![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739526607_ha.jpg)
Sərbəst güləş üzrə 3 qat dünya və 4 qat Avropa çempionu, ikiqat olimpiya mükafatçısı Hacı Əliyev Paris-2024 Yay Olimpiya Oyunlarından sonra idmançı karyerasını başa vurub. Sportnet.az xəbər verir ki, titullu pəhləvan Teleqraf-a geniş müsahibəsində bir çox məsələlərdən danışıb, maraqlı açıqlamalar verib...
"Yaponiyalı güləşçi mənim fəndimlə dünya çempionu oldu"
- Güləşçi karyeranızı bitirdikdən sonra həyat necə davam edir: Güləş üçün darıxmırsınız?
- Peşəkar idman həyatına öyrəşəndən sonra karyeramı bitirdim. Milli komandadan və komanda yoldaşlarımdan ayrı düşmək məni darıxdırır. Amma uzun müddət güləşdiyimdən, bu, mənə bəs etdi. Sözsüz ki, keçmiş günlərə baxdıqda rahat və sakit həyat yaşayıram. Nə stres, nə həyacan var. Fikrimcə, idman həyatımda lazımi yeri kifayət qədər doldurmuşam. Ona görə idmansız qalmaq o qədər də narahatlıq yaratmır. Lakin yenə də çalışıram ki, idmansız qalmayım. Bəzən milli komandanın məşqlərinə və digər cəmiyyətlərə qoşuluram. Hansı işdə olsam da, mənə doğma yer güləşdir. Çalışıram ki, hər zaman milli komandanın və bütün güləşçilərin yanında olum.
- Milli komandanın sabiq kapitanı kimi hazırki gənclərə necə dəstək olursunuz?
- Uzun illər kapitan olduğumdan, milli üzvləri mənim üçün darıxırlar. Məşqə gedən kimi hərəsi məni bir yerə "dartır", nə isə öyrənmək istəyir. Ona görə də fərq qoymuram. 55 kq-dan 125 kq-dək bütün pəhləvanlara əlimdən gələn dəstəyi göstərirəm. Ola bilər ki, uzun müddətdir millidədirlər, amma mən və digər olimpiya çempionlarının dəstəyinə hər zaman ehtiyacları var. İstəyirəm ki, gənclərimiz mənim üslübumda güləşsinlər. Çünki keçmiş illərə baxdıqda güləşin üslubu dəyişib. İndi daha sürətlidir, daha texnikalıdır. Fikrimcə, mənim üslubumda kimsə güləşsə, böyük uğur qazanar. Məsələn, sonuncu yaponiyalı Masanoske Ono ötən il Albaniyanın paytaxtı Tiranada mənim fəndimlə dünya çempionu oldu. Vaxtilə özüm də eyni fəndlə bu titulu qazanmışdım. Bu gün hansısa yapon o fəndi öyrənib çempion olur. Mənə də maraqlıdır ki, necə olur, dünyanın o başında yaponlar bunu istifadə edir, bizim idmançılar tətbiq etmir? Çalışıram ki, öz idmançılarımız da bu üslubda güləşsinlər.
- Müasir güləşçilərin öyrənmək imkanı əvvəlki zamanlardan daha əlçatandır. Necə düşünürsünüz, güləşi öyrənmək onlara, yoxsa sizə daha çətin olub?
- İndi daha asandır. Azərbaycan Güləş Federasiyasının yaratdığı şərait göz önündədir. Əvvəllər bu qədər diqqət yox idi. 2000-ci illərdə mən Naxçıvandan Bakıya gələndə fərqli dönəmlər idi. İdman zalları, maddi şərait çətin idi. İndi isə təlim-məşq toplanışı, güləşçilərin qidası və vitaminləri, qalmaları daha rahatdır. Əvəllər bizim yanımızda olimpiya çempionları məşq etmirdi. Bu gün milli komandada Cəbrayıl Həsənov, Arif Abdullayev, Nazim Əmircanov və Toğrul Əsgərov kimi titullu məşqçilərimiz işləyir. Bundan mütləq istifadə etməlidirlər.
"Məktəbə getməsəm də, iki universitet bitirdim"
- Hacı Əliyevdən nümunə alaraq güləşdə olan çox adam var. Bəs öz qohumlarınızdan güləşə gələn olubmu?
- Mən güləşə yeni gələndə tam fərqli düşüncələr var idi. İlk dönəmlər qohumlarda “niyə güləş?” tərəddüdü hökm sürürdü. Ailəm evi satıb güləşə gələndə çox adam düşünürdü ki, bunu niyə edib? Həm riskdir, həm də təhsildə zəif qalırdıq. Bu da bizi istəyən qohumlarda narahatlıq yaradırdı. Şükür ki, bu yolda böyük uğurlar qazandım. Məktəbə getməsəm də, iki universitet bitirdim. Bu nəticələrdən sonra qohumlarımızda da güləşə həvəs yarandı. Sözsüz ki, çox adam mənim çempion olmağımı görür. Amma onun içinə girib o çətinliyi hiss etmək hamıya çətin olar. Bir ara bir-iki qohumum övladını güləşə qoymaq istədi. Lakin bu əziyyətinə görə yaxınlarımdan heç kim güləşə gəlməyib. Bir şeyi də qeyd edim ki, oğlum olsa, istəməzdim güləşçi olsun. Çünki onun çətinliyini görmüşəm, razı olmaram. Kimlərsə mənə baxıb güləşə gəlirsə bu, böyük işdir. Əziyyətsiz heç nə yoxdur. Qohumlarımızdan güləşçi çıxarsa, hamıya olduğu kimi, sevə-sevə köməyimi göstərərəm.
