"Oyuna piş başlamadıq. Lakin rəqib bəzi səhvlərimizdən yararlandı". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Əliyev "Zirə"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VII tur matçından sonra deyib.
O bildirib ki, məğlub durumda başa vurduqları ilk hissədən sonra ikinci yarının əvvəllərində Fəhmin Muradbəylinin qırmızı vərəqə alması komandanı pis vəziyyətdə qoyub: "Bəziləri "Qarabağ”la matçdan sonra özlərini yetişmiş, püxtələşmiş oyunçu hesab edir. Həmin adamlarla söhbətimiz olacaq. Fəhmin isə hərəkətinə görə mütləq cəzalanacaq. 19 yaşlı oyunçu belə hərəkət etməməlidir. Məğlubiyyətdə isə mən də daxil olmaqla hər kəsin günahı var".
Əliyev cərimə zərbəsini yerinə yetirmək üstündə "Neftçi"nin 2 futbolçusu arasında yaranan mübahisəyə də münasibət bildirib: "Oyundan öncə bölgü olur. Biz cərimə zərbələrini Anyete və Ruslan Qurbanova tapşırmışdıq. Hər ikisi qol vurmaq istəyirdi və yəqin buna görə cəriməni yerinə yetirmək üstündə mübahisə yarandı. Hazırda bizimlə məşq edən Cavid İmamverdiyevin problemi isə yaxın günlərdə həll olunmalıdır. Ona ehtiyacımız var”.