarındakı qələbəsinin təsadüf olmadığını Doha mundialındakı bürünc medalı və lisenziya ilə sübut etdi. Son dünya çempionatında medal yolunda kubalı olimpiya çempionu Roniel İqlesiası mübarizədən kənarlaşdırması isə turnirin əsas sensasiyalarından biri idi. Texnikalı, əzmkar boksçumuzun medala iddialı olduğunu söyləyə bilərik. Çünki çəkidə 5 ciddi ad xüsusi nəzərə çarpır ki, onlardan biri Pərvizdir. Yəni, Bağırovun əsas rəqibləri 2013 mundialının qalibi, son dünya çempionatının gümüş mükafatçısı Daniyar Yeluissinov, son dünya çempionu mərakeşli Məhəmməd Rabil, təcrübəli rusiyalı, son olimpiadanın bürünc mükafatçısı Andrey Zamkovoy və yuxarıda qeyd etdiyimiz Kuba təmsilçisidir.
75 kq-da çıxış edən Kamran Şahsuvarlının şanslarını komanda yoldaşlarından bir baş aşağı göstərmək lazımdır. Yetərli döyüş praktikasına malik olmayan 23 yaşlı həmvətənimizin lisenziya qazanması belə onun üçün böyük uğurdur. Nəzərə alsaq ki, o, Haybula Musalovun karyerasını bitirməsindən sonra əsas yığmada möhkəmlənib və sələfi özünü bu çəkidə sübut edə bilmirdi, onda qeyd edilənlər daha aydın olar. Bu çəkidə əsas rəqabətin Rusiyalı İlyas Çebotaryov, kubalı Arlen Lopes, irlandiyalı Maykl Orelli və özbəkistanlı Bektemir Melikuziyev arasında gedəcəyi gözlənilir.
81 kq-da ölkəmizi yaşına xas olmayan uğurları ilə dünya həvəskar boks aləmində kifayət qədər məşhur olan Teymur Məmmədov təmsil edəcək. Hələ 18 yaşında olarkən 91 kq çəki dərəcəsində Avropa çempinluğu və dünya ikincliyi qazanan, bir il sonra London olimpiadasında açıq-aşkar haqsızlıqla finaldan məhrum edilərək, bürünc medalla kifayətlənən, növbəti il Avropa və dünya çempionatında fəxri kürsünün 3-cü pilləsinə yüksələn Məmmədov istənilən rəqib üçün əsas təhlükələrdən biri sayılır. Düzdür, 81 kq-da onun yalnız bir nəticəsi var ki, o da Avropa Oyunlarındakı qızıl medaldır. Son mundialda gözlənilmədən ilk görüşdə mübarizəni dayandırdı, üstəlik lisenziyanı da son anda rəsmiləşdirdi. Ancaq Teymurun hazırkı taktiki və fiziki hazırlığını məşqçilər də çök yüksək qiymətləndirir, adını medala əsas namizədlərdən biri olaraq çəkirlər.
Hərçənd, Teymurun fəxri kürsüyə gedən yolu çox çətin görünür. Əsas rəqib isə, şübhəsiz ki, çəkinin son üç dünya çempionu Xulio Oskar La Kruzdur. Ondan başqa irlandiyalı Joe Vard, özbəkistanlı Elşod Rasulov, son olimpiadanın gümüş mükafatçısı, qazaxıstanlı Adilbek Niyazimbetov və rusiyalı Pyotr Xamukov medala iddialıdırlar. Olimpiya yığmamızın bayraqdarı olan Teymurun məsuliyyəti bu baxımdan komanda yoldaşlarından ikiqat ağırdır.
