
"Əlin qurusun! Barmaqların çürüsün! Heç donuz da öküzə ox atar”? Yəqin ki, bu məşhur ifadənin "Dədə Qorqud” filmindən olduğunu xatırlatmağa ehtiyac yoxdur.
Deyirəm, bu "barmaq” məsələsinə hələ qədim zamanlarda yaman diqqət yetirirlərmiş. Özü də hər barmağın öz əhəmiyyəti olub. Məsələn, qədim Romada qulların döyüşündə tamaşaçılar baş barmaqlarını aşağı endirərdilərsə, döyüşdə qalib gələn qul rəqibini öldürməli idi. Yox, əgər baş barmaq yuxarı istiqamətlənirdisə, onda məğlub olmuş qul yaşayırdı.
Təsəvvür edirsiniz, qədim Romada baş barmağın əvəzinə orta barmaqdan istifadə edilsəydi, nə baş verərdi? Əlbəttə, orta barmaq yuxarı qalxdıqda, öldürülən qul sağ qalmaq şansı qazanacaqdı. Amma... heç də ürəkaçan hisslər keçirməyəcəyinə zərrə qədər şübhəm yoxdu...
Beynəlxalq aləmdə idmançılar bir-birilərini dəstəkləmək üçün tez-tez baş barmaqlarını yuxarı istiqamətləndirirlər. Bizim idmançılar isə, xüsusən futbolçular, daha çox orta barmaqlarına üstünlük verirlər. Mahir Şükürovun Lənkəranda azarkeşlərə ünvanladığı jest bu gün də unudulmayıb.
Uzaq 1990-cı ildə "Nitq mədəniyyəti” müəllimimiz "Rollar” mövzusu ilə bağlı mühazirə oxuyurdu: insanların dükanda alıcı, avtobusda sərnişin, poliklinikada pasiyent, auditoriyada tələbə, valideynlərlə övlad, övladlarla valideyn və s. Hər bir rolu məharətlə ifa etməyə borclu olduğumuzu bizlərə aşılayan İsgəndər müəllimin həmin mühazirəsində Mahir Şükürov iştirak etmirdi. Əminəm ki, bu mövzuda formasını geyindiyi "Neftçi”də də onunla söhbət edilməyib. Edilibsə də, bəhrəsiz qalan söhbət əhəmiyyətsizdir...
Əbəs yerə Şükürovun barmağını, rolları xatırlamadım. Axı Mahir futbolçu rolunun ifasını qeyri-kafi yerinə yetirdi. Demirəm ha, azərbaycanlı rolunu. Xeyr, milli mentalitetimizə uyğun olmayan təhqiramiz ifadələrə qətiyyən bəraət qazandırmıram. Amma Şükürovun həmin an futbolçu olması etdiyi hərəkətin roluna uyğun olmadığını söyləməyimə əsas verir.
Ancaq roldan-rola fərq var. Ötən həftəsonu Ümumdünya Boks Seriyasının "Baku Fires” - "Cuba Domadores” finalı zamanı "Rabitə” klubunun kubalı voleybolçusu Vilma Salas Rosell də azarkeşlər arasında yer almışdı. Kubalı boksçu Xulio Sezar La Kruz rinqə dəvət olunarkən, tribunalardakı fanatlar onu uğultu ilə qarşıladılar. Bu an üzünü azərbaycanlı azarkeşlərə tutan Rosell orta barmağını onlara tuşladı.
Amandır, gəlin, fərqə diqqət yetirək. "Rollar” dərsini bir daha xatırladıram. Həmin an Vilma bir azarkeş reaksiyası göstərdi. Yəni, kubalı voleybolçunun orta barmağına olan reaksiyanı Şükürovun barmağı ilə müqayisə etmək olmaz! Çünki o, əks cəbhədəki fanatlara bir sıravi azarkeş kimi öz həmvətəninə dəstək məqsədi ilə cavab verdi.
...El arasında belə bir ifadə də işlədilir: "Barmaq eləmə”. Barmaqlarınıza hakim olun ki, nəyəsə barmaq edəndə "Dədə Qorqud” filmindən sitat yada düşməsin.