Fərid MƏMMƏDLİ
Nəhayət, Braziliyada futbol üzrə dünya çempionatı başladı. Və meydan sahiblərinin Xorvatiya ilə açılış oyunu söz-söhbətsiz ötüşmədi. Yaponiyalı baş hakimin təyin etdiyi penalti xeyli müzakirəyə yol açdı.
Penaltiyə səbəb olan Xorvatiya yığmasının oyunçusu Deyan Lovren oyundan sonra belə deyib: "Ən yaxşısı kuboku dərhal Braziliyaya verməkdir. Fikrimcə, yaxşı oyun keçirdik və göstərdik ki, 12 oyunçuya yox, Braziliyaya qarşı bərabər səviyyədə çıxış edə bilərik”.
Futbolçunun bu sözlərindən sonra dərhal yadımıza 2002-ci ildə keçirilən dünya çempionatı düşür. Həmin vaxt hakimlərin meydan sahibi olan Cənubi Koreya yığmasını tərəfkeşlik etdiyi və onların 4-cü yerə qədər öz gücləri hesabına gəlmədiyi deyilirdi. Hətta yalnız hakimlərin deyil, FİFA-nın da bu işdə barmağının olduğu bildirilirdi. İndi budur, çempionat təzə başlayıb, artıq hakimlər və yarışı təşkil edən qurum yenidən ittiham edilir. Həqiqətənmi FİFA belə bir iş tuta bilər?
Ümumiyyətlə, uzun müddətdir, braziliyalı Joao Avelanjın FİFA-ya prezidentlik etdiyi vaxtlardan bu qurumun adı müxtəlif vaxtlarda cürbəcür qalmaqallarda hallanıb. Bu qalmaqallarda həqiqət payın olduğunu istisna etmək olmaz. 1998-ci ildə FİFA-ya prezident seçkisi keçirilərkən, Yozef Blatterlə bərabər UEFA-nın o zamankı prezidenti Lennart Yuhanson da bu quruma namizədliyini vermişdi. Lakin Avelanj o zamankı FİFA-nın baş katibi Blatteri dəstəklədi. Təbii ki, Blatterin də bunun əvəzini qaytarmaq, yəni Braziliyaya yardımçı olmaq istəyini istisna etmək olmaz. Üstəlik, Avelanjın keçmiş kürəkəni, Braziliya Futbol Konfederasiyasının keçmiş sədri Rikardo Teyşera ilə olan dostluq münasibətlərini bura əlavə etsək, onda bu ehtimalın faiz nisbəti daha da artmış olar.
Lakin gəlin, hələ tələsməyək. Bir oyunda hakimin buraxdığı səhvə görə aləmi qatmaq olmaz. İndi artıq 2002-ci il deyil. Blatter əvvəlki kimi sərbəst hərəkət edə bilməz. Həm də Qətərə keçiriləcək dünya çempionatının rüşvətlə alınması ittihamlarının olduğu bir vaxtda inanmıram ki, bu "qoca qurd” belə risk etsin. Futbol elə-belə, gözdən iraq, sadə oyun deyil. Futbola çempionatda çıxış edən nüfuzlu dovlətlərin başçıları baxır. Onlar ölkələrinə qarşı hər hansı haqşızlıq görsələr, buna səssiz qalmazlar. Necə deyərlər, adamın gözlərini ovarlar.