
Gəncə şəhər stadionunda oturacaqların quraşdırılmasına başlanılıb.
Sportnet.az xəbər verir ki, bununla bağlı AzTV-də reportaj yayımlanıb.
Görüntülərdən məlum olur ki, artıq stadionun üst karkası da tam qurulub.
Prezident İlham Əliyevin 6 oktyabr 2023-cü ildə imzaladığı sərəncama əsasən, 1964-cü ildən istifadədə olan və son illər istismar müddətini başa vurmuş Gəncə şəhər stadionu sökülərək, yenidən müasir tələblərə uyğun tikilməyə başlayıb. Ümumi ərazisi 10 hektar olan arena UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilməkdədir.
15 464 yerlik stadionda media nümayəndələri və fiziki imkanı məhdud tamaşaçılar üçün də müvafiq sayda oturacaq mövcuddur. Burada soyunub-geyinmə, tibb, hakimlər, texniki heyət və konfrans otaqları da nəzərdə tutulub. Layihə çərçivəsində stadion ərazisində bilet satışı, müxtəlif ictimai iaşə obyektləri, yerüstü avtodayanacaqlar, nəzarət-buraxılış məntəqəsi yaradılacaq.
İdman qurğusu UEFA tələblərinə uyğun işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik, giriş-çıxış sistemləri ilə təchiz olunacaq.
Hazırda işlərin 80 faizi başa çatıb.
Qeyd edək ki, Gəncə şəhər stadionu 28 sentyabr - 8 oktyabrda keçiriləcək III MDB Oyunlarının açılış və bağlanış mərasimlərinə ev sahibliyi edəcək.