Polis əməkdaşlarının saxladığı Azərbaycanın tanınmış futbolçusu Maşallah Əhmədov barəsində həbs qətimkan tədbiri seçilməyib. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, "Neftçi"nin keçmiş futbolçusu hazırda Binəqədi Rayon Polis Şöbəsinin Müvəqqəti saxlama təcridxanasında şübhəli şəxs qismində saxlanılır.
Ona qarşı rəsmi ittiham irəli sürülməyib.
M.Əhmədov barəsində həbs qətimkan tədbirinin seçilib-seçilməyəcəyi Binəqədi Rayon Məhkəməsinin qərarı ilə məlum olacaq. İlkin məlumata görə, bizneslə məşğul olan sabiq futbolçu Bakıda bir nəfərə 72 min manat dəyərində xaricdən daş plitə gətirdəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxsin pulunu da qaytarmayıb.
Qeyd edək ki, Azərbaycan futbolunun ən güclü hücumçularından olan M.Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. O, 1977-ci ildən "Neftçi" klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.