"Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsində Ukrayna "Dnepr"i ilə oyun öncəsi mətbuat konfransında yaşanan tərcüməçi probleminə aydınlıq gətirib. Sportnet.az-ın məlumatına görə, klubun mətbuat katibi Nurlan İbrahimov xoşagəlməz halın "Dnepr" tərəfdən qaynaqlandığını bildirib.
O deyib: "Tərcüməçini həmişə ev sahibi təmin edir. Əslində prosedur rus dilində aparıla bilərdi. Amma Qurban Qurbanovla danışdıq və tərcüməçidən istifadə etmək qərarına gəldik. O isə Ukraynada təhsil alan tələbə idi. "Dnepr" tərəfi üzr istəyərək bildirdi ki, Kiyevdə məcburiyyətdən oynadıqlarından, çətinliklə üzləşiblər. Yəni, tərcüməçi məsələsində qonaq komanda birbaşa məsuliyyət daşımır. Təbii ki, bu durum xoş deyil. Amma heç kim belə hallardan sığortalanmayıb".
Qeyd edək ki, mətbuat konfransında tərcüməçi Qurban Qurbanova ünvanlanan sualları və onun cavablarını ruscadan azərbaycancaya və əksinə çevirməkdə çətinlik çəkib. Bu səbəbdən, o, tezliklə başqası ilə əvəzlənib. Bundan sonra problem yoluna qoyulub.