
“Rəqib bizimlə oyunda qələbə qazanmaq istəyir”.
Sportnet.az xəbər verir ki, bunu Macarıstan yığmasının baş məşqçisi Marko Rossi Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri yoldaşlıq görüşündən əvvəl mətbuat konfransında deyib.
61 yaşlı mütəxəssis “Liv Bona Dea Arena”da təşkil olunacaq görüşün İsveçə 0:2 hesabı ilə məğlub olduqları oyundan fərqli olacağına inandığını söyləyib: “Azərbaycan seçməsinin son 5 oyunda 2, bizim isə 1 heç-heçəmiz var. Aydın məsələdir ki, onlar üzərlərinə düşəni etməyə çalışacaqlar”.
İtaliyalı mütəxəssis komandasında zədəli futbolçunun olmadığını bildirib: “Sərəncamımızda olan futbolçularla oynayacağıq”.
Rossi Azərbaycanla oyunda qapıçı seçimini etdiyini söyləyib: “UEFA Millətlər Liqasında hər matçı fərqli qapıçılarla oynayırdıq. Sabah əsas heyətdə Tot Balaş olacaq. Onu meydanda görmək istəyirik”.
O, Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun Portuqaliya yığmasının sükanı arxasında olduğu zamanları xatırladıb: “O, Portuqaliya ilə mühüm qələbələr qazanıb. Biz balaca komandadan danışmırıq. Portuqaliya son 10 ilin ən yaxşılarındandır, Santuşla Avropa çempionatını və ilk UEFA Millətlər Liqasını qazanıb”.
Rossi Azərbaycanla oyunda taktiki dəyişikliklər edəcəyini vurğulayıb: “Əsas heyətdə də dəyişiklik olacaq. Bunların hamısını öncədən planlaşdırmışdıq. Bu, İsveçə uduzmuşuq deyə olmayacaq. Keçən oyuna görə bəraət axtarmıram. Nəticə əleyhimizə olsa da, statistika biz tərəfdə idi. DÇ-2026-nın seçmə mərhələsinin 3 oyununda 0 xal toplamışıq. Nələri dəyişməli olduğumuza baxmalıyıq”.
Baş məşqçi 6 il öncəki Azərbaycan yığması ilə indiki arasında çoxlu dəyişikliyin olduğunu deyib: “Komandanız demək olar ki, yeni futbolçulardan qurulub. Yaxşı xatırlayıramsa, buradakı oyun çətin olmamışdı. Amma Macarıstanda çətinlik çəkdik. Orada ofsaydla bağlı müəmma da var idi. Biz top-komanda deyilik. Heç bir rəqibə yuxarıdan-aşağı baxmırıq. Sabah bizi çətin və önəmli matç gözləyir”.
O, topa sahib olmaq istədiklərini bildirib: “Bizimlə DÇ-2026-nın seçmə mərhələsində eyni qrupda olan komandalara yaxınsınız. Topa daha çox sahib olmaq istəyirik. Bu, oyunun hakimi biz olacağıq anlamını verməsin. Amma bundan öncəki Türkiyə və İsveçlə görüşlərdə topa daha çox sahib olsaq da, istədiyimiz nəticəni əldə etmədik. Təəssüf ki, son 3 oyunda qol vura bilməmişik. Amma çoxlu qol epizodlarımız var idi”.
Qeyd edək ki, iyunun 10-da "Liv Bona Dea Arena"da keçiriləcək Azərbaycan - Macarıstan oyunu saat 20:00-da başlanacaq.