Rusiyanın Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırova məxsus "Axmat" klubu qarışıq döyüş növləri (MMA) üzrə idmançısı Cihad Yunusovla yollarını ayırıb.
Sportnet.az klubun sosial şəbəkə hesabına istinadən xəbər verir ki, bu qərarı onun oğlu və regionun idman naziri Axmat Kadırov idmançının mənəvi, etik və əxlaqi normalara uyğun gəlməyən davranışına görə qəbul edib.
Bundan əvvəl sosial şəbəkələrdə Qroznıdakı yaşayış binalarından birinin girişində çəkilmiş görüntülər yayılmışdı. Kadrlarda kişi ilə qadın arasında müşahidə kamerasına görə yaranmış mübahisə əks olunub.
Bildirilir ki, Yunusov kameranın mənzilinin qapısını çəkdiyini əsas gətirərək avadanlığın götürülməsini tələb edib. Qısa söz atışmasından sonra o, əvvəlcə qadının üzünə içki töküb, daha sonra isə fiziki zorakılığa əl atıb. Bundan başqa, zərərçəkmiş qadına kömək etməyə çalışan digər qızın da döyüldüyü qeyd olunub.
Qroznı şəhər polis idarəsinin 1 saylı bölməsinin rəis müavini Səid-Əhməd Arsunuqayev hadisə ilə bağlı araşdırma aparıldığını açıqlayıb.
“Axmat” klubunun bəyanatında qadınlara və yaşlı nəslə hörmətin çeçen xalqının əsas prinsiplərindən biri olduğu vurğulanıb və belə davranışların yolverilməz olduğu qeyd edilib.
Qeyd edək ki, Cihad Yunusov 2012-ci ildən peşəkar MMA döyüşlərində çıxış edir. Onun aktivində 19 qələbə və 7 məğlubiyyət var.













































