- Dediniz ki, oğlunuz olsa, güləşə qoymaq istəməzsiniz. Amma qızlar üçün də güləş var...
- Bir neçə il əvvəl də demişdim ki, güləşi qadına yox, kişiyə yaraşdırıram. Bu, bir neçə xanım güləşçimizə təsir etmişdi. Amma heç kəsə şamil etmirəm. Fikrimcə, Azərbaycan qadını daha fərqli görünməlidir. Qapalı geyinməli olduqları başqa idman növlərini seçə bilərlər. Güləş isə açıq geyimdir. Buna baxmayaraq, bu gün bizim güləşçi xanımlarımız var ki, böyük uğurlar qazanıblar. Mariya Stadnik əslən Ukraynadan olsa da, böyük uğurlar qazanıb. Qadın idmançılarımız da var ki, dünya və Avropa çempionlarıdır. Heç vaxt qızımı güləşə qoymaram. İdmana həvəsi olsa belə, heç vaxt peşəkar idmançı etmərəm. Çünki qadın üçün daha yaxşı sahələr var. Toğrul Əsgərov hazırda qadınlardan ibarət milli komandada işləyir. Sabah mənə də ehtiyac olsa, öz dəstəyimi göstərəcəyəm. Bu, o demək deyil ki, qadın güləşçilər düz seçim etməyiblər. Sadəcə, bu, mənim şəxsi fikrimdir.
- Oğlunuz olsa, hansı idman növündə görmək istərdiniz?
- Oğlum olarsa, istəyərəm ki, futbolçu olsun. Peşəkar idman çox çətindir. Bunun üçün çox şeydən keçmək lazım gəlir. Bu gün təhsil önəmlidir, amma peşəkar idmançı həyatı ilə təhsil üst-üstə düşmür. Bir uşaq 15 yaşında milli komandaya düşürsə, xaricdə təlim-məşq toplanışına getməli olduğundan, təhsilinə çox vaxt ayıra bilmir.
- Sizcə, təhsili qurban vermək lazımdır, yoxsa şərait yaradılmalıdır?
- Onsuz da şərait yaradılır. Milli komandaya düşdükdə məktəb və universitetdən icazələr alınır. Şərait yaradılır, amma uzaq qalırsan. Bir idmançı gündə iki dəfə məşq edirsə, hansı saatda məktəbə gedə bilər? Hər kəsin seçimi var. Oxuyub başqa sahədə olmaq istəyirsənsə, başını aşağı salıb onunla məşğul olmalısan. İdmanda isə zədələr, yarışlar, məğlubiyyətlər var. Düşünürəm ki, idman ən çətin peşədir, ona görə kim hansı yolu seçirsə, sona qədər getsin. Bəzən insanlar məğlub olur, sonra bu üzdən idmanı buraxırlar. Amma bu, heç kəsi qorxutmamalıdır. Məğlubiyyət "bacarmıram" demək deyil.
"Cənab Prezident mənə tövsiyə etdi ki, karyeramı hələ bitirməyim"
- Təhsildən uzaq düşdüyünüzü desəniz də, idmançı kimi natiqliyiniz yaxşı səviyyədədir. Bu, hardan qaynaqlanır?
- Dördüncü sinfə qədər Naxçıvanda rus sektorunda oxudum, Bakıya gəldikdən sonra isə Azərbaycan sektorunda təhsilimə davam etdirdim. Məndə bacarıq var idi, idmanda olmasaydım, yaxşı oxuyardım, yaddaşım güclü idi. Uğur qazanmağa başladığım 2012-2013-cü illərdə Heydər Əliyev beynəlxalq aeroportunda bizi qarşılayır və müsahibə alırdılar. İlk vaxtlar kameraların hərəsi bir yandan gəlir, 10-15 jurnalist sual verirdi. Mən də bilmirdim ki, nə cavab verim. Özümü itirirdim. Bir müddət sonra danışdıqca nitqim düzəldi. Uşaqlıdan həm də musiqiyə marağım olduğundan, tez-tez bəzi musiqi kitablarını oxuyur, müəyyən xalq mahnılarını əzbərləyirdim. İdmandan ayrı o istiqamətdə də həvəsim olub. Dəhşətli dərəcədə savadım olmasa da, savadlı nitqim oradan qaynaqlanır. 2017-ci idə dünya çempionu olanda Abşeron Olimpiya İdman Kompleksi inşa olunmuşdu. Cənab Prezident İlham Əliyev açılışa gələcəkdi. Mənə dedilər ki, sən çıxış etməlisən, götür bu vərəqi, əzbərlə. Sözsüz ki, o cür çıxışı əzbərləyə bilməzdim, buna uyğun danışacağımı dedim. Həyəcan olur, insan özünü itirir. Sonralar öyrəşdim.
