
Macarıstan yığmasının Azərbaycan və İsveç milliləri ilə yoldaşlıq görüşlərində əsas vəzifəsi açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Marko Rossi keçirdiyi mətbuat konfransında açıqlama verib.
İtaliyalı mütəxəssis bildirib ki, ən vacib məqsədlərdən biri oyunun gedişində üçlü müdafiədən dördlü müdafiə sisteminə keçid olacaq. 61 yaşlı baş məşqçinin fikrincə, buna oyunçu əvəzləmələri etmədən nail olmaq mümkündür.
Macarıstan millisinin qarşıdakı yoldaşlıq görüşlərinə üçlü müdafiə sistemi ilə başlaması təəccüblü görünməyəcək. Yığmadan gedən qapıçı Peter Qulaçini indi Denes Dibuşun əvəzləyəcəyi şübhəsizdir.
Üçlü müdafiədə arxa xəttin necə formalaşdırılacağı sual altındadır. Təcrübəli Attila Fiola və Endre Botka bu dəfə heyətə daxil edilməyib. Etibarlı müdafiəçilərdən sayılan Villi Orban və Marton Dardainin yayında Botond Baloq oynaya bilər.
Bu sistemin problemi ondadır ki, İngiltərə "Liverpul"unun futbolçusu Miloş Kerkez və "Puşkaş Akademiyası" komandasına gümüş medallar qazandırmış Jolt Nad eyni vaxtda meydanda ola bilməyəcəklər.
Premyer Liqa oyunçusu Kerkezin üstünlüyü var. O, sol cinahda, son zamanlar yaxşı formada olan Bolla Bendequz isə sağ cinahda ola bilər.
Hücum xəttində Barnabaş Varqanın yer alacağı şübhə doğurmur. Baxmayaraq ki, o, ən yaxşı formasında deyil. "Ferentsvaroş"un baş məşqçisi Robbi Kin "Dyor"u 2:1 hesabı ilə yendikləri son oyunda onu ikinci hissədə meydana buraxıb. Lakin Rossinin fikrincə, Levente Sabo və Andraş Nemet hücumun sivri ucunda Varqanı hələlik əvəzləyə bilmirlər.
Dördlü müdafiənin ən böyük üstünlüklərindən biri Miloş Kerkez və Jolt Nadın eyni vaxtda meydanda olmaları sayıla bilər. Builki bacarıq və oyun formalarına əsasən, hər iki futbolçunun əsas heyətdə yeri var. Lakin onlar eyni mövqedə oynamırlar və tam eyni üslublu futbolçular deyillər. Hər ikisi solaxaydır, hücumda və müdafiədə xeyli fəaldır. İstisna deyil ki, Rossi məhz buna görə dördlü müdafiəni sınaqdan çıxarmaq istəyir.
Roland Sallai isə Türkiyənin "Qalatasaray" komandasında hücumçu kimi oynamayıb və mövsümün ikinci bölümündə faktiki sağ cinah müdafiəçisi olub. Amma Rossi çətin ki, onu müdafiədə oynatsın.
Qeyd edək ki, Macarıstan İsveçlə iyunun 6-da Budapeştdə, Azərbaycanla iyunun 10-da Bakıda üz-üzə gələcək.