Azərbaycanın cüdo üzrə ilk dünya çempionu olan, gənclərdən ibarət milli komandanın baş məşqçisi Elxan Məmmədov "Azərtac"ın suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir.
- Hidayət Heydərov Səudiyyə Ərəbistanın paytaxtı Əbu-Dabi şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanaraq sizə məxsus olan rekordu təkrarladı. Bununla bağlı təəssüratınızı bilmək maraqlı olardı...
-11 ildən sonra Azərbaycana ikinci dünya çempionu gəldi. Çox qürurverici haldır. Bu qələbə hər birimizin sevincinə səbəb oldu. Hidayət həqiqətən möhtəşəm çıxış etdi. Son bir ildə göstərdiyi əzmkarlıq bu çempionluğa layiq olduğunu sübut etdi. Finalda yaponiyalı rəqibi ilə keçirdiyi dramatik görüş həyəcanı bir qədər də artırdı. Belə təhlükəli rəqib üzərində son 10 saniyədə qazanılan qələbə idmançının iddiasından, hazırlığından və keçdiyi məşq prosesinden xəbər verir. Hidayət yarışa çox ciddi hazırlaşmışdı. Hamıya bəllidir ki, dünya çempionatı sıradan yarış deyil, həqiqətən də olduqca nüfuzlu turnirdir. Azərbaycanın 52 illik cüdo tarixində ilk dünya çempionu mənəmsə, ikinci Hidayətdir. Bu da mundialın nə qədər baxımlı turnir olduğunu göstərir. Bu, doğrudan da böyük uğurdur. Bunun arxasında böyük işlər, zəhmət dayanır. Nailiyyətimiz Azərbaycan Cüdo Federasiyası başda olmaqla, Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsinin birgə səylərinin nəticəsidir. Ölkəmizdə cüdonun inkişafı göz qabağındadır. Buna hamı şahiddir. Digər dünya ölkələri də artıq bunu qəbul edirlər. Olimpiya Oyunlarında da güclü cüdo ölkəsi kimi tanınırıq. Azərbaycan cüdosu dünya reytinqində ilk sıralardadır. Ötən ay Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş Avropa çempionatında komanda hesabında ikinci olduq. Yığmamız dünya çempionatında da ilk sıralarda qərarlaşmağa iddialıdır.
- Yəqin ki, Hidayətin görüşünü izlədiniz. Finalda sona 13 saniyə qalmış etdiyi kritik fəndlə dünya çempionu oldu. Həmin an hansı hissləri keçirdiniz?
- Hidayətin görüşünü izləyirdim. O, qələbə qazananda yalnız sevinc və qürur hissi keçirdim. Mən də yığma komandanın məşqçisiyəm. Hidayətin hazırlığında mənim də rolum var. Təcrübələrimizi onunla bölüşürdük. Uğurunda hər birimizin danılmaz əməyi var. Dünya çempionatı kimi mötəbər turnirdə bayrağımızı qaldırdı. Bundan qürurverici heç nə ola bilməz. Qalib ölkəyə qələbə yaraşır.
- Məlum olduğu kimi, Azərbaycan 13 ildən sonra cüdo üzrə dünya çempionatında qızıl medal qazandı. Sizcə, ikinci dünya çempionunun yetişməsi üçün niyə bu qədər uzun vaxt lazım oldu?
- Bəzi mütəxəssislərin fikrincə, cüdo üzrə dünya çempionatı Olimpiya Oyunlarından da dramatik keçir. Çünki mundiallarda bir ölkədən hər çəkidə iki cüdoçu çıxış edə bilər. Ona görə də burada rəqabət çox güclü olur. Yaponiya və Fransa kimi cüdonun inkişaf etdiyi ölkələrin yarışa iki idmançı ilə qatılması təbii ki, rəqabəti daha da artırır. Məhz buna görə dünya çempionatında belə bir nəticəyə imza atmaq sıradan hadisə deyil. Mən 42 ildən sonra - 2013-cü ildə dünya çempionatının qalibi tituluna yiyələndim. Bu, mundialın dünya miqyasında nə qədər çətin, populyar və rəqabətli yarış olduğunu göstərir. 2013-cü ildən sonra Orxan Səfərov və Rüstəm Orucov bu nəticəyə yaxın olublar. Təəssüf ki, onlar da qızıl medal əldə edə bilməmişdilər. Amma Hidayətdə olan döyüşkənlik və mübarizə ruhu onun bu titula sahib çıxmasına səbəb oldu. Açığı, Azərbaycan cüdosunda “yapon sindromu” deyilən bir şey var. Orxan da, Rüstəm də 2017-ci ildə təşkil olunan mundialda Yaponiya təmsilçilərinə məğlub olmuşdular. Ancaq Hidayət bu sindromu tamamilə qırdı. Döyüşkənliyi və əzmkarlığı nəticəsində arzusuna çatdı. Belə bir yarışda bu cür çətin mərhələni adlamaq onun genetikasından və xarakterindən doğan bir şeydir.