- Prezident İlham Əliyevlə bir neçə dəfə görüşmüsünüz. Aranızda qeyri-rəsmi, maraqlı söhbətləriniz olub?
- 2022-ci ildə bizi Avropa çempionatından sonra qəbul etdiyi vaxt cənab Prezidentlə maraqlı dialoqumuz olmuşdu. İdmançı sayı çox idi. Mən də söz verildiyini bilirdim, amma çıxışımdan sonra cənab Prezidentin o reaksiyasını gözləmirdim. 2017-ci ildə də bizim danışığımız olmuşdu. Həmin il Prezident təqaüdünə layiq görüldüyümdən, o görüşümüzdə dövlət başçısına təşəkkürümü bildirdim. 2022-ci ildə şəkil çəkdirib, sağollaşanda cənab Prezident getdiyi anda dayanaraq, təqaüd barədə fikrini bildirdi. Dedi ki, 3 dəfə dünya çempionu olmaq, bir dəfə olimpiya çempionu olmağa bərabərdir. Tokio-2020 Yay Olimpiya oyunlarından sonra karyeramı bitirəcəkdim. Bunu da bir-iki yerdə qeyd etmişdim. Bizimlə görüş zamanı məlum oldu ki, bundan cənab Prezidentin də xəbəri var və mənə tövsiyə etdi ki, karyeramı hələ bitirməyim. Bu da bir idmançı olaraq məni çox sevindirdi. Yəni, bu qədər işlərin qarşılığında mənim haqqımda da nəyisə bilməsi qürurverici idi. İdmançılarımız da gərək, bu cür diqqətin qarşılığında yaxşı nəticələr əldə etsinlər.
- Tokio-2020 olimpiadasında qızıl medal olmamışdı. Gümüş və bürünc medalların əksəriyyətini isə təcrübəli idmançılar qazanmışdılar. Bunu Prezident İlham Əliyev də vurğulamışdı. Qızıl medal ümidi ilə yanaşılan idmançılardan biri də siz idiniz. Nə baş verdi ki, olimpiya çempionluğuna çox yaxın olduğunuz vaxtda gümüş medalla kifayətlənməli oldunuz?
- Həmin vaxt gənc idmançılarımız nəticə vermədilər. Olimpiada - həyacanlı yarışdır, başqaları ilə nisbətdə daha streslidir. O qədər təcrübəli olmalısan ki, Olimpiya Oyunları sənə Avropa çempionatı kimi görünsün. Həmin olimpiadada Rafael Ağayev, İrina Zaretska və mən ikinci yeri tutduq. Üçümüz də son anda məğlub olduq. Yəni, böyükhesabla uduzmaq da ola bilərdi, amma qələbəni son saniyələrdə əldən verdik. Düşünün ki, Vətənə 3 qızıl medalla da dönə bilərdik. Düzdür, bu da böyük uğurdur. Amma qızıl medal ayrıdır, onun sorğu-sualı olmur. Ən çox "niyə uduzdun?", "niyə ikinci oldun?", - deyə soruşulur. Bizim şansımız gətirmədi. Son olimpiya oyunlarında gənc idmançılarımız daha yaxşı çıxış etdilər. Hansı ki, bəziləri Tokio-2020 Yay Olimpiya oyunlarında uğurlu nəticə göstərə bilməmişdilər. Məsələn, Həsrət Cəfərov və s. kimi gənclər yetişir. Lakin olimpiada ab-havası daha fərqlidir. Zəiflik yox, bəlkə də təcrübəsizlik səbəbindən idmançılarımız yaxşı nəticə göstərmədilər. Bu, sərbəst güləşçilərimizə də aiddir.
"Məşqçi olsaydım, haqsızlığa qarşı sona qədər mübarizə aparardım"
- Bəzən görüşləriniz zamanı xeyli aqressiv olursunuz. Bu, xüsusən, hakim qərarlarına münasibətdə özünü göstərir. Tokio-2020 olimpiadasının finalında da belə hal baş vermişdi...
