1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Afinadan qaçış və "Qarabağ" üçün kilsə duası - FOTOLAR
Artıq ikinci dəfə idi ki, yolum Yunanıstanın Saloniki şəhərinə düşürdü. Ötən il "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi PAOK-la oyun üçün səfər təşkil olunmuşdusa, bu dəfə eyni komandanın "Qarabağ"la oyununu izləyəcəkdik.
Afinadan qaçış...
Günəşin şüaları Bakıya təzəcə işıq saçmağa başlamışdı. Artıq hər kəs İstanbula uçacaq təyyarədə öz yerini tutmuşdu. Uçuş vaxtı erkən saatlarda olduğundan, kimisi təyyarəyə minər-minməz yuxusunu alır, kimisi söhbət edir, kimisi də jurnal və qəzetlə başını qatırdı. Təxminən 2 saatlıq uçuşdan sonra təyyarə Atatürk aeroportuna endi. Yeri gəlmişkən qeyd edim ki, bu hava limanının bəzilərindən fərqi ondadır ki, bura özlüyündə elə bil ayrıca bir şəhərdir. Ərazisi getməklə qurtarmır. Üstəlik, təyyarələrin eniş və uçuşlarını da saymaq mümkünsüzdür. Limanın binasını, nəhəngliyi və gözəlliyini isə sözlə ifadə etmək mümkün deyil.
Artıq paytaxt Afinaya (Yunanıstan) uçmaq vaxtı idi. Təyyarəyə minmək üçün giriş qapımızı tapıb uçuş saatını gözləməyə başladıq və təxminən bir saatdan sonra artıq Afina hava limanında idik. Ancaq burda elə də itiriləcək vaxtımız olmadığından, Salonikiyə uçacaq təyyarəyə minmək üçün növbə tutduq. Növbəmiz çatanda liman işçilərindən öyrəndik ki, biz Salonikiyə uça bilmərik. Bir müddət müzakirə və hətta demək olar ki, kiçik mübahisələrdən sonra oyunun keçiriləcəyi şəhərdə olan klub rəsmiləri ilə əlaqə saxladıq. Onlar məsələni həll etsələr də, aeroport işçilərinin məsuliyyətsizliyi ucbatından bir az əziyyət çəkməli olduq. Qeydiyyat şöbəsində gecikdiyimizi sanıb, təyyarə minmək üçün göstərilən giriş qapısına qədər qaçmalı olduq, arxamızdan bizi qovan olmasa da. Buna "Afinadan qaçış" da demək olar… Hava limanında olan şəxslər də bizə dəstək nümayiş etdirir, kimisi yol verir, əl çalır, kimisi bizə baxaraq "go, go, go" deyirdi. Etiraf edim ki, bizə gülənlər də az deyildi.
Salonikidə Qurbana rəğbət
Salonikidə bizi "Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimov qarşıladı və mətbuat konfransına gecikməmək üçün qalacağımız otelə yollandıq. Artıq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransına dəqiqələr qalməşdı. Baş məşqçi və futbolçu Ansi Aqolli mətbuat zalına daxil olan zaman, yerli media nümayəndələrində onlara olan rəğbət hissini müşahidə etdik. Təbii ki, həmyerlimizin bu cür sevilməsi adama xoş gəlməyə bilməz. Jurnalistlər tək-tək baş məşqçi və futbolçu ilə şəkil çəkdirdilər. Bir neçə dəqiqəlik fotosessiyadan sonra konfrans bitdi. Yunan nəşrlərindən biri, hətta mənim oyunla bağlı fikirlərimi də öyrəndi. Yunan həmkarıma qələbə qazanacağımızı demişdim.
Tarixi, müasir və...
