"Araz-Naxçıvan"ın ukraynalı baş məşqçisi Andrey Demçenko "Neftçi"dəki həmyerlisi və həmkarı Yuri Vernidub kimi yalnız öz dilində danışmayacaq.
Bu barədə Sportnet.az-a 50 yaşlı mütəxəssisin özü açıqlama verib.
O, klubdan ayrıca tərcüməçi tələb etməyəcəyini bildirib: "Tərcüməçi tələb etməyəcəyəm. Burada çoxlu legioner var. Tərcüməçimiz ingilis, ispan, portuqal və rusca bilir. Mətbuat konfranslarında isə ukraynca da, rusca da danışa bilərəm. Hazırda Ukraynada elə vəziyyətdir ki, hərbi əməliyyatlarla əlaqədar ölkəmizdə vətənpərvərlik əlaməti kimi ukraynca danışırıq. Bunu anlayırıq. Amma Xarkov, Zaporojye, Dneprepetrovsk kimi elə regionlar var idi ki, orada adi həyatda rusca danışırdılar. İndi vəziyyət fərqlidir: hamı ukraynca danışır. Mən də mətbuat konfranslarında Ukrayna dilində danışmağa çalışacağam. Bundan ötrü Ukrayna dilindən azərbaycancaya çevirən tərcüməçiyə də ehtiyac yoxdur. Çünki rus və Ukrayna dilləri oxşardır".
Qeyd edək ki, Andrey Demçenko "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra azərbaycanlı jurnalistlərə müsahibəni ukraynca yox, rus dilində verib. Yuri Vernidub isə rus dilində danışmaqdan imtina edib və ona ukraynca danışıqlarını azərbaycancaya və əksinə çevirməsindən ötrü tərcüməçi ayrılıb.














































