- Aqressivlik olur, amma xalça üzərində bu, düzgün deyil. Gənc idmançıların da mənə baxıb o şəkildə çıxış etmələrini istəmərəm. Hakim haqsızlığı ilə dəfələrlə rastlaşmışam. Mənə qarşı bilmirəm niyəsə, hər zaman bu haqsızlıq olub. Tokio-2020 olimpiadasının finalında yaponiyalı Takuto Otoquro bir neçə dəfə barmağını gözümə saldı, halbuki buna icazə yoxdur. Üçüncü dəfə olanda mənə bir xal verildi və o xal tabloya yazıldı. Tabloda hesab 2:1 rəqibin xeyrinə oldu. Amma bir neçə saniyə sonra o xal silindi və ona baxan olmadı. Baş məşqçimiz Namiq Abdullayev buna etirazını bildirsə də, baxan olmadı. Görüşün sonlarında da düşünürük ki, mənə xal verilməli idi. Lakin çelencdən sonra əleyhimizə qərar verildi və daha bir xal geri düşdüm. Görüşü isə hakim səhvləri üzündən 4:5 hesabı ilə uduzdum. Bəlkə başqa ölkədə olsaydı, tamam başqa qərar ola bilərdi. O görüşdə hakim rəqibə kömək etməklə dəstəyini göstərdi. Hətta bir epizodda Otoquro heç bir hadisə baş vermədən yorulub gözünü tutdu. Bununla da hakimlər görüşü 30-40 saniyə dayandırdılar. Artıq o müddətdə dincələn idmançının düşüncəsi, enerjisi başqa cür olur və sürətli hücum edir. Yaponiyalı idmançı hakimləri aldadıb həkimləri çağırmasaydı, tamam fərqli görüş baş tuta bilərdi. Bu da bir qismətdir. Biz nə qədər danışsaq da, gecdir. Sadəcə hər zaman demişəm ki, hakimlik elə peşədir ki, qərar verirsən. Qərar vermək isə kiminsə taleyini həll etmək deməkdir. Səhv qərarla bir idmançının neçə illik əziyyəti itə bilər. Bu zaman daha bir il də çalışmalı olursan ki, hədəflədiyin nəticəni verəsən. Bəzi hakimlər düşünür ki, kimisə uduzduqmaqla böyük iş görürlər. Ola bilər ki, belə hərəkətin bu dünyada sorğu-sualı olmur. Məncə bu, haqqa girmək deməkdir. Verdiyi qərarlar səhvdirsə, hakimlər üçün bu dünyada yaxşı olsa da, axirətdə onlara çətin olacaq.
- 2019-cu il Qazaxıstanda keçirilmiş dünya çempionatında da çox aqressiv görünürdünüz. Elə Rusiya təmsilçisi Hacımurad Rəşidova qarşı ilk qarşılaşmanızda hakimlərə ciddi şəkildə etiraz etdiniz, sizə göstərilən qırmızı vərəqəni təpiklədiniz, ədalət təmsilçilərinin üzərinə hücum çəkmək istədiniz. Həmin döyüşü necə xatırlayırsınız?
- Hər zaman çalışmışam ki, gənc güləşçilərimizə yaxşı nümunə olum. Onlar mənə baxıb güləşə gəlirlərsə, pis hərəkətimi görmələrimi istəməzdim. Həmin görüş dünya çempionatında ilk qarşılaşmam idi. O idmançını bir neçə dəfə məğlub etmişdim. Amma doğrudan da çox güclü rəqiblərdən idi. Görüş zamanı işlətdiyim fəndə görə həm orta, həm də yan xətt hakimləri xalı mənə vermişdilər və tabloya 2 xal yazılmışdı. Video-təkrara dəfələrlə baxıldı və görüldü ki, Rəşidov xalçadan kənara çıxır və kürəyini yerə qoyur, mən isə ondan sonra çıxıram. Lakin yuxarıdan baxılır və rəqibə heç bir əlaqəsi olmadan xal verilir. Halbuki ona xal düşmürdü. Ola bilər ki, 3 hakimdən biri fərqli qərar verssin, onda qərar müzakirə olunur. Amma 3 hakim mənim lehimə qərar verir, sonra isə tablodan xal silinir və Rusiya təmsilçisinin lehinə qərar verilir. Dünya çempionatı idi və orada Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmalı idim. İlk görüşdə məğlubiyyət bu şansları azaldırdı. Mən də hakimlərə ona görə əsəbiləşmişdim. Məşqçilərimiz məni sakitləşdirmək istədilər. Amma mən məşqçi olsaydım və hansısa güləşçimizə qarşı belə haqsızlıq edilsəydi, qırmızı vərəqəni gözə alıb, haqsızlığa qarşı sona qədər mübarizə aparardım. Çünki milli komandanın 3 məşqçisi var, biri cəzalansa belə, başqa məşqçi var. Məni sakitləşdirməklə, böyük iş görmədilər. Düzgün şəkildə haqqı tələb etmək lazım idi. Orada düşmən ölkənin məşqçiləri də mənə yaxınlaşıb dedilər ki, biz belə şey görməmişdik, orada sənə xal verilməli idi. Ermənilər belə bunu dedilər. Mənə orda qırmızı vərəqə də verdilər, sonra federasiyamızın da müdaxiləsindən sonra o vərəqəni ləğv etdilər. Hansı idman növündə görüş zamanı “qırmızı” verilir, sonradan isə ləğv olunur? Onlar mənə qarşı elə bir haqsızlıq etmişdilər ki, sonradan bunu başa düşdülər. Əsas odur ki, Tokio-2020-yə sonrakı yarışda vəsiqə qazandım və olimpiadada Rəşidov üçüncü, mən isə ikinci oldum. Qazaxıstanda məndən yuxarı yerləri tutan bir neçə idmançı Yaponiyada məndən geridə qaldılar, mən yenə də öz gücümü oluimpiadada göstərdim. Haqsızlıq da bir yerə qədər olur. İstərdim ki, idmançılarımız belə haqsızlıqlar görəndə məyus olmasınlar, sona qədər mübarizə aparsınlar.
