"Neftçi" klubu Azərbaycan Premyer Liqasının XIII turunda səfərdə "Kəpəz"lə keçirdikləri oyunda baş verənlərə münasibət bildirib.
Klubdan Sportnet.az-a verilən açıqlamada komanda əməkdaşlarının Gəncə şəhər stadionun VİP tribunasından uzaqlaşdırılmalarına Gəncə şəhər icra başçısı Elmar Vəliyevin göstəriş verdiyi təsdiqlənib.
Buna həmin klub əməkdaşlarının tribunada sakit oturmaları səbəb olub: "Bizim əməkdaşlar - tibbi personal, zədəli oyunçular, tərcüməçilər VİP-sektorda ayrılan yerdə oturdu. Həmin tribuna "skybox"un aşağısında idi. Orada ancaq "Neftçi"nin əməkdaşları əyləşmişdi. İcra başçısının olduğu "skybox"un aşağısında isə yerli azarkeşlər oturmuşdu. Onlarda baraban da vardı. Fanatlar azarkeşlik edirdi, qışqırırdı. Birdən icra başçısı soruşdu ki, onlar ("Neftçi"nin əməkdaşları - red.) niyə azarkeşlik etmir? Bunlar neynir burda, çıxarın ordan. İcra başçısının göstərişindən sonra işçiləri VİP-sektordan çıxardılar".
Qeyd edək ki, "Kəpəz" klubunun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu Sportnet.az-a açıqlamasında bu addımın təhlükəsizlik baxımından atıldığını bildirib. M.Nərimanoğlu deyib ki, o, "Neftçi" rəsmilərinə azarkeşlərini yanlarına gətirməyi təklif etsə də, qonaq tərəfin özü azarkeşlərin yanına gedib.