
“Bizim üçün hər bir oyun vacibdir. Bütün rəqiblərimizi təhlil edirik və kimliyindən asılı olmayaraq, hər birinə hörmətlə yanaşırıq”.
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş evdə Macarıstana qarşı keçirəcəkləri yoldaşlıq görüşündən əvvəl mətbuat konfransında deyib.
71 yaşlı portuqaliyalı mütəxəssis rəqibi yaxşı analiz etdiklərini bildirib: “Futbol elə bir oyundur ki, iki komanda bir-birinə qarşı oynayır, biz də belə hazırlaşırıq. Rəqibi kifayət qədər yaxşı təhlil etmişik. Hücumda, müdafiədə nə etdiklərini, oyun üslublarını bilirik. Yaxşı və çətin oyun olacaq. Buna baxmayaraq, futbolçularım çox istəkli, motivasiyalıdırlar. Ümidvaram ki, layiqli müqavimət göstərə biləcəklər”.
Santuş heyətdə dəyişiklik olacağı sualına belə cavab verib: "Hazırda yalnız Elvin Bədəlov zədəlidir. Bu gün də məşqimiz var. Ümid edirəm ki, daha heç kim zədələnməyəcək və qalan oyunçuların hamısı sərəncamımda olacaq. Oyunçuların durumlarına görə bəzi dəyişikliklər olacaq. İki gün əvvəl oyunumuz olub. Futbolçuların bəziləri yorğundurlar, uzun yol gəlmişik".
Baş məşqçi rəqibin də qələbə istəyində olacağını bildirib: "Mən Macarıstan millisini yaxşı tanıyıram.
Əvvəlki yığma komandalarda olarkən bir neçə dəfə qarşılaşmışam. Çox yaxşı təşkil olunmuş komandadır. Buna görə də düşünürəm ki,rəqibə də, Azərbaycana da qələbə lazımdır. Hər iki komandadan yaxşı oyun gözlənilir. Macarıstan millisi yaxşı komandadır. 2020-ci il Avropa çempionatında Portuqaliya millisində ikən ilk oyunumuz onlara qarşı olub. 84 dəqiqəlik müqavimət gördük və daha sonra 3 qol vuraraq, qalib gəldik. Son dövrlər Macarıstan futbolu inkişafdadır. Lakin keçmişi xatırlamaq istəmirəm. Hazırki Macarıstan millisinin yaxşı oyunçuları var, çoxu ölkə xaricində çıxış edir. Bu rəqibə qarşı Azərbaycan yığmasını strateji olaraq, hazırlamışam".