- Baş məşqçiniz Saypulla Absaidov dünya çempionatından öncə istefa vermişdi...
- Bəli, mundiala köməkçi-məşqçilər Arif Abdullayev və Zəlimxan Hüseynovun rəhbərliyi altında yollanmışdıq. İstəməzdim orada özümü tək hiss edim. Ən azından dəstək ola bilərdilər. Azərbaycanı özbaşına təmsil etmirəm, komanda yoldaşlarım, federasiya, məşqçilər və s. var. Orada gücümüzü göstərməyimiz lazım idi. Amma ortada qalan, qırmızı vərəqə alan tək mən oldum. Etdiyim bəzi hərəkətləri istəmərəm güləşçilər etsin. Lakin düşünürəm ki, orada səhv addım atmamışam. Harda haqsızlıq varsa, orada etirazımı bildirmişəm.
- Sizcə, hansı idman növündə haqsızlıq daha çox olur?
- Mənə elə gəlir, futbolda. Çünki təkmübarizəli idman növlərində 3 hakim görüşü rahat idarə edə bilər. Amma futbolda meydançada həmin epizodu görməməsi də mümkündür. Hazırda VAR sistemi tətbiq olunur. Buna baxmayaraq, yenə səhv edirlər. Hakim səhvləri ilə daha çox Türkiyə çempionatında rastlaşırıq.
"Güləşdə Ronaldu kimi qalmaq çox çətindir"
- Olimpiadalar zamanı və ya digər mötəbər turnirlərdə daha məşhur idmançılarla görüşmək istəyiniz olubmu?
- Futbolda, sözsüz ki, Kriştianu Ronaldunun böyük həvəskarı, azarkeşi olmuşam, onun oyunlarının demək olar ki, heç birini buraxmamışam, televiziya vasitəsilə izləmişəm. Sadəcə, onunla görüşmək kimi bir istəyim olmayıb. 3 dəfə olimpiyada iştirak etmişəm. Məşhurlardan üzgüçü Maykl Felps ilə atletlər kəndində görüşmüşük, amma şəkil çəkdirmək həvəsində olmamışam. Rio-2016 olimpiadasında braziliyalı futbolçuları, o cümlədən, Neymarı görmüşəm. Orda da görüşüb şəkil çəkdirmək marağında olmamışam. Bəzi insanlar var ki, idmanda deyillər, böyük uğur qazanmayıblar deyə, onlar üçün uğurlu insanlar tam fərqli olur, görmək istəyirlər. Düzdür mən idmanda Kriştianu Ronaldu, Lionel Messi kimi məşhur deyiləm, amma mən düşünürəm ki ölkəm, ölkəmin adı üçün yetərincə nəticə qazanmışam, öz çərçivəmizdə yetərincə yerimi tutmuşam. Məni öz ölkəmdə sevilmək, öz ölkəm maraqlandırır. Belə deyək, 10 milyon insanın içində 100 idmançı varsa, 100-dən biri mənəmsə, seçilirəmsə, tanınıramsa, bu, mənim üçün böyük uğurdur. Sözsüz ki, nəinki cəmiyyət, Prezident tərəfindən sevilirsənsə, tanınırsansa mənim üçün bəs edir. Yenə deyirəm, bütün nəticə qazanan idmançılara hörmətimiz var: istər yerli, istər əcnəbi olsun. Sözsüz ki, qonaq getmək-qonaq çağırmaq, görüşmək şansları yaransa, istəyərəm. Amma bunların heç birinin həvəsində olmamışam.
- Hərdən Kriştianu Ronalduya həsəd aparmırsınız ki, hazırda 40 yaşında olsa da, formasını qoruyur, demək olar ki, hər oyunda qollar vurur? Baxmayaraq ki, milyardları var...
- Bu adamın ən böyük işi budur ki, öz rejiminə və yeməyinə fikir verir. Həyat tərzi tam fərqlidir. Bütün növlərdə idmançılar 30 yaşınadək enerjili olurlar. Rejimləri olmasa belə, özlərində o enerjini hiss edirlər. Artıq 30 yaşdan sonra çətinliklər başlayır. Cəldlik, sağlamlıq və istək azalır. Bu, uğur qazanan idmançılarda daha çox alınır. 30 yaşınadək uğur qazanırsansa, artıq doyursan. İnsanın özünə bunlar bir yerə qədər bəs edir. Ronaldunun indiyədək belə bir rejimdə qalması, futbola sevgisini bu idman növünün fərqli sahə olması ilə əlaqələndirərdim. Güləşdə və ya digər fərdi idman növlərində bu, çox çətindir. Çünki qarşındakı idmançının gəncliyi, sürəti, istəyi tamamilə fərqli olur. 22 yaşında 40 yaşlı yaponiyalı rəqiblə qarşılaşırsansa, nə qədər güclü olursan-ol, rəqibin fərqlidir. Futbolu isə 11 nəfər oynayır, yəni, yanında sənə kömək edən komanda yoldaşların olur. Ronaldunun 40 yaşındakı çıxışı ilə 20 yaşındakı oyunu və sürəti eyni deyil. Bu gün qol vura bilər, amma "Əl-Nəsr"də "Real Madrid"dəki oyununu göstərmir. Sürəti də həminki deyil. 40 yaşında buraxdığı səhvi isə digər 10 oyunçu sığortalaya bilir. Lakin o, fərdi idman növündə səhv etsə, məğlub olacaqdı. Futbol tam fərqlidir. Canluici Buffon 40 yaşından sonra da qapıçı idi. Onun peşəkarlığından əlavə, komanda yoldaşlarının da dəstəyi vacib idi. Komandada yaşlı idmançıların olması həmin insana kömək edə bilər. Amma fərdi yarışda bu, çox çətindir.
