Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunda Bakıda Slovakiyaya 1:3 hesabı ilə məğlub olub.
Sportnet.az xəbər verir ki, yığmamızın yeganə qolunun müəllifi Toral Bayramov matçdan sonra "CBC Sport" kanalına açıqlama verib. 23 yaşlı sol cinah müdafiəçisi Mahir Emrelinin aldığı qırmızı vərəqənin nəticəyə təsir göstərdiyini bildirib:
"Oyun barədə danışılası çox şey yoxdur. Çətin olacağını bilirdik. Əslində matça pis başlamamışdıq. Sadəcə, plana daxil olmayan bir qol buraxdıq. Amma sonra toparlanıb hesabı bərabərləşdirə bildik. Pis oynamadıq. Oyunun qırılma nöqtəsi qırmızı vərəqə oldu. Qarşıdakı görüşlərə hazırlaşacağıq. Əlimizdən gələni edəcəyik ki, uğursuz seriyaya son qoyaq".
Bayramov baş məşqçi Fernandu Santuşun rəhbərliyi altında millinin uğurlara imza atacağına inandığını deyib: "Yeni başlamışıq. Qısa müddətdə hər şeyi mükəmməl etmək mümkün deyil. Düşünürəm ki, düzgün yoldayıq. Yolumuzdan dönməsək, belə davam etsək, gələcəkdə uğulara imza ata bilərik. Yüksək yerlərdə olmaq istəyirik, hədəfimiz budur. Həmişə oynadığımız oyunla da bunu göstəririk. Sadəcə, bəxt bizim tərəfimizdə olmur. Hamı görür ki, bu turnir başlayandan pis təsir bağışlamırıq. İrəlidə hər şey yaxşı olacaq".