
FİFA prezidenti seçkisi yekunlaşıb. Sportnet.az-ın məlumatına görə, ikinci mərhələdə Şahzadə Əli ibn Əl-Hüseyn namizədliyini geri götürüb.
Nəticədə Yozef Blatterin növbəti müddətə də ali futbol qurumuna rəhbərlik edəcəyi müəyyənləşib.
Qeyd edək ki, Yozef Blatter FİFA-ya 1998-ci ildən rəhbərlik edir. Bu, Blatterin 5-ci müddətə prezidentliyi olacaq. __________________________________________________________________________________________
FİFA prezidenti seçkisində səsvermənin nəticələri açıqlanıb. Sportnet.az-ın məlumatına görə, 209 səsdən 206-nın etibarlı olduğu müəyyənləşib.
Həmin səslərdən 133-ü Yozef Blatterə, 73-ü Əli ibn əl-Hüseynə verilib. Blatterə səslərin 2/3-ünü toplamaq üçün 7 səs çatmayıb. Bu səbəbdən, seçkidə ikinci mərhələ elan olunub.
__________________________________________________________________________________________
FİFA Konqresində gündəlikdə duran məsələlərin müzakirəsindən və müvafiq qərarların qəbulundan sonra namizədlər tribunaya yaxınlaşıblar. Sportnet.az-ın məlumatına görə, əvvəlcə səhnəyə İordaniya şahzadəsi Əli ibn Əl-Hüseyn dəvət olunub.
O, bildirib ki, FİFA hansısa köpükdə yerləşmir: "Biz birləşməliyik. Oyun və bütün dünya üçün maksimum mümkün olanı etmək istəyirəm. Hər şey pis olduqda sizin çiyinləriniz arxasında gizlənməyəcək, uğur qazandıqda isə irəli addımlamayacağam. Siz bu oyunun sahiblərisiniz. Xahiş edirəm ki, vicdanınızla səs verin. Mən FİFA-nın qapılarını bütün dünyaya açacağam. Belə məsuliyyətli postda insan hüquqlarını qoruyacağam".
Daha sonra FİFA-nın hazırkı prezidenti Yozef Blatter çıxış edib. O, ali futbol qurumunun son bir neçə gündə hamını silkələyən çovqunla üzləşdiyini söyləyib. Blatter baş verənlərə görə məsuliyyəti öz üzərinə götürüb. Bununla belə, isveçrəli funksioner "Sizinlə işə davam etmək xoş olardı. Bizə inqilab yox, təkamül lazımdır. Amma mən FİFA-nı təkbaşına güclü təşkilata çevirə bilmərəm. Artıq sabahdan təşkilatda ciddi dəyişikliklər etməyə başlayacağıq. Peşəkar futbol üzrə xüsusi şöbə yaradılacaq" deyib. Blatter korrupsiya ilə mübarizəyə böyük diqqətin ayrılacağını vurğulayıb.
Çıxışlardan sonra səsverməyə start verilib. Səsvermədə ümumilikdə 209 ölkənin milli assosiasiyası əlifba sırası ilə 2 qutuya bölünərək, hərəyə 1 səs verib. AFFA prezidenti Rövnəq Abdullayev də seçki qutusuna yaxınlaşaraq, seçimini edib. Ümumilikdə Avropadan 53, Afrikadan 54, Asiyadan 46, Şimali və Mərkəzi Amerikadan 35, Cənubi Amerikadan 10 və Okeaniyadan 11 səs veriib.