- Karyeranız ərzində əsas hədəfiniz nə olub?
- Sözsüz ki, dünya və olimpiya çempionu olmağı hədəfləmişdim. Düzdür, 3 dəfə dünya çempionu olmuşam. Amma güləşə gəldiyim vaxt dünya çempionatlarına qatılmağımın özü mənim üçün çox böyük zirvə idi. 2013-cü ildə ilk dünya çempionatında iştirak etdiyim vaxt çox həyəcanlı idim, pis çıxış etməmişdim. Amma məğlub oldum. Sanki yarışın adı belə, məni qorxudurdu. Belə düşünə-düşünə bir ildən sonra isə dünya çempionu oldum. Həmin vaxt anladım ki, hansısa yarışa qatılırsansa, orada ən yüksək nəticə üçün mübarizə aparmaq lazımdır. Azərbaycan güləşi tarixində çox böyük nəticələr vermişəm, amma bunları heç vaxt gözləmirdim. Tarixən çempionlarımız çox olub, lakin heç bir sərbəst güləşçi 3 qat dünya çempionu ola bilməyib. Bunu əldə etmək böyük uğurdur. Düşünmürdüm ki, bu qədər nailiyyətim olar bilər. Lakin bunların heç biri təsadüfi deyil. Əziyyət, istək daha öndə olur.
"Firdovsi Umudov şanslı mütəxəssis, şanslı insandır"
- Karyeranızı bitirmək istəyinizi əvvəllər də dilə gətirmişdiniz. Paris-2024 Yay Olimpiya Oyunlarında medalsız qaldığınızı və digər amilləri nəzərə alaraq, bu addımı həmin vaxt atmalı olduğunuzu düşünmürsünüz?
- Əslində 2021-ci ildə keçirilmiş Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra karyeramı bitirmək istəyirdim. Olimpiadadan sonra bir neçə ay istirahət etdim. Ardından həm atam, həm şəxsi məşqçim, həm keçmiş güləşçi qardaşım Yaşar Əliyev, həm də milli komandanın məşqçilər heyəti ilə bir araya gələrək düşündük ki, daha bir olimpiadada güləşmək olar. Əlbəttə, əziyyətli və çətin olacağını bilirdim. Peşəkar idmanda insana zədələr daha çox mane olur. Məndə də belə hallar tez-tez olurdu. Bunlar özümdən asılı deyildi. Özüm də gözləmədiyim məqamlarda zədələnirdim. İdmançı var ki, 25-26 yaşında heç nə alınmır. Bir çox olimpiya çempionumuz - Fərid Mansurov, Elnur Məmmədli, Toğrul Əsgərov karyeralarını erkən yaşlarında başa vurublar, 30 yaşa çatmadan bu qərarı veriblər. Mən onları qınamıram. Fərid Mansurovun 2010-cu il Bakıdakı Avropa çempionatı vaxtı çənəsi sınmışdı. Elnur Məmmədli və Toğrul Əsgərov da zədələrə görə aktiv idmandan kənarlaşdılar. Mən də belə zədələri görmüşəm, ağır əməliyyatlar keçirmişəm. Bununla belə, düşündüm ki, bir olimpiadada da iştirak edim. Lakin Paris-2024 sonuncu böyük yarışım idi. Yaxşı ki, qaldım. 2022-ci il Avropa çempionatında gümüş medal qazandım, 2023-cü ildə dördqat Avropa çempionu oldum. Hazırda istər yunan-Roma güləşi, istərsə də sərbəst güləşdə dördqat Avropa çempionumuz yoxdur. Düşünürəm ki, qalmağım daha bir tarixə yol açdı.
- Milli komandada yenə Firdovsi Umudov çalışsaydı, Paris-2024-də də medal qazana bilərdiniz?
