Premyer Liqamızın kölgəsində qalan birinci divizionda da iştirakçılar müəyyənləşdi, püşk atıldı, ilk turdakı oyunlar bilindi. Say da dəyişməyib, ötənilki kimi 14-dür. Sadəcə, ikisinin yerinə iki gəlib ki, bunlar Premyer Liqada yerini qorusa da, lisenziya ala bilmədiyinə görə birinci diviziona göndərilən "Rəvan”la debütant "Səbayıl”dır.
Aşağı dəstədə də görə bilməyəcəklərimiz isə sıradan klublar yox, "Bakı” ilə "Neftçala”dır. Maraqlı təzaddır, biri ötən çempionatın 1-ci, digəri sonuncu pilləsinin sahibi olub. Turnir cədvəlinə başçılıq edənlə onu qapayanı sıralarımızda görə bilməyəcəyik.
Bəli, nə qədər üzücü olsa da, "Bakı” artıq tarixin yaddaşına köçdü. Bir vaxtlar Azərbaycanda təkcə oyununa görə yox, maddi dayaqları da güclü olan bu klub artıq futbol səhnəmizdə yoxdur. Legionerlərinə borc nəticəsində FİFA-nın sankdiyasına məruz qalan "zolaqlılar” artıq peşəkar səviyyədə çıxış etmir. "Bakı” ötən il sonuncu – 14-cü pilləni tutsa da, bu, birinci divizionda da yerini qoruya bilməməyi demək deyil. Onsuz da bizdə II divizion olmadığından, ora düşmək də yoxdur. Sadəcə, paytaxtımızn adını daşıyan klub çoxsaylı problemlər üzündən aşağı dəstəyə də komanda çıxara bilməyib.
Halbuki, "Bakı” ikiqat çempionumuzdur. O, 2006 və 2009-cu illərdə Premyer Liqamızın qalibi olub. Özü də ilk çempionluğu demək olar inanılmaz idi. Komanda sona 8 tur qalmış heç ilk üçlükdə olmadığı halda, baş məşqçisini yola salsa da, bu, ona zərbə olmadı. Əksinə, komandanın "sükanı arxası”na keçən Böyükağa Hacıyev 8 oyunda 8 qələbə qazanaraq, öüz də qol buraxmayaraq 1-ci oldu.
"Bakı” 3 dəfə ölkə kubokunu qazanan klubdur. Özü də buna ilk dəfə bu adla debüt mövsümündə (2004/05) nail olub. "Zolaqlılar” 2010 və 2012-ci illərdə də Azərbaycan kubokunu qazanıb.
Hafiz Məmmədovun prezidenti olduğu klubun medal kolleksiyası tam komplektləşib, yəni burada gümüş (1997/98, 2009/10) və bürünc medallar (2006/07) da var. Tarixi "Dinamo”dan 1997-ci ildən başlayan "Bakı”nın sələfi də debüt mövsümündə mükafatçı olub.
"Bakı” eyni zamanda avrokuboklarda – Çempionlar Liqasında, əvvəl UEFA kuboku, sonra Avropa Liqası adlanan turnirdə ölkəmizi təmsil etmiş klubumuzdur. Avropanın ən nüfuzlu klub turnirində debütündə mərhələ adlamağı bacarıb. Ən nəhayət, "Bakı” pley-offda ilk təmsilçimiz kimi tarixə düşüb. Bu, 2009-cu ildə "Qarabağ”la çıxdığı Avropa Liqasında olub.
Təbii ki, "Neftçala” "Bakı” ilə uğurlarına görə müqayisə oluna bilməz. Ən azı ona görə ki, bu komanda nəinki avrokuboklarda, heç Premyer Liqada oynamayıb. Kamal Quliyevin baş məşqçisi olduğu komanda məhz bunun güdazına getdi. Son 2 mövsümdə çempion kimi Premyer Liqaya vəsiqə qazansa da, orada təmsil oluna bilmədi. Nəticədə ruhdan düşən neftçalalılar heç birinci divizionda da təmsil olunmağı lazım bilmədilər.
"Neftçala”nın tarixi 2004-cü ildən, "Anşad Petrol” adlandığı dövrdən başlayır. Komanda bu adla ardıcıl 3 mövsüm (2006/07, 2007/08, 2008/09) birinci divizionun bürünc medalçısı olub. 2011-ci ildən adı dəyişdirilərək "Neftçala" olan komanda yenə 3 mövsüm medalçı oldu – 2011/12 və 2013/14-də gümüş, 2012/13-də bürünc. Son 2 mövüsmdə çempionluqlarını da nəzərə alsaq, son 5 ildə mütləq birinci divizionun medalçısı olub. Ancaq indisə ümumiyyətlə, mövcud deyil.
Kamal Quliev uzun illər oynadığı milli çempionatımızda məşqçi kimi təmsil olunmağı çox istəsə, buna hüququ qazansa da, istəyinə qovuşa bilmir. O, futbolçu kimi çempion olmasa da, məşqçi kimi birinci divizionda olsa da, ikiqat çempion olması ilə təsəlli tapa bilər. İkiqat çempionluqdan söz düşmüşkən, "Neftçala”dan başqa birinci divizionda heç bir komandamız ardıcıl 2 mövsüm qalib ola bilməyib. Bu baxımdan rekord məhz Kamal Quliyevin komandasına məxsus olub.
Görünüdüyü kimi, "Bakı” ilə "Neftçala" həm ikiqat çempionlar, həm də futbolumuzda rekorda imza atan klublardır. Hələ azarkeş sayına görə rekordçu olan "Xəzər Lənkəran”ı demirik. Əslində, ötən mövsüm Premyer Liqada sonuncu yeri tutan Lənkəran klubu fəaliyyətini dayandırdığını bəyan etdiyindən birinci divizionda da təmsil olunmayacağı bəlli idi. Əksinin olacağına ümid çox az da qalsa da, bu, elə ümid olaraq qaldı. Nəticədə 1 dəfə çempion (2007). 3 dəfə gümüş medalçı (2005, 2011, 2012) və bir o sayda da kuboku qazanan (2007, 2008, 2010) "ağ-yaşıllar" da artıq aramızda yoxdur.
Əslində, Azərbaycanda "futbol qəbiristanlığı"na göz gəzdirsək, məzarlar arasında çempion, mükafatçı, kubok sahibi olan, hətta avrokuoklarda çıxış edən komandaların az olmadığını görərik. Təəssüf ki, onların son yolçuluqları arzuolunmaz məkanlara olur...
Mehman Süleymanov