- Hidayət Heydərov son bir ildə əla nəticələr əldə edib. Ötən ay Avropa, bu ay isə dünya çempionu oldu. Sizcə, cüdoçunun karyerasındakı yüksəlişin səbəbi nədir?
- Hidayət Azərbaycanın milli komandasına cəlb olunandan həmişə yığmanın aparıcı üzvü olub. O, 2015-ci ildən bəri öz sözünü deyir. Məhz bu il federasiya tərəfindən görülən işlərin sayəsində özünü daha yaxşı tərəfdən göstərə bildi. Son 1 ildə daha da formalaşıb, təcrübəsini artırıb. O, həmişə məşqçilər tərəfindən verilən tapşırıqları yerinə yetirərək peşəkar idmançı kimi tatamiyə çıxır. Hər şeydən öncə Hidayətdə son zamanlar peşəkarlıq görürəm. Olduqca iddialıdır. Əsl peşəkar idmançıda olan xüsusiyyətləri onda görə bilirəm. Çox əziyyət çəkir. Bunun nəticəsidir ki, Avropada və dünyada öz bacarığını sübut etdi.
- Qarşıda “Paris-2024” Yay Olimpiya Oyunları var. Hidayət Heydərovdan nüfuzlu yarışda hansı nəticəni gözləyirsiniz?
- Dekabr-yanvar aylarında bir az söhbət etdik. Ona bu il çox hazırlıqlı və yaxşı formada olduğunu bildirdim. Bunun böyük şans olduğunu söylədim. Dedim ki, həyatdır, hər an hər şey ola bilər, bu şansdan yaxşı istifadə etməlisən. Söhbət əsnasında söz verdi ki, bu il həm Avropa, həm dünya, həm də Olimpiya çempionu olacaq. İlk iki turnirdə dediyini etdi. Təbii ki, biz onun Olimpiadada da yaxşı nəticələrə imza atacağına inanırıq. Parisdə də fəxri kürsünün ən yüksək pilləsinə qalxmağını gözləyirik.
- Azərbaycan cüdoçuları dünya çempionatında hələlik bir medal qazana biliblər. Digər idmançıların zəif çıxışını necə izah edərdiniz?
- Bu, idmandır. Dünya çempionatında hər çəkidə aparıcı cüdoçularımız qüvvəsini sınayır. Biz onlardan da nəticə gözləyirik. Ümidvaram ki, alınacaq. Bir sıra aparıcı ölkələr var ki, onların aktivində ümumiyətlə medal yoxdur. Əsas odur ki, millimiz bir qızıl mükafat əldə edib. Bunun davamının gələcəyinə əminik.
- Böyük ümidlərlə yığmaya cəlb edilən Səid Mollayi hələlik zədə səbəbindən potensialını tam olaraq aça bilmir. Bu barədə nə deyə bilərsiniz?
- Səid Mollayi 81 kiloqramda dünya miqyasında iddialı idmançılarımızdan biridir. Bu zamana kimi əldə etdiyi nailiyyətlərdən xəbərdarıq. Son vaxtlar ciddi və böyük zədələr alıb. İdmançı üçün zədədən sonra yenidən formaya düşmək çox çətin olur. Bunun üçün kifayət qədər zaman lazımdır. İdmançı zədədən çıxır, sonra əvvəlki intensiv məşqlərinə qayıtmaq istəyir, lakin yenidən zədələnir. Bunun öhdəsindən gəlmək üçün xarakter lazımdır. Ümid edirəm ki, Səid də qısa zamanda zədələrini bərpa edəcək və yığmaya geri dönəcək.