Artıq oyun günü idi. Matçın başlama saatına qədər vaxtımız olduğundan, şəhəri gəzmək qərarına gəldik. İstiqamət Salonikinin tarixi məkanlarına idi. Saloniki deyəndə insanın ağlına ilk olaraq müasir Türkiyə Cumhuriyyətinin banisi Mustafa Kamal Atatürkün evi gəlir. Mən də bu böyük şəxsiyyətin bir vaxtlar yaşadığı evə üz tutdum. Evin otaqları, oradakı ab-hava insanı tarixin dərinliklərinə aparır. Otağındakı heykələ baxdıqda, bir anlıq Atatürkün ayağa qalxıb "xoş gəlmisiz" deyəcəyini zənn edirsən. Evin düz qarşısında yerləşən dükanda isə türk xanım bizi pulsuz çaya dəvət etdi, necə deyərlər, Atatürkün ziyarətinə gələnlərə kiçik bir jest kimi... Təmiz küçələri olan şəhərdə avtomobillərdən çox motosikletlər şütüyür. Çox da müasir olmayan binalar göz oxşayır. Dəniz kənarı, Egey dənizinin təmiz havasından udmaq fərqli hisslərdir. Bu qədər məsafə qət etdikdən sonra dəniz gəzintisinə çıxmamaq da olmaz. Burada bir gəmi fəaliyyət göstərirdi. Gəmiyə giriş pulsuzdur, amma daxil olandan sonra nəsə sifariş verməlisən. Sifarişlərin də ən azı 3 avroluq olmalıdır. Bununla da ən azı yarım saat Egey dənizinin sularında səyahət imkanı əldə etmiş olursan. Şəhər haqqında çox şey yazmaq olar. Qız qalasına bənzər tarixi abidə, Aristotelin və Makedoniyalı İskəndərin heykəlləri...Bir sözlə Makedoniya çarı Kassandır tərəfindən salınan bu şəhər, hazırda Yunanıstanın mədəniyyət paytaxtıdır.
Evsiz-eşiksiz yunanlar
Şəhər sakinlərinin maraqlı xüsusiyyəti, daha doğrusu həllini tapmaqda çətinlik çəkdiyim bir məsələ var. Günün istənilən saatlarında şəhərin restoranları, kafeləri, parkları, yolları dolu olur. Düzü, bu insanların nə zaman işlədiyini, istirahət etdiyini tapmaqda çətinlik çəkirəm. Çətinlik çəkmədiyim məsələ isə oralardakıların dinə olan sevgisini bilməkdir. Salonikidə olan bir neçə kilsədən birinə daxil olduqda – yeri gəlmişkən ilk dəfə idi - içimdə qəribə hiss oyandı. Kilsənin önündə yaşlı bir kişi dayanmışdı və şam satırdı. Almaq üçün 2 avro verdik. Məbləği görəndə isə əlindəki bütün şamları bizə uzatdı, götürdük. Qapının yanında şam yandırmaq üçün yer var və o şamları dua edərək yandırdıq. Həmkarım "Yunan Allahları"ndan "Qarabağ"ın qələbəsini istəmişdi. Mən isə arzumun şamla yerinə yetməyəcəyini bildiyim üçün elə şamı simvolik olaraq yandırmaqla kifayətləndim. İçəridə bir nəfər çörək paylayır. Ancaq bu çörəkləri götürmək üçün mütləq həmin üzü saqqallının əlini öpməlisən. Bu da onların dinidir. Artıq qayıtmaq lazımdır və sadə görünüşlü bu kilsədən ayrıldıq. Ancaq göz oxşayan şəhərdən otel otağına getmək, o qədər də xoşagələn hal deyildi.
Saloniki PAOK-un şəhəri deyil
Artıq oyun başa çatmışdı. "Qarabağ" camiəsi, azərbaycanlı azarkeşlər və biz jurnalistlərin üzündən təbəssüm əksik deyildi. Oteldə işlərimizi yekunlaşdırdıqdan sonra bayırda çay içib, nəsə yemək qərarına gəldik. Restoranda maraqlı bir personaj vardı. Hər kəslə söhbət edir, içir, nədənsə gülə-gülə söhbətləşirdi. Bizə yaxınlaşdı və sifarişimizi verdikdən sonra söhbətə başladıq. Sən demə, həmin adam Salonikinin digər futbol komandası olan "İraklis"in azarkeşi imiş. Onun PAOK və onun məğlubiyyəti haqda dediklərini yazmaq mümkün deyil. Ancaq məğlubiyyətə sevindiyi göz qabağında idi. Adı Tonas idi. Sağollaşanda bir cümlə işlətdi və güldü: "Saloniki PAOK-un şəhəri deyil!"
Bu da son...
Yenə səhər idi, yenə uçuş vaxtı idi, lakin bu dəfə əks istiqamətdə - dolayısı ilə Bakıya doğru. Gözəl gəzinti, qələbə, narahat edən bircə şey var idi - yuxusuzluq. Odur ki, təyyarəyə minən kimi oturacağımı arxaya uzadıb yatdım, gözümü bir də İstanbulda açdım. Hava limanında bir az vaxt keçirtdikdən sonra, sonuncu marşrutumuza – Bakı təyyarəsinə mindik. Düzünə qalsa, səfərdən qələbə ilə qayıtmağın başqa ləzzəti var…"Qarabağ" sağolsun!