Taekvondo üzrə Azərbaycan milli komandası Hollandiyanın Eyndhoven şəhərindəki ənənəvi "Dutch Open" turnirində 8 medala sahib olub.
Sportnet.az xəbər verir ki, sayca 46-cı olan G1 kateqoriyalı turnirdə Cavad Ağayev (63 kq) və Fəridə Əzizova (67 kq) qızıl medal qazanıb. Qaşım Maqomedov (58 kq) və Radik İsayev (+87 kq) gümüş medala yiyələnib. Bəhruz Quluzadə (54 kq), Məhəmməd Məmmədov (68 kq), Ramin Əzizov və Payam Qobadi Oğaz (hər ikisi 87 kq) yarımfinala kimi irəliləyə bildikləri üçün bürünc medalla kifayətləniblər.
Beləliklə, Azərbaycan millisi Hollandiya açıq çempionatında 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb. Yığma üzvləri Eyndhovendən birbaşa Belçikanın Lommel şəhərində keçiriləcək "Belgian Open"ə yollanacaqlar.