Abdulkadir Abdullayevi çempionluğa iddialı 4 boksçu sırasına göstərmək olar. WSB Liqasında məşhurlaşan, yığmaya cəlb edilərək yuxarıda haqqında bəhs etdiyimiz komanda yoldaşını, belə desək, çəkidən göndərən dağıstanlı legioner ötən müddət ərzində 91 kq-ın bizim üçün illərdir mövcud olan medal seriyasını davam etdirib. O, Pərviz kimi, Avropa Oyunlarındakı "qızıl"ın ardından Dohada bürünc medala sevinib.
18 idmançı qələbə uğrunda mübarizə aparacaq ki, onların arasında təmsilçimizlə birlikdə ən iddialılar rusiyalı son dünya çempionu Yevgeni Tişenko və kubalı gümüş mükafatçı Erislandi Savon, eləcə də olimpiya çempionluğu istəyi ilə alışıb yanan, 34 yaşadək rinqdə qalmasını məhz bununla şərtləndirən italiyalı Klemente Russodur.
Azərbaycan boks tarixinin ən titullu nümayəndəsi olan Məhəmmədrəsul Məcidovun əsas amalı şübhəsiz ki, çempionluqdur. Avropa və ikiqat dünya çempionumuz Rio rinqində məhz baş mükafat uğrunda mübarizə aparacaq. Bunu özü də deyir. Ancaq son bir ildə ciddi zədə problemi yaşayan, bu səbəbdən, formadan düşən 30 yaşlı təcrübəli boksçumuz Rioyadək formasını bərpa edəcəyinə inandığını deyir. Məşqçilər heyətinə gəldikdə, onlar da Məcidovun əvvəlki formada olmadığını, üstəlik, rəqiblərinin də əvvəlkindən xeyli güclü olduğunu qeyd edirlər. Ancaq buna rəğmən, "Məcidov da Məcidovdur!" deyib, medala ən iddialılar sırasında adını çəkirlər. Görək, təmsilçimizə bu yolda kimlər maneə yarada bilər?
İki gənc boksçu - xorvatiyalı son Avropa çempionu Flipp Xrqoviçlə fransalı son dünya çempionu Toni Yoka diqqət çəkir. Düzdür, hər iki idmançı bu nailiyyətləri Məhəmmərəsulun iştirak etmədiyi turnirdə qazanıblar. Amma qeyd etmək lazımdır ki, çıxışları heç də sıradan təsir bağışlamadı. Kifayət qədər cəld, hazırlıqlı boksçulardır. Böyük Britaniya təmsilçisi Jozef Coys və əzəli rəqib İvan Dıçkonu da əlavə etsək, medallar uğrunda həqiqətən də çox ciddi mübarizənin gedəcəyi gözlənilir.
Yana Alekseyevna qadın boksunda ikinci təmsilçimiz olaraq tarixə düşür. İlk dəfə Yelena Vıstropova ilə iştirak etdiyimiz London-2012-də medalın bir addımlığında qalmışdıq. Açığı, Yananın da şansları o qədər yüksək qiymətləndirilmir. Belə deyək, 12 iştirakçıdan medallara namizəd 6 boksçu arasında Alekseyevna sonuncudur. Bu baxımdan, ondan öndə əfsanəvi irlandiyalı Keti Teylor, braziliyalı Adriana Arauxo, ABŞ təmsilçisi Mikaela Mayer, fransalı Estelle Mozelli, finlandiyalı Mira Potkonen və rusiyalı Anastasiya Belyakovanın adlarını çəkmək olar.
Beləliklə, göründüyü kimi, boksçularımız əvvəlki olimpiadalardan bir xeyli iddialı təsir bağışlayır. Onların çoxu medala, bəziləri çempionluğa iddialıdırlar. Konkret müəllif proqnozu gərəkərsə, burda məşqçilər heyətinin də fikirlərini əlavə etməklə, qızıl medala 4 əsas namizəd göstərmək olar. Bunlar Elvin Məmişzadə, Cavid Çələbiyev, Albert Səlimov və Məhəmmədrəsul Məcidovdur.
Sahib ƏSƏDBƏYLİ
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb.