
Azərbaycanın şahmatçı qadınlardan ibarət milli komandasının kapitanı, Sumqayıt bələdiyyəsinin sədr müavini Zeynəb Məmmədyarovanın Sportnet.az-a müsahibəsi...
- Milli komandamızın hazırlıq səviyyəsi barədə nə deyə bilərsiniz?
- Belə qiymətləndirərdim: ortadan bir az yuxarı. Mənə elə gəlir ki, təqribən 3 ilə daha yaxşı olar. Digər tərəfdən, fikrimcə, 2016-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasına xüsusi hazırlaşmaq lazımdır.
- Adətən, kişilərdən ibarət yığmamızın daha güclü, qadın millimizin isə nisbətən zəif olduğu bildirilir. Bunu nə ilə əlaqələndirmək olar?
- Kişilərdən ibarət milli komandamızın demək olar ki, 3 üzvü son illərədək ilk "10-luq"da idi. Amma qadın millimizdə elə deyil axı... Bizim komandaya hər il təzə oyunçu gəlir. Təcrübəli oyunçular isə davamlı olaraq, qalmırlar.
- Niyə qalmırlar?
- Yəqin ki, davamlı olaraq yaxşı yer tuta bilmirlər. Ona görə...
- Elə məsələ də ondadır ki, nəyə görə bizim qadınlardan ibarət yığmamızda inkişaf yoxdur?
- Çünki qadınlarda komanda yarışı elədir ki, yüksək yerlərdən birini tutmaq üçün istər-istəməz hamı yaxşı oynamalıdır. Elə son olimpiadada 3 üzvümüz yaxşı oynadığı halda, 2-si pis çıxış etdi. Nəticədə yenə yer tuta bilmədik.
- Amma təkcə komanda yarışları ilə iş bitmir. Fərdi reytinq xarakterli turnirlərə də qatılmaz lazımdır...
- Az iştirak edirik, düz deyirsiniz. Ancaq mən fikirləşirəm ki, qadın yığmasına diqqət yetərincə deyil. Mən bu haqda Azərbaycan Şahmat Federasiyasında məsələ qaldırmışdım. Qadın yığmamızın üzvləri tələbə hazırlaşdırmaqla pul qazanırlar. Bu da onların peşəkar karyerasına həddindən artıq təsir edir. Təklif etmişdim ki, təqaüd elə bir məbləğdə olsun ki, qızlarımız tələbə hazırlaşdırmağa ehtiyac duymasınlar. Çünki onlar tələbə hazırlaşdırmasalar və iki il öz üzərlərində işləsələr, ilk "üçlüy"ə düşəcəklərinə inanıram. Biz əvvəllər 3 - 4-cü yerləri də bölüşmüşük, 5-ci yerlə də kifayətlənmişik. Bircə "üçlüy"ə girməmişik. Özü də peşəkar səviyyədə məşğul olmaya-olmaya.
- Fərdi yarışlara niyə qatılmırsınız: Pulunuz yoxdur, yoxsa başqa səbəb var?
- Yenə deyirəm: o gedilən yarışlarda da öz üzərlərində yaxşı işləyə bilmədiklərindən, yer tuta bilmirlər. Yalnız tələbə hazırlaşdırmaqla maddi vəziyyətlərini yaxşılaşdırırlar. O vaxtı özlərinə sərf eləsələr, federasiya onları təqaüd-maaşla təmin etsə, qızlarımız çox yaxşı olar. Çünki qızlarımızda birlik oğlanlardan daha çoxdur.
- Axı şəxsən Sizin ailənizdə maddi cəhətdən heç bir problem yoxdur. Yetərincə təmin olunmusunuz. Ailəniz də dəstək olur. Elə isə Siz öz imkanlarınız hesabına fərdi yarışlara niyə qatılmırsınız?
- Mən bu gün də tələbə hazırlaşdırıram.
- Səbəb nədir?
- Maddi vəziyyət istədiyim kimi deyil.
- Axı istəsəniz ailənizdən Sizə yarışlara qatılmaq üçün kömək edə bilərlər...
- Əlbəttə, kömək edə bilərlər. Lakin biz idmançıyıq. Qürurmuz buna yol verməz. Hərə öz pulunu qazanmalıdır. Belə fikirləşirəm.
- Qardaşınız Şəhriyar Məmmədyarov birdən-birə gəlib yüksək səviyyəli yarışlara dəvət almayıb. Ona da əvvəlcədən dəstək olub...
- Qadınlarda elədir ki, əlavə problemləri olur. Qadınlar daha tez ailə həyatı qururlar. Mən ailə qurandan 6 il sonra qardaşım evləndi. Uşaqlara da baxmaq lazımdır. Qadınlarınkı 20 yaşa qədərdir. O vaxta qədər ölkə onlara diqqət göstərməlidir. Ailə qurandan sonra hər şey çox çətin olur.
- Macarıstanlı qadın şahmatçı, bu yaxınlarda karyerasını başa vurmuş Yudit Polqar hətta kişilərlə birgə turnirlərdə iştirak edirdi...
- O qız ailə qurana qədər bütün məsələləri həll eləmişdi. Ancaq bizdə elə deyil. Belə bir şey deyim: xristian qadınları ilə müsəlman qadınları eyni yer tuta bilməzlər. Çüki xristian qadınları onsuz da həyatlarını yaşayırlar. Ancaq müsəlman qadınları həyatlarını yaşaya bilmirlər. Ona görə də ailə qururlar və vaxtından əvvəl ailə həyatı qururlar. Bu, lazımsız bir şeydir.
- "Həyat yaşaya bilmirlər" deyəndə nəyi nəzərdə tutursunuz?
- Yəni ki, onlar istədikləri kimi yaşayırlar, istədikləri insanla, məsələn, sevdiyi insanla bir evdə ola bilirlər. Onların mentaliteti də buna uyğundur. Amma Azərbaycanda, ümumən dünyada müsəlmanlarda belə deyil. Qız kimləsə tanış oldusa, görüşmək üçün onunla evlənməlidir. Bu da həmin şahmatçının karyerasına vaxtından əvvəl son qoyur.
- Yeri gəlmişkən, həyat yoldaşınız Sizin şahmatla məşğul olmağınıza şərait yaradır?
- Sözsüz. Bu, müzakirə mövzusu ola bilməz. Mənim həyatım necə gəlibsə elə də davam edir. Heç bir problem yoxdur.
- Yəni, bu, ailə qurarkən, Sizin kəsdiyiniz şərt olub?
- Yox, şərt deyəndə ki... Şərt də deyil. Qanundan daha önəmlidir. Çörək yemək kimi bir şeydir. Onu qırağa qoymaq olmaz. Nə də türklər demiş "söz konusu” deyil.
- Şahmat Sizin üçün neçənci ailədir?
- Şahmat mənim üçün birincidir.
- Hansına daha çox vaxt ayıra bilirsiniz?
- Ailə qurandan sonra nə qədər yoldaşıma bəs eləməsə də, hər ikisini eyni tutmağa çalışıram. Həm ora, həm bura. Yəni ki, ikisinə də vaxt ayırmağa çalışıram. Lakin vaxtından tez ailə qurmamalı, o vaxta qədər bütün məsələni həll etmək lazımdır. Məsələn, mənim qızım var. Onu dünyanın ən gənc qrossmeysteri edəcəyəm. O, ayılanadək, sevgi, oğlanla tanışlıq məsələsini anlayana qədər artıq dünya çempionu olacaq. Çünki mən bilirəm ki, bizim problemimiz nə olub.
- Belə başa düşdüm ki, tez ailə qurmağınızın əziyyətini çəkirsiniz...
- Hə də. Yəni, biz xristian deyilik ki, sevgilimizlə hansısa xarici ölkəyə yarışa gedək. Bizdə ata-ana bilsə ki, sevgilin var, artıq elçi gəlirlər və evlənirsən. Olmur axı. Bu da şahmatçı karyeranın sonu olur.
- İşinizdən də danışaq. Sumqayıt şəhər bələdiyyəsində ümumiyyətlə iş olur?
- Mən orada təşkilati işlərə baxıram. Yalnız təşkilati. Ona da vaxt tapıram (gülür). Hətta mən o vəzifəyə keçəndə, razılaşmışdıq ki, şahmatla orada da məşğul olum.
- Hazırda Bələdiyyələrin bəzi problemləri var. İcra Hakimiyyəti ilə torpaq bölgüsü məsələsi var...
- Bu, həmişə olub.
- Sumqayıtda necə tənzimlənir?
- Azərbaycanda necədirsə, Sumqayıtda da elədir. Bizdə bələdiyyə yetərincə püxtələşməyib, başqa ölkələrdəki kimi deyil. O həddə çatanadək müəyyən problemlər ortaya çıxacaq.
- Bəs bu problemlə bağlı məsələ qaldırmısınız? Hər halda tanınmış idamnçı kimi Sizin də sözünüzə önəm verərlər...
- Yox. Düzü, demirəm. Çünki sözü elə yerdə deməliyəm ki, qulaq assınlar, əməl eləsinlər. Mən danışacağamsa və bir dəyişiklik olmayacaqsa, danışmaram.
- Sizin kifayət qədər yüksək vəzifəniz var...
- Yenə deyirəm, mənim orda işim sırf təşkilatçılıqla əlaqəlidir. O da yaxşı gedir. O sahədə heç bir problem yoxdur. Orada nəyisə eləyə bilərlər. Ancaq bu, bələdiyyənin ümumi fonunda təsir etməyəcək.
-Təşkilati iş deyəndə nəyi nəzərdə tutursunuz?
- Bələdiyyənin yarışları, bütün idman növləri üzrə keçirilən turnirlər, tədbirlər, bələdiyyə işçiləri, məhəllə komitələri, seçkilər...
- Builki yarışlarınız qurtardı?
- Yox, hələ var. Noyabrda Qətərdə fərdi turnir olmalıdır. O qədər güclü yarışdır ki, dəvətlilər arasında ən aşağı reytinqlisi mənəm. Sevinirəm ki, ora gedəcəyəm və reytinqimi qaldrmaq şansım olacaq.
- Xüsusi dəvətlə gedirsiniz?
-Bəli. Mən, bacım, yəqin ki, qardaşım da orada olacaq.
- Sizcə, şahmat yığmamızda legionerə ehtiyac var?
- O legionerə verilən pul bizim şahmatçılara ayrılsa, 2016-cı il olimpiadasında əla nəticə gözləmək olar və buna haqları da olar.
- Gürcüstanda da qadın şahmatına elə də pul ayırmırlar. Lakin daha yaxşı nəticə göstərirlər?
- Niyə vermirlər? Verilir. Özü də SOCAR verir (gülür).
- Mən onların federasiyasında olmuşam. Köhnə SSRİ-dən qalma bir yerdir...
- Düzdür, bizdəki kimi şəraitləri yoxdur. Lakin orada maddi vəziyyət yaxşıdır.
- Bizdə onlarla müqayisədə vəziyyət lap aşağıdır?
- Bizdə çox aşağıdır, çox. Bizdə milli komandaya çox qəribə baxırlar. Yalnız komandamız yer tutanda sevinirlər. Amma şahmatçıları o yerə hazırlamaq üçün çalışmaq yoxdur. Mən federasiyadakılara demişəm: Siz nəticənin olmasını istəyirsinizsə, bunun üçün çalışmaq lazımdır. Vətəni mən sevirəmsə, siz də sevirsiniz də. Mən durduğum yerdən nəticə verə bilmərəm, dayaq lazımdır. Təkcə mənə deyil. Uzun illərdir ki, şahmat yığmamızın kapitanıyam. Mənə cəmi 500 manat, digər şahmatçılara 200 manat verilir. Bununla necə... Yəni, gülməli rəqəmdir. Çox gülməli rəqəmdir.
Şəfiqə ELMANQIZI