
Legioner həyatı yaşayan azərbaycanlı futbolçulardan Mahir Emreli ümidləri doğrultmaqdadır. Milli üzvü 2024/2025 mövsümündə Almaniyanın II Bundesliqasının köklü klubu “Nürnberq”də ardıcıl qollarla yerli və xarici mətbuatda adından söz etdirməyi bacarıb.
Sportnet.az xəbər verir ki Hazırda "Böyük beşlik" ölkələrindən təklifləri olan Emreli həm bu barədə, həm də “Nürnberq”lə bağlı Teleqraf-ın suallarını cavablandırıb.
"Komfort zonamda qalıb, bu günə kimi “Qarabağ”da da oynaya bilərdim"
- Klub karyeranızla bağlı proseslər hansı yerdədir, harada davam edəcəyinizi qərarlaşdırmısınız?
- Hələ bu barədə düşüncəm yoxdur. Bugünkü oyuna qədər deyirdim ki, heç kim, xüsusilə də menecerlərim bu mövzuda məni narahat etməsinlər. Hansı klubun məni istəyəcəyi önəmli deyildi. Çünki milliyə köklənmək istəyirdim. Bu gün dincəlib, sabahdan yeni klubla danışıqlara başlayacağıq. Hansı kluba gedəcəyimi tam dəqiq bilmirəm.
- Almaniyada II Bundesliqa dövrü sizin üçün heç də pis keçmədi. "Nürnberq"də mövsüm ərzində bütün turnirlərdə 25 oyun keçirib, 11 qol vurub, 1 məhsuldar ötürmə vermisiniz. Buna görə Almaniyada qalmağa üstünlük verirsiniz, yoxsa "Böyük beşlik" çempionatlarının digərlərindən təkliflərə baxacaqsınız?
- Bundesliqanı tanıyıram, haradasa alışmışam. "Böyük beşlik"də oynamaq hər bir futbolçunun arzusudur. Xüsusilə də bizim kimi ölkələrdən çıxmış futbolçular üçün önəmlidir. Onsuz da ölkədən çıxanda niyyətim bu idi. Komfort zonamda qalıb, bu günə kimi “Qarabağ”da da oynaya bilərdim. Amma ölkəm, ailəm üçün istədim ki, Avropaya yollanım. Həm də öz arzularım vardı. Ümid edirəm ki, bir gün o arzularıma çataram.
"Müəyyən dövr oynamadım, amma bu, məni "sındırmadı"
- Qarşınıza hansı hədəflər qoymuşdunuz və hansılara çatdınız?
- Demək olar, xalqımız üçün nə isə etmişəm. Amma özüm üçün hələ bir şey edə bilməmişəm. Ümid edirəm ki, onu da bacararam.
- Bir illik Almaniya təcrübəsi karyeranıza nə qatdı?
- İlk öncə daha da nizam-intizamlı olmağı öyrəndim. Fiziki güc, II Bundesliqanın gücü fərqlidir. Orada inanılmaz tempdə oynayırlar. Taktiki nizam-intizam və s. çox önəmli idi. Müəyyən dövr oynamadım, amma bu, məni "sındırmadı". Çalışırdım ki, qazandığım şansdan anındaca istifadə edə bilim. Səbrimlə, məşqimlə bunu edirdim. Susmağı seçdim, susdum, Allah da kömək etdi, mövsümü yaxşı başa vura bildim.
"Heç kəs deyə bilməz ki, Mahir orada kiməsə qarşı hörmətsizlik, saymazlıq və ya təhqir edib”
- Təbii ki, Almaniyadakı nəticələriniz, performansınız təqdirəlayiqdir. Amma Almaniya mətbuatında aqressivlik səbəbindən komanda yoldaşlarınızla müəyyən problemlər yaşadığınız deyilirdi. Mümkünsə, buna da aydınlıq gətirərdiniz...
- O barədə Almaniya mətbuatına da açıqlama vermişəm, amma yazmayıblar. Elə bir şey var idisə, necə olur, bir jurnalist mənimlə əlaqə saxlayıb sual vermir, amma onu yazır? Belə şey olmayıb. Aqressivlik nəyə deyilir, ümumiyyətlə onu anlamıram. Komandamın üstünə qışqırıb, onları motivasiya etməyə çalışıramsa, birinin məndən daha az qaçdığını görürəmsə, problem yoxdur, aqressiv ola bilərəm. Amma meydana çıxırıqsa, yaşca kiçik oyunçunun məndən fərqli olaraq, qaçmadığını görəndə, əlbəttə, aqressivləşəcəyəm. Çünki bəzi gənclər qələbə üçün yetərincə ac deyildilər. Onlar elə düşünürdülər ki, bu, onlara yox, ən çox bizə lazımdır. Ona görə də komanda daxilində elə hallar baş verir. Lakin heç kəs “Mahir orada kiməsə qarşı hörmətsizlik, saymazlıq və ya kimisə təhqir edib” deyə bilməz. Mənim belə hərəkətlərim olmayıb. Sadəcə motivasiya üçün bəzi nüanslarda dediyim hallar olub.