- Firdovsi müəllimin çalışdığı dönəmlərdə həqiqətən də yaxşı nəticələr əldə etmişəm. Birlikdə üçüncü dəfə dünya çempionu olmuşuq, Vətənə üçüncü olimpiya medalını gətirmişik, Avropa çempionluqlarımız olub. Ümumiyyətlə, bütün məşqçilərin dönəmində yaxşı nəticələr qazanmışam, lakin Firdovsi müəllimin dönəmində nailiyyətlərim daha çox oldu. Elə məşqçilər var ki, nəticələri idmançı dönəmindən yaxşıdır. Bir sözlə, şanslı məşqçidir. Umudov da bu cür şanslı və təcrübəli məşqçi idi. 2005-ci ildə yeniyetmələrdən ibarət milli komandamızdan başlayaraq, əsas yığmayadək uğurlu yol keçdi. "İnsanın ayağında şans var" deyimi var. Düzdür, qələbəni verən də, alan da Allahdır. Lakin şanslı idmançı və şanslı məşqçi anlayışları da mövcuddur. Bu gün Firdovsi Umudov Azərbaycan Ağırlıqqaldırma Federasiyasında vitse-prezident vəzifəsində çalışır. Ora gedəndən sonra Dadaş Dadaşbəylinin timsalında Avropa çempionu və dünya vitse-çempionu var. Ola bilər ki, Dadaşbəylinin əziyyəti daha böyük, federasiyanın fəaliyyəti isə bir qədər fərqli istiqamətdə olsun. Lakin Firdovsi müəllim şanslı mütəxəssis, şanslı insandır, əziyyətləri idmanda, xüsusən güləşdə çoxdur. Bu gün Azərbaycan Güləş Federasiyasında fəaliyyət göstərmir, amma biz birlikdə uzun müddət çalışmışıq. Məşqçi və insan kimi ona hər zaman hörmətimiz var. Bu gün də əlaqədəyik, danışırıq. Paris-2024 olimpiadasından əvvəl də danışırdıq, sonra da ünsiyyətdə olduq. Peşəkar və öz işini sevən insandır. Firdovsi müəllimin olması milli komandanın təlim-tərbiyəsinə böyük təsir edirdi. Özü bu istiqamətdə daha çox iş görürdü. Ona daimi uğurlar arzulayıram.
- Xarici ölkələrdən təklifləriniz olubmu və nə vaxtsa Azərbaycandan gedə bilərsinizmi?
- Bu gün güləşdə böyük uğurlar qazanaraq, yüksək yerlərdə olduğumu düşünürəm. Çoxlu təkliflər gəlsə belə, ölkəmi tərk edib getmərəm. Bəzən hər şey pulla ölçülmür. Ola bilər, hansısa ölkədən mənə böyük pullar təklif olunsun. Amma bu gün bildiklərimi özümüzə yox, başqa ölkəyə vermək üçün getməyi düzgün saymıram. Əslində belə idmançılar, mütəxəssislər çoxdur. Amma mən belə edə bilmərəm. Fikrimcə, burada qalmaq, öz ölkəmin güləşçilərinə dəstək olmaq idman həyatımda daha böyük uğurum ola bilər. Bu diqqət və qayğını öz ölkəmdə görürəmsə, başqa ölkəyə getməyim həm səhv, həm də eyib olar. Düzdür, hazırda Azərbaycan Güləş Federasiyasında heç bir vəzifədə çalışmıram. Amma söz verilib. Yəqin ki, bu yaxınlarda hansısa işlə təmin olunacağam. Yenə də öz milli komandamızın yanında qalmaq, onlarla birlikdə çalışmaq mənim üçün ən vacib məsələdir.
"Nəticə qazanmış idmançılarımız ölənədək rahat yaşaya bilərlər"
- Sizcə, yüksək nəticəli idmançı öz karyerasını bitirdikdən sonra nə etməlidir: Məmur olmalıdır, məşqçi işləməlidir, yoxsa sadəcə, qazandığı pulları xərcləməlidir?
- Nəticəli idmançılara dövlət lazımi şəraiti yaradır. Mən adlar da çəkə bilərəm ki, onların hamısı dövlət işlərində çalışırlar. Onlar təqaüdə çıxanadək şəraitlərini qururlar. İstəsələr, dövlət işində çalışa-çalışa milli komandada da fəaliyyət göstərə, öz dəstəklərini verə bilərlər. Belə veteran idmançılarımız bu gün də var. Bu gün gəncik, iş görə biləcək yaşdayıq. Amma müəyyən yaşa gəldikdən sonra insan rahat, sakit həyat yaşamaq istəyir. Bu gün canımda güc varsa, 50 yaşadək məşqçi işləyərəm. Amma 60-70 yaşında - nəvələrlə oynayan vaxt da məşqçi işləmək həm yorucu, həm də bezdirici olardı. Veteran kimi zala girərək, məsləhətlər verə bilərsən. Lakin 70 yaşında ikən 35 yaşındakı kimi fənd göstərə bilməzsən. Nəticə verə bilməyən idmançıların şəraiti bu cür olmur. Onlar məşqçi kimi fəaliyyət göstərməyə çalışırlar. Onlar da həyatlarını belə davam edirlər. Nəticə qazanmış idmançılarımız isə ağıllıdırlarsa, əllərinə düşən imkanlardan düzgün istifadə edirlərsə, məncə, ölənədək rahat yaşaya bilərlər.
- Sərbəst güləşin hazırkı vəziyyəti, xüsusən, Paris-2024 Yay Olimpiya Oyunlarında finalın olmaması sizə acınacaqlı görünmür?
