Azərbaycan ərazisindən xarici lotereya təşkilatçılarının və idman mərc oyunları operatorlarının, habelə onların satıcılarının virtual mühitə çıxışlarının qarşısı alınıb.
Bununla bağlı məsələ Milli Məclisin 2021-ci il dekabrın 27-də keçirilmiş iclasında müzakirəyə çıxarılan "Telekommunikasiya haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əlavə edilməsi təklif edilən yeni maddələrə əsasən, telekommunikasiya operatoru və provayderlərinin vəzifələri sırasına telekommunikasiya xidmətləri vasitəsi ilə qumar oyunlarının təşkili və keçirilməsinin, qumar oyunlarında iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışının təşkili və ya satışı, həmçinin qumar oyunlarında iştirakın, o cümlədən ölkə ərazisindən xarici lotereya təşkilatçılarının və idman mərc oyunları operatorlarının, habelə onların satıcılarının virtual mühitə çıxışlarının qarşısının alınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada tədbirlər görmək daxil edilir.
Dəyişikliklər üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib.
Lakin xarici bukmeyker kontorları bunları bilə-bilə insanları qanunsuz əməllərə vadar etməyə dair çağırışlar edirlər. "Google Translate" proqramından istifadə etdikləri üçün çox qəliz və savadsız cümlələr quran əcnəbilər mərc oyunları istifadəçilərini "yoldan çıxarmaq"dadırlar.
Məsələn, "Mosbet" şirkətinin Dəstək xidməti departamentinin müdiri Peter Koul deyir: "Mosbet" istifadəçiləri Azərbaycan Respublikası İnzibati Məsuliyyət Məcəlləsinin 401-ci maddəsi çərçivəsində qanunsuz qumar oyunlarının təşkilinə və keçirilməsinə dair məsuliyyətə cəlb edilə bilən şəxslər deyillər.
Əvvəla, bu, İnzibati Məsuliyyət Məcəlləsi yox, İnzibati Xətalar Məcəlləsidir. Digər tərəfdən, həmin maddədə hər şey tam aydın şəkildə göstərilib. Sadə dillə desək, xarici bukmeyker saytlarında mərc, onların təbliğ edilməsinə qadağa qoyulub və qanunla cərimə nəzərdə tutulur.
Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 401-ci maddəsində deyilir:
Ölkə ərazisindən qumar oyunlarında iştirak üçün imkanların yaradılması, o cümlədən qumar oyunlarının oynanıldığı virtual mühitə çıxışın təmin edilməsinə görə fiziki şəxslər 3 000 manat, vəzifəli şəxslər 7 000 manat, hüquqi şəxslər 40 000 manat cərimə edilir.
Eyni məbləğdə cərimələr qumar oyunlarında iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışının təşkili və (və ya) satışına görə, mərclərin qəbul edilməsi, pul vəsaitlərinin, əşyaların və qeyri-maddi əmlak nemətlərinin qəbulu, köçürmələrin aparılması, uduşların ödənilməsi, uduşların, mükafatların və ya digər gəlirin verilməsi, bunların təşkili və bunlarla əlaqədar xidmətlərin göstərilməsinə görə, qumar oyunlarının təşkili, keçirilməsi, iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışı ilə, qumar oyunlarında iştirakla bağlı müştərinin ödəniş tapşırıqlarının və ya bank hesabı üzrə digər əməliyyatlarının bank əməliyyatları aparan şəxslər tərəfindən icrasına (aparılmasına) görə nəzərdə tutulur.
Bu Məcəllədə “qumar oyunları” dedikdə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) başa düşülür. Qumar oyunlarının təşkili və ya keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244–1.1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Həmin maddədə isə aşağıdakılar nəzərdə tutulub:
Qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama 5 000 manatdan 10 000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər təkrar törədildikdə, internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə, yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və xeyli miqdarda gəlir əldə etməklə törədildikdə 10 000 manatdan 15 000 manatadək cərimə və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu cür əməllər mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən, külli miqdarda gəlir əldə etməklə törədildikdə üç ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə dörd ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Beləliklə, xarici bukmeyker saytlarının Azərbaycanda fəaliyyətini qadağan edən əsaslı normativ hüquqi baza mövcuddur. Bu, çox yerində qəbul edilmiş qərardır. Çünki bu saytların ölkə ərazisində nə nümayəndəsi, nə də ofisi var. Bundan basqa, birbaşa təmas üçün telefon, e-mail və s. imkanları məhduddur, yaxud ümumiyyətlə yoxdur.
Bu saytların qanusuz hərəkətləri üzündən çoxlu sayda vətəndaş xeyli pul uduzub. Cünki xarici saytlar vasitəsilə uduşlar müxtəlif bəhanələrlə udus sahibinə verilmir, onun hesabları blok edilir. Bu cür hallarda hansısa qanuni yola baş vurmaq imkansızdır.
Mərc üçün mütləq dövlətin uduş təminatı verdiyi qanuni saytlara müraciət etmək lazımdır. Çünki bu saytlarda hər bir addım qanunla tənzimlənir. Kiminsə uduşunun müsadirə edilməsi kimi hallar qeyri-mümkündür. Üstəlik, həftənin hər günü 24 saat ərzində təmas mümkündür.
"Mosbet"in Beynəlxalq hüquq departamentinin rəhbəri Mark Lambert isə əmindir ki, müştəriləri tam hüquqi təhlükəsizlikdədirlər və əksini güman etmək üçün heç bir əsas yoxdur: "Onu da qeyd etmək istəyirəm ki, indiyədək heç bir "Mosbet" müştərisi səlahiyyətli orqanlar tərəfindən məsuliyyətə cəlb olunmayıb".
Lambert hardasa haqlıdır. Çünki dəfələlər yazılıb-deyilməsinə baxmayaraq, xarici bukmeyker kontorlarının fəaliyyətinə heç bir qadağa qoyulmurdu. Əksinə, onlar ayaq tutub yeriyir, müxtəlif saytlarda bannerlərini verməkdən, əlbəəl reklampulu ötürməkdən çəkinmirdilər. Özlərini təhlükəsiz sayan şirkət agentləri isə əcnəbi votsap nömrələri ilə zəng edərək, reklamlar paylamaqla məşğul idilər. Onlarla canlı telefon əlaqəsi yaratmaq qeyri-mümkün idi, istədikləri vaxt isə özləri aradan çıxırdılar.
Yaxud bu paylaşıma diqqət yetirək: "Azərbaycandan olan istifadəçilər üçün: Biz ədalətlı oyun təklıf edırık. Ərimələrdən qorxmadan necə oynamaq olar". Yenə savadsızlıq. Cərimənin "ərimə" kimi, "i" əvəzinə "ı" yazılması və s. Digər tərəfdən, Azərbaycan qanunlarına əməlli-başlı meydan oxuyurlar. Sanki arxayındırlar ki, yenə cəzasız qalacaqlar.
Hətta şirkətin Azərbaycan istiqamətinin direktoru Asim İsmayılov qeyri-qanuni qumar oyunları keçirən təşkilat olmadıqlarını iddia edib.
Bir sözlə, az qalıb ki, özlərini qanuni mərc oyunları operatoru kimi qələmə verərək, Azərbaycan vətəndaşlarını aldatsınlar.
Amma bu variant da keçməyəcək. Çünki artıq Baş Prokurorluq vətəndaşları narahat edən məsələlərlə bağlı maarifləndirici videoçarxlar hazırlayaraq #maariflənək həştəqi altında ictimaiyyətə təqdim edib. Məqsəd vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsindən ibarətdir.