- Bu yöndə Miroslav Klozenin sizə yaxınlaşması, sizinlə şəxsi danışıqları olubmu?
- Çox zaman oyun barədə danışırdıq. Dərin-dərin söhbətimiz olmayıb. Sadəcə, oyundan məsləhətlər verə bilərdi. Məndən nələrisə daha çox, nələrisə daha az etməyimi istəyir və s. Təbii ki, üzərimdə onun məsuliyyəti daha çox idi. Çünki iki-üç futbolçudan biri mən idim ki, sırf onun istəyilə “Nürnberq”ə gətirilmişdim. Ona görə də o, mənə daha məsuliyyətlə yanaşırdı.
"Klozenin ən böyük problemi ünsiyyətdir"
- Bəzən yaxşı futbolçu olmasına baxmayaraq, Klozeni baş məşqçi kimi bəyənmirlər. Siz necə düşünürsünüz?
- Bəli, böyük futbolçu olub. Təbii ki, baş məşqçi kimi hələ formalaşmalıdır. Onun da zamanı var. Düşünürəm ki, Klozenin ən böyük problemi ünsiyyətdir. Hesab edir ki, hər futbolçu ilə eyni cür danışmaq lazımdır. Amma hər kəsin xarakteri fərqlidir. Fikrimcə, böyük məşqçiləri də sadələrdən fərqləndirən odur. Hər futbolçuya eyni yanaşa bilməzsən. Hərə fərqli xasiyyətdədir. Təbii ki, o da böyük futbol oynadığı üçün bunları bilir. Zaman lazımdır. Sırf futbol baxımından isə yetərincə təcrübə də qazana bildim. Nələri etmək lazımdır, onları da öyrəndim. Hətta bəzi şeyləri elə bilirdim düz edirəm, Kloze ilə çalışdıqdan sonra gördüm ki, onun dediyi kimi etdikdə daha rahat alınır. Bu, xüsusilə də oyun epizodlarına aiddir.
"Ən çox istənildiyim yerə getməyin tərəfdarıyam"
- Adətən, klubdan ayrılarkən futbolçularda rahatlıq yaranır. Siz isə mövsümün sonuna yaxın ard-arda qollar vurdunuz. Belə performansla özünüzü yalnız "Böyük beşlik" ölkələrinə layiq görürsünüz?
- Mövsümün yarısında da Bundesliqa və II Bundesliqadan təkliflərim vardı. Sadəcə, baxıram, məni necə istəyirlər. Ən çox istənildiyim yerə getməyin tərəfdarıyam. Nəinki bir yerə gedib, 3-4-cü dərəcəli futbolçu kimi oturum. Çünki öz xasiyyətimə də bələdəm. Ola bilər, "Böyük beşlik" ölkələrinə gedərəm, oynamaram və məni 3-4-cü dərəcəli futbolçu kimi düşünə bilərlər. Bu, ora gedəcəyim anlamına gəlmir. Hazırda oynayan yaşımdır. Baş məşqçi heyəti ədalətli seçim edəcəksə və məşqlərdə özünü yaxşı tərəfdən göstərən futbolçunun oynayacağı düşüncəsi ilə məni götürəcəklərsə, o zaman başqa məsələ, ora gedərəm.
- Qış fasiləsində Cənubi Koreya keçidiniz gözlənilirdi. Başqa çempionatlar sizin üçün çətin olmayacaq?
- Onsuz da ora getmək fikrim yox idi. Yayda da iki klubundan təklif aldığım doğrudur.
- Məsələ nə zaman rəsmiləşəcək?
- Klublararası dünya çempionatı olduğu üçün hələ yay hazırlıqlarına 2-3 həftə var. Ümumi ən geci bu həftəsonu, uzansa, gələn həftənin əvvəli bilinəcək. Amma tez də ola bilər. Gedim evə, bəlkə təklifi bəyənərəm, müqaviləni imzalayaram (gülür - red.).