1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qırxın sonu
Elşən MƏMMƏDOV
İdman Araşdırmalar Mərkəzinin sədri
Bir daha hesabladım: Düz 40 gün alındı. Mövsümün ilk yarısının bitimi ilə ikinci bölümün startı arasında məhz bu qədər ara verilmişdi. Bilmirəm təsadüf idi, yoxsa... Hər halda, gözünüz aydın, futbolsuzluğun 40-ı çıxdı.
Bu müddətdə təkcə manat ikinci dəfə dəyərdən düşmədi. Futbolumuz bürünc "Neftçi"nin daha bir üzvü Valeri Hacıyevi itirdi. Həmkarlarımızdan bir neçəsinə ağır itkilər üz verdi. "Xəzər Lənkəran"ı olan-qalan aparıcı futbolçuları tərk etdi. Devalvasiya üzündən Premyer Liqa klublarının yarısı Antalyaya təlim-məşq toplanışına getmədi, hakimlər illərdir üz tutduqları məkanı Mərdəkana dəyişdilər.
Bütün bu problemlər idman jurnalistikasına da təsirsiz ötüşmədi. Hazırlıq prosesini Antalyada canlı izləmək mümkün olmadı. Klubların reklam ödənişlərindəki sıxıntılar əksər saytların onsuz da ağır olan vəziyyətini daha dözülməz etdi.
Belə bir vaxtda İdman Araşdırmalar Mərkəzi olaraq, çoxdan düşündüyümüz və tərkibi 5 aparıcı jurnalistdən ibarət Media Qrupunun yaradılması istiqamətində çalışmalara başladıq. Hətta bu barədə komanda.az saytında devalvasiyanın idman mətbuatının vəziyyətinə necə təsir etdiyinə dair sorğu aparılarkən, anons da verdik. Qrupda yer alacaq jurnalistləri, toplantının vaxtı və yerini, fəxri qonaqları müəyyənləşdirdik. Artıq Premyer Liqadakı "matəm"in 40-ının çıxdığı ötən günə tədbiri təşkil etməyi qərara aldıq. Amma...
Toplantıya iki gün qalmış AFFA-nın rəsmi saytında elektron idman KİV-ləri ilə yanvarın 28-də görüşün keçiriləcəyinə dair xəbər peyda oldu. Dəyirmi masaya aldığımız dəvəti dəyərləndirdik, iştirak etdik. Məlum oldu ki, AFFA-nın baş katibi Elxan Məmmədovun da qatıldığı tədbirin gündəliyindəki əsas məsələ elə bizim nəzərdə tutduğumuz jurnalist birliyinə bənzər qurumun - Media Komitəsinin yaradılması yönündə müzakirələrdən ibarətdir. Maraqlı müzakirələr getdi. Dörd masa üzrə təkliflər səsləndirildi. AFFA rəhbərliyi həm bizim təklifləri qeydə aldı, həm də öz təkliflərini açıqladı. Müzakirələrin konfidensial saxlanılması şərtilə iki həftədən sonraya növbəti görüş təyin olundu. Artıq belə bir geniş müzakirələrdən sonra ayrıca iclas keçirərək, Media Qrupunun tərkibini açıqlamaq gözlənilən effekti verməyə bilərdi. Həm də bu, Media Komitəsinə alternativ qurum kimi qəbul olunacaqdı. Ona görə layihənin icrasını ən azı 2 həftə sonraya saxlamağı qərara aldıq.
Amma Media Komitəsinin çevik fəaliyyət mexanizmini bilirik. Bəziləri belə bir komitənin təşkilini AFFA-nın idman mətbuatını öz qanadı altına alma və ondan istədiyi kimi yararlanma cəhdi kimi də qəbul edə bilər və edir də. Amma bu yanaşma da qüsurludur. Çünki əgər həqiqətən də idman mətbuatı AFFA-nın dəstəyi ilə ayaqda duracaqsa, bu, federasiya rəhbərliyinin şəxsi vəsaiti yox, böyük hissəsi neft gəlirlərindən formalaşan qurumun büdcəsi hesabına mümkün olacaq. Digər tərəfdən, Azərbaycan prezidenti Milli Olimpiya Komitəsinə, nazirlər və digər dövlət rəsmiləri aparıcı federasiyalara rəhbərlik etdikləri halda, niyə idman jurnalistləri diqqətsiz və səlahiyyətsiz qalmalıdır? Nə Mətbuat Şurası, nə də Gənclər və İdman Nazirliyində idman jurnalistikasının problemləri ilə məşğul olan şəxs mövcuddur. Halbuki, idman jurnalistikasının inkişafı, ilk növbədə, elə bu qurumlara, federasiyalara lazımdır.
Təsəvvür edin, ötən il Bakıda ilk Avropa Oyunları keçirildiyi halda, media ilə bağlı işlərin əksəriyyəti əcnəbilərə tapşırılır. Yerli jurnalistlərin bilik və bacarıqlarının artırılması yönündə isə adicə seminar belə keçirilmir. Bu il paytaxtımız "Formula 1" üzrə Avropa Qran Prisinə təşkilatçılıq edəcək. Əksər jurnalistlərin bu idman növü haqda ciddi təsəvvürü yoxdur. Yenə mətbuatla iş idmandan bixəbər xanımlara həvalə olunur. Bizi görüşə dəvət edib tövsiyə və məsləhətlər alırlar, amma bunları idman mətbuatına yox, yenə bir neçə ictimai-siyasi mətbu orqana tətbiq edirlər.
Belə yanaşma ilə hara gedirik? Yenə heç olmasa, AFFA və klublar idman jurnalistlərini diqqətdə saxlayır, xarici səfərlərə aparır, az-çox beynəlxalq təcrübə qazandırır, saytlara reklam verirlər.
Bu dəfə də təşəbbüs AFFA-dan gəldi. Olsun. Hər il AFFA-nın büdcəsindən 200 min manatadək vəsait ayırdıqları "Futbol dünyası" qəzeti artıq fəaliyyət göstərmir. Qoy indi həmin büdcənin bir hissəsini idman mediasının inkişafına xərcləsinlər...
Bir daha gözünüz aydın. 40 çıxdı, Premyer Liqa başladı, seyrə davam!