1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa Oyunlarının Alovu Viləş çayının sahillərində
Dünən Lerik və Astaraya səyahətini başa vuran ilk Avropa Oyunlarının məşəli mayın 2-də, Viləş çayının sahilində yerləşən iki rayonun sakinlərinin görüşünə gəlib.
Məşəl estafeti iştirakçıları əvvəlcə Talış, Peştəsər və Burovar dağlarının qoynunda yerləşən və ecazkar təbiət mənzərələri olan Yardımlıya səfər ediblər. Rayon mərkəzi boyunca yerli sakinlərin alıqışlarının müşayiət etdiyi məşəl yürüşündə Şərq döyüş növləri təmsilçilərinin çoxluğu diqqət çəkib. Estafeti gənc karate ustası Rasif Nəmizadə başlayıb. Yürüşdə taekvondo üzrə ölkə çempionu Pərviz Şirinov, onun həmkarları Bəhruz Mahmudov, Həmid Bəndəliyev, kontakt-karateçilər Toğrul Mustafayev, Rafət Sultanov, Səfalı İbrahimov və bu növ üzrə dünya çempionu Orxan Baratlı, Azərbaycan çempionu Ülvi Kərimli və son mərhələdə daha bir ölkə çempionu Amid Cavadov davam etdirərək, alovu Heydər Əliyev meydanına gətiriblər.
Məşəl estafetinin iştirakçısı olmuş, 2014-cü ilin şotokan karate üzrə dünya çempionu, ölkə çempionatının altıqat qalibi Orxan Baratlı ürək sözlərini bölüşüb: "Birinci Avropa Oyunlarının həyəcanının Yardımlıya da yetişməsi məni hədsiz sevindirir. Özümü çox xoşbəxt hiss edirəm. Çünki bir idmançı kimi belə bir mərasimin tarixdə qoyacağı izi dərk edirəm. Onun məşəlçilərindən biri olmağım məni ikiqat fərəhləndirir. Karatenin də Bakı 2015-in proqramına salınması, Şərq döyüş növləri ilə məşğul olan hər bir gənc idmançı kimi, məni də sevindirir. Avropa Oyunları gələcəkdə karatenin olimpiya oyunlarına yolunu aça, olimpiya proqramına salınmasına kömək edə bilər”.
Meydanda qurulmuş səhnədə Oyunların çırağı yandırılaraq yeniyetmə Pünhan Kərimliyə verilib. Təntənəli qarşılanma mərasimində bədən tərbiyəsi və idman ictimaiyyətinin nümayəndələri, yerli fəallar, sakinlər iştirak edərək, bu görüşün maraqlı ünsiyyət şəraitində keçməsinin səbəbkarı oldular. Oyunların canlı rəmzləri ətrafı şənləndirib, görüşə maraq qatdılar. Çıraq yekunda Heydər Əliyev Mərkəzinə gətirilib.
Sonra məşəl 2 min metrdən hündür dağ zirvələri olan, həmçinin flora və faunasının zənginliyinin də təbiətinə xüsusi ecazkarlıq bəxş etdiyi Yardımlının daha bir incisi olan ikimərtəbəli Təkdam «Yardımlı» şəlaləsinin seyrinə çıxıb. Burada xatirə şəkilləri çəkdirilib. Qeyd edək ki, rayonun çoxsaylı çeşmələrlə əhatə olunmuş Perimbel kəndi də çox məşhurdur. Dəniz səviyyəsindən təxminən 2200 metr yüksəklikdə yerləşən Qız qalası (V əsr) abidəsi ilə diqqəti çəkən rayonda həm də özünə xas xalçaçılıq ənənələrinə az qala hər addımda rast gəlmək olar.