2010-cu ilin yayı idi. Cənubi Afrika Respublikasında dünya çempionatının oyunları gedirdi. Mən isə həmin ərəfədə Bakı şəhərində C kateqoriyalı məşqçi kursunda oxuyurdum. Müəllimimiz Almaniya Futbol Federasiyasından dəvət olunmuş UEFA təlimatçısı Nikolay Adam idi. Oyunlar artıq yarımfinala gəlib çatmışdı. Almaniya - İspaniya oyunu günü Adam bizi tez buraxdı və bildirdi ki, matç vaxtı onun otağından çığır-bağır gəlsə, qorxmayaq. Təbii ki, bu, həm də bir zarafat idi.
Bəli, oyun başladı və biz AFFA-nın Futbol Akademiyasının ikinci
mərtəbəsində divana yayxanaraq, geniş ekranlı monitorda İspaniyanın ifasında
parlaq oyuna şahidlik etdik. Hesab da elə İspaniyanın 1:0 hesablı qələbəsi ilə başa
çatdı. Gecə oyun qurtaran kimi kursda oxuyan "Neftçi”nin keçmiş futbolçusu, əla
yumoru ilə seçilən Arzu Mirzəyev dəhlizdə gəzə-gəzə "Nemes bizi sabah ...”
deyib bizi xeyli güldürdü.
Səhəri gün Adam səhər yeməyinə hamıdan gec gəldi. Təbii ki, ovqatı
təlx idi, hətta deyəsən, Almaniyanın zəif oynaması səbəbindən bir az da
utanırdı. Elə bu zaman ispanların azarkeşi olan "Bakılı”nın keçmiş oyunçusu
Vüqar Qurbanov "İspaniya” deyib qışqırdı. Almanın üzündə acı qarışıq qəribə bir
təbəssüm yarandı.
Nə isə, sözüm bunda deyil. Səhər yeməyi yeyib stadiona getdik və orada
alman dedi ki, dünən İspaniya əla oynadı və layiqli qələbə qazandı. Əlavə etdi
ki, nəzəri məşğələdə bu oyunu müzakirə edəcəyik. Bəli AFFA-nın akademiyasının iclas zalına yığldıqdan sonra məşgələmiz
başladı və alman müəllimimiz dedi ki, mən sizi dinləyirəm. Oxumağa gələn əksəri
keçmiş futbolçulardan ibarət olan kurs
iştirakçıları növbə ilə oyun barədə müxtəlif fikirlər bildirdilər. Nəhayət mən
də söz aldım və bildirdim ki, İspaniya heyət baxımından güclü idi və buna görə də
qalib gəldi. Lakin mən taktiki cəhətdən Yoahim Lövü Visente Del Boskedən daha güclü
sayıram. Məhz bu amilə görə Almaniya qalib gələ bilərdi və Lövdan oyunu
gedişinə təsir edə biləcək taktiki gediş gözləyirdim, lakin bunu görmədim.
Nikolay Adam soruşdu: "Siz nəyə əsasən deyirsiniz ki, Löv Del Boskedən taktiki cəhətdən
güclüdür?” Cavab verməyə çətinlik çəkdim və yalnız bunu əlavə edə
bildim: "İndi konkret bir səbəb göstərə bilmərəm, amma dəqiq bilirəm ki, bu,
belədir”. Müəllimiz isə dedi ki, istənilən fikir sübuta söykənməlidir. Məndən
sonra söz alan, indi "Qəbələ”də işləyən Sənan Qurbanov isə heç də Del Boskeni
zəif saymadığını söylədi və İspaniya "Real Madrid”indəki uğurlarını sadaladı. Bu
sözləri mənə cavab kimi də qiymətləndirmək olardı. Halbuku Del Boskenin zəif
olduğunu yox, taktiki zəhətdən Lövün daha güclü olduğunu demişdim.
Mən bu gün də Lövün niyə Del Boskedən güclü olduğunu izah etməkdə
çətinlik çəkərəm. Amma dəqiq bilirəm ki, almaniyalı mütəxəssis ispaniyalı
həmkarından güclüdür. Zənnimcə, dörd il əvvəlkindən fərqli indi çoxu bu fikirlə
razılaşar. Keçən vaxt ərzində biz Lövün taktiki gedişlər hesabına oyunun
axarını komandasının xeyrinə dəyişdiyinə dəfələrlə şahidlik etmişik. Eyni
zamanda Del Boskenin də komandasına təsirinin nə qədər effektli olub-olmadığını
görmüşük. Artıq sular durulub. Zənnimcə, hər iki məşqçinin səviyyəsi məlumdur
və Lövün güclü olduğu müzakirə mövzusu da deyil.
Mən bu gün həmin Almaniya - İspaniya oyununun keçirilmə tarixinə
baxdım. 7 iyul 2010-cü il. Bizim müzakirələrsə həmin oyunun səhəri günü, ayın 8-də
olmuşdu. Deməli, düz dörd il sonra - 8 iyul 2014-cü ildə, Braziliya - Almaniya
oyununda biz yenidən Yöahim Lövın taktiki dühasını gördük. Bəli, əgər eyni
güclü iki komanda qarşılaşanda biri digərini böyük hesabla uda bilirsə bu, baş məşqçinin
gücündən xəbər verir. Məsələn, İspaniya - Hollandiya oyununda olduğu kimi...
Bəzən nəyisə teorem kimi sübut etməyə ehtiyac olmur. Qoy, bu da
olsun, "Löv aksiomu”!
RAQİB