
Almaniyanın Brandenburq şəhərində keçirilən kayak və kanoe üzrə Avropa çempionatının ikinci yarış günü 200 metr məsafəyə yürüşlərlə başlanıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçilərindən Valentin Demyanenko və Mirnazim Cavadov start xəttinə çıxıblar.
1 nəfərlik kanoe qayığında (C-1) yer alan Demyanenko elə ilk mərhələdəcə nəyə qadir olduğunu isbatlayıb. Zədəsini yenicə bərpa etmiş 4 qat dünya və 4 qat Avropa çempionumuz seçmə yürüşdə finişə 39,558 saniyəyə çataraq, birinci olub. Bununla da Demyanenko birbaşa əsas finala vəsiqə qazanıb. Həlledici yürüş iyulun 13-də Bakı vaxtı ilə saat 14:56-da olacaq.
1 nəfərlik kayak qayığı (K-1) ilə çıxış edən Cavadov isə seçmə yürüşdə 36,227 saniyə göstərici ilə 4-cü olub. Bu nəticə ilə təmsilçimiz iyulun 13-də keçiriləcək yarımfinal yürüşünə vəsiqə qazanıb. O, növbəti mərhələdə ilk "3-lüy"ə düşməyi bacarsa, elə sabah əsas finalda da iştirak hüququna yiyələnəcək.
Qeyd edək ki, Avropa çempionatının ilk günündə Azərbaycan millisinin üzvlərindən Sergey Bezuqlıy - Aleksey Kupin dueti 2 nəfərlik kanoe qayığı (C-2) ilə həm 1000 metr, həm də 500 metr, Nikolay Matviyçuk isə 1 nəfərlik kanoe qayığı (C-1) ilə 500 metr məsafəyə yürüşdə finala yüksəlib.