- Federasiyanın yaratdığı şəraitə baxsaq, daha çox nəticə verməliyik. Çünki güləşçilər üçün hər cür şərait mövcuddur. Daha əvvəlki illərə nəzər yetirdikdə isə görərik ki, Şərif Şərifov, Toğrul Əsgərov, Xetaq Qazyumov, Cəbrayıl Həsənov, Hacı Əliyev kimi güləşçilərdən ibarət çox gözəl heyətimiz var idi. Bu cür pəhləvanları yenidən bir araya gətirmək çətin məsələdir.
- Amma bu heyət öz-özünə yox, nəticələr verə-verə ortaya çıxmışdı...
- Razıyam, amma köhnə heyətin yerinə yenisinin gəlmə məsələsi də var. Bu gün heç kim deyə bilməz ki, şərait var, amma idmançılar yetişmir. Futboldan misal çəkim. "Barselona"nın 10 il əvvəlki heyətinə baxın. Bu gün də "Barselona"nın pulu var, amma o heyəti yoxdur. "Barselona"dan aldığımız o həzzi bu gün ala bilmirik. Çünki Messi, Ronaldinyo, Xavi, İnyesta yoxdur. Niyə bəs həmin şəraitin, pulun olduğu, bütün dünya futbol oynadığı halda daha da yaxşılaşdığı vəziyyətdə yeni Messi, Ronaldinyo, Xavi, İnyesta yetişdirilmir? Bu gün Messi və Ronaldu kimi ulduzlar karyeralarını bitirsələr, onları əvəzləyəcək futbolçular varmı? Mən görmürəm! Hamısı standart oyunçulardır. İndi bizdə də eyni vəziyyət yaranıb. Güləşçilərimiz var, Avropa və dünya çempionatlarında, hətta Yay Olimpiya Oyunlarında müəyyən nəticələr göstərirlər. Yəni, xırda nəticələr var. Amma böyük nəticələr göstərmək, böyük heyəti yenidən bir araya gətirmək çox çətin məsələdir. Buna illər lazımdır. Düşünün ki, üçüncü dəfə dünya çempionu olduğum 2017-ci ildən sonra sərbəst güləşdə nə yerli, nə də legioner səviyyəsində planetin ən güclüsü adını qazananımız yoxdur. Bu, o demək deyil ki, sərbəst güləşimiz zəifdir. Sadəcə, böyük uğurlar göstərmək, böyük nəticəli idmançıları yenidən bir araya gətirmək uzun illər tələb edir. Ola bilər, 20 ildən sonra özü də yerlilərdən ibarət elə bir heyət ortaya çıxar ki, belə pəhləvanlarımızın heç vaxt olmadığını deyərik. Tarixə nəzər salsaq, Namiq Abdullayev öz dönəmində böyük uğurlar qazanmışdı. Amma ondan sonra Azərbaycan sərbəst güləşində müəyyən müddət durğunluq yaranmışdı. Sonradan Toğrul, Cəbrayıl və mən gəlib çıxdıq. Bu gün bir dünya çempionu veririksə, gələn il başqasını da verəcəyik kimi bir şey yoxdur. Biz böyük ölkə deyilik, Rusiya, İran, ABŞ qədər əhalimiz yoxdur, idmançı sayımız, kütləmiz də çox deyil. Müsəlman dünyası ilə müqayisə olunduqda, bəzi ölkələri olimpiada nəticələrində keçirik. Bu, bizim böyük uğurumuzdur. Amma böyük ölkələrlə özümüzü müqayisə etsək, görərik ki, həm əhali, həm də idmançı sayımız azdır. Bu gün milli komandalarımızda idmançıların sayı 1 000 nəfərdirsə, adicə Mahaçqalada bir zalda 2 000 güləşçi görürsən. Bu, böyük fərqi göstərir. Bizə uzun müddət lazımdır ki, yaxşı idmançılar yetişdirə bilək.
- Məşhur idmançılardan forma, imza götürürlər. Siz də belə bir sevgisini hiss etmisinizmi?
- Sözsüz. Bu gün də milli komandanın məşqinə gedəndə uşaqlar mənimlə şəkil, selfi çəkdirirlər. Halbuki, həmin güləşçilərin bir çoxu mənimlə birlikdə məşq ediblər. Digər ölkələrə gedəndə də belə hallarla rastlaşırıq. Bir çox hallarda güləş trikomu, ayaqqqabımı, şəkillərimi instaqram üzərindən yazaraq, istəyirlər. Yolda, restoranda olduqda şəkil çəkdirmək üçün yaxınlaşırlar. Çox sevinirəm ki, ölkəmdə bu qədər tanınır, sevilirəm. Heç vaxt heç kəsə "yox" sözünü deməmişəm. Gücüm çatdığı qədər xahişlərini yerinə yetirmişəm. Son zamanlar rayonlara səfərlərimizi çoxaltmışıq. Gedəndə xüsusən, uşaq və yeniyetmələrin bizə necə böyük sevgi ilə yanaşdıqlarını görürük. Biz də onlara eyni dərəcədə qarşılıq veririk.