
Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2015" veloyürüşünə yekun vurulub. Sportnet.aaz-ın məlumatına görə, V mərhələ "Bakı 2015" I Avropa Oyunlarının şosse velosipedi üzrə qrup yarışları ilə eyni marşrut üzərində baş tutub və mötəbər yarış öncəsi son sınaq xarakteri daşıyıb.
Start və finiş xətti "Azadlıq Meydanı"nda olub. İştirakçılar paytaxt küçələri ilə ümumilikdə 144 km məsafə qət ediblər. Mərhələnin qalibi Sergey Pirsanov ("Rusvelo", Rusiya) olub. O, finişə 3 saat 32 dəqiqə 10 saniyəyə çatıb. Aleksandr Şuşemoin (Qazaxıstan milli komandası) ikinci, Matey Mügerli ("Synergy Baku", Azərbaycan) üçüncü yeri tutub.
Bununla belə, "Tour d’Azerbaïdjan-2015"in qalibi Sloveniyanın "Adria Mobil" klubunun üzvü Primoj Roqliç olub. Ona Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Sahib Ələkbərov tərəfindən göy köynək təqdim olunub. Azərbaycan klubundan isə Aleksandr Surutkoviç dağ mərhələsinin qalibi kimi qırmızı köynəyi özündə saxlayıb. Komanda hesabında "Synergy Baku" birinci yeri tutub.