ABŞ - Azərbaycan oyununda hesab belə olmaya da bilərdi. Təbii ki, Berti Foqts eksperimentə əl atmasaydı. Yəni, əvvəldən axıradək nəticəni düşünüb oynasaydı, oyunu heç-heçə ilə başa vurmaq olardı. Amma Foqtsa nəticə yox, oyunçuların "qabındakı”nı öyrənmək lazım idi.
Yoldaşlıq oyunu keçirilirsə, eksperiment lazımdır. Hətta vacibdir də. Çünki yoldaşlıq oyunları elə bunun üçündür. Belə qarşılaşmalarda müxtəlif eksperimentlər aparılır ki, rəsmi oyuna tam hazır vəziyyətdə çıxasan. Yoxsa rəsmi oyunlarda eksperiment aparmalı olacaqcan.
Mən almaniyalı baş məşqçini yerli-yersiz tənqid edənləri başa düşə bilmirəm. Bu, bəlkə də 1941 – 1945-ci il müharibəsi zamanı onlara qarşı vuruşduğumuzdan, alt şüurumuzda qalan nifrətin nəticəsidir. Hər bir ailə bu müharibədə itki verib. Məsələn, mənim babam müharibədə ayaqlarını itirmişdi və evə döndükdən sonra çox yaşamadı. Almanlarla müharibədə bu cür mənəvi yaralar alan ailələrdə gözlərini açan uşaqlar "nemis”lərə qarşı söyüş-qarğış eşidiblər. Bu da bizim alt şüurumuzda qalıb. Elə düşünürlər ki, istənilən şəxs almandırsa, yaxşı insan ola bilməz. Hələ də el arasında "nemes kimi adam” ifadəsi mövcuddur.
Bəyəm bizim yığma super komanda idi ki, Foqts gəlib məhv edib? Əksinə, onun gəlişindən sonra yığmada az-çox irəliləyiş var. Əvvəllər millimiz, demək olar ki, Azərbaycanla hər hansı bağlılğı olmayan braziliyalı, afrikalı, ukraynalı və başqaları ilə dolu idi. Şahin Diniyevin vaxtında yığmada 7 legioner oynayırdı. Hətta iş o yerə çatmışdı ki, AFFA İcraiyyə Komitəsi millidəki əcnəbi sayına analoqu olmayan limit qoymuşdu. İndi bunların heç biri yoxdur. Tək-tük gəlmələrdən ABŞ-a qarşı Ufuk Budak və ikinci hissədə Dmitri Nazarov oynadı. Ufuk ən yaxşılardan idi, Nazarov isə birinci oyun üçün normal çıxış etdi.
Digər tərəfdən, Foqts yavaş-yavaş bütün mövqelərdə bir biri ilə rəqabət apara biləcək eyni güclü futbolçular tapmağı bacarıb. Hətta sağ cinahda belə oyunçu üç nəfərdir. Mahir Şükürov və Maksim Medvedevin rəqabət apardığı cinaha İlkin Qırtımov da qoşulub. Yəqin bu səbəbdəndir ki, Foqts nisbətən universallığa meylli Medvedevi bu oyunda dayaq müdafiəçisi kimi oynatdı. Amma göründüyü kimi, birinci qolun səbəbi mərkəzdə Maksimin etdiyi kobudluq oldu.
Bu üç oyunçunun hər biri özünəməxsus olsa da, təbii ki, Şükürovun müəyyən üstünlüyü var. Onun cinah asmaları çox effektlidir. Bu, nə Medvedevdə, nə də Qırtımovda belə deyil. Lakin Şükürovun yaşı digər iki futbolçudan çoxdur. Elə sənədə inansaq, onun 32 yaşı var. Bu, futbolçu üçün qocalıq sayılır. Çünki burada futbolçudan ilk növbədə, 90 dəqiqə boyunca daim irəli-geri qaçması tələb olunur. Oyunlardakı bu mütəmadi hərəkətlilik futbolçunu tez sıradan çıxarır. Ona görə də Foqtsun burada da eksperiment aparmasını normal qəbul etmək olar.
Rəsmi oyunlarda mərkəz müdafiəçisi kimi Rəşad Sadıqovla bərabər, yəqin ki, ya Rasim Ramaldanov, ya da Elvin Yunuszadə çıxış edəcək. Məncə, ABŞ-la qarşılaşmada Yunuszadə özünü daha yaxşı tərəfdən göstərdi. Müdafiənin sol cinahında Ufuk Budak əla oynadı. Foqtsun Elnur Allahverdiyevi ABŞ-a aparmamasının səbəblərindən biri bəlkə də budur. Allahverdiyev yığmada olsaydı, Budak, yəqin ki, belə oynaya bilməzdi. Yəni "torba” məsələsi…
Nisbətən irəlidə soldan oynayan Vaqif Cavadovla mərkəzdəki gənc Abdulla Abatsiyevi yaradıcılıqları ilə fərqləndirmək olar. Hücumda isə Rauf Əliyev təkdir. Yəqin ki, bu hal Foqtsu da narahat edir.
Nəhayət, söyüş barədə... Bizim futbolçular liderliyin məhz gənc komanda yoldaşını təhqir etməkdən ibarət olduğunu düşünürlər. Yəqin ki, Kamran Ağayev də belə düşündüyündən, bu hərəkəti edib. Halbuki lider gənc futbolçuya həm örnək, həm də dəstək olmalıdır. Çox təəssüf ki, gənc futbolçular da böyüklərdən bu cür örnək götürərək bu ənənəni gələcəyə daşıyırlar. Belə vəziyyətdə təhqir olunanda, Böyükağa Hacıyevin təbirincə desək, futbolçunun motivasiyası itir, konsentrasiyası pozulur. Təsadüfi deyil ki, məhz söyüş epizodundan sonra qapımızdan qol keçdi. Halbuki birinci qol vurulmamışdan öncə Yunuszadə topu qapı xəttindən çıxarmışdı. Motivasiyası qaydasında olsaydı, bu qolun da qarşısını almağa cəhd göstərərdi. Epizoddan isə görünür ki, onun mövqe seçimi səhvdir və gərəksiz yerdə durub. Bunun səbəbinin isə az öncəki təhqirlə bağlı olduğunu istisna etmək olmaz.
Komandada ən vacib şərtlərdən biri mehribançılıqdır. Belədə komanda ruhu formalaşır və həmin komanda öz normal gücündən bir neçə dəfə güclü oynaya bilir. Bütün bunları başa düşmək üçün insanda şüur olmalıdır. Lakin təəssüf ki, əksər futbolçularımızın intellektual səviyyələri çox aşağıdır.
İndi siz deyin: "nemes” kimdir: Berti Foqts, yoxsa Kamran Ağayev?
Fərid MƏMMƏDLİ
Fərid MƏMMƏDLİ