
"Zirə"nin futbolçusu Davit Volkov 30 yaşının tamamında sürprizlə üzləşib.
Sportnet.az xəbər verir ki, Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol təcrübəli hücumçuya uzun fasilədən sonra dəvət göndərib.
Fransalı mütəxəssis Budu Zivzivadze və Georgi Zariyanın zədə üzündən yoxluğunda Volkova ehtiyac duyub. Forvard indiyədək millidə 5 oyun keçirib və 2 qol vurub. O, ilk dəfə 2021-ci ilin noyabrında, sonuncu dəfə isə 2023-cü ilin sonlarında yığmaya çağırılıb.
Qeyd edək ki, Gürcüstan millisi iyunun 5-də Tbilisidəki "Dinamo Arena"da Farer adaları ilə, iyunun 8-də Kutaisidəki Ramaz Şengeliya adına stadionda Kabo Verde ilə yoldaşlıq görüşü keçirəcək.
Davit Volkov 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasında 11 qol vuraraq, Salifu Sumadan sonra "Zirə"nin ikinci ən məhsuldar oyunçusu olub.