Gənc oğlan boksçulardan ibarət Azərbaycan millisi Yeniyetmələrin III Yay Olimpiya Oyunları ərəfəsində Boks Mərkəzində təlim-məşq toplanışına başlayıb.
Sportnet.az xəbər verir ki, baş məşqçi Vaqif Şirinovun rəhbərliyi altında Oyunlarda iştirak edəcək Nurlan Səfərovla (60 kq) Nicat Həsənov (69 kq) əsas komanda ilə hazırlaşır. Məşqlər oktyabrın 4-dək davam edəcək.
Şirinov bildirib ki, toplanış yüksək səviyyədə keçir: "Hazırlığa artıq 3 gündür başlamışıq. Gündə iki dəfə məşq edirik. Səhər çalışmalarında fiziki hazırlığa, axşam məşqlərində sınaq döyüşlərinə üstünlük veririk. Olimpiyaçılarımızın kişilərdən ibarət əsas komanda ilə birgə hazırlığı onların təcrübəsinin daha da artırılmasına hesablanıb. İnanırıq ki, Oyunlara kimi hər 2 boksçumuz ən yüksək formasını yığacaq”.
Şirinovun sözlərinə görə, Argentinaya bir qədər tez yollanacaq yığma Buenos Ayresdə Rusiya, Qazaxıstan və Ukrayna milliləri ilə hazırlıq keçib, sınaq döyüşlərində də gücünü yoxlayacaq.
Qeyd edək ki, Yeniyetmələrin III Yay Olimpiya Oyunları 6 - 18 oktyabrda təşkil olunacaq.