"Georgi Nikolova qarşı heç bir ittiham yoxdur. O, heç bir şeydə şübhələnmir. Ancaq buna baxmayaraq Azərbaycanı tərk edə bilmir".
Sportnet.az-ın məlumatına görə, bunu bolqarıstanlı vəkil Vladimir Şeytanov Sofiyada keçirdiyi mətbuat konfransında deyib. "İnter"in sabiq prezidenti, həmyerlisi Georgi Nikolovun 1999-cu ildən vəkili olan Şeytanov müştərisi ilə bağlı yaranmış vəziyyətdən danışıb.
Məlum olduğu kimi, "İnter"in fəxri prezidenti, klubun himayədarı olan Cahangir Hacıyevin həbs olunmasından sonra baş verən olaylarla bağlı Nikolov da "ilişib". Onunla bağlı çıxarılan qərara əsasən 2015-ci ilin sentyabrın 19-dan bu yana ölkəmizi tərk etməyə icazəsi yoxdur. Nikolov "İnter"dən çoxdan ayrılsa da, vətəninə qayıda bilmir. Onun qohumları Bolqarıstan prezidenti Rosen Plevneliyevə kömək məqsədilə müraciət ediblər. Bolqarıstanın Xarici İşlər Nazirliyi Nikolovun oğlanlarına Azərbaycana nota göndərdiklərini bəyan ediblər. Sabiq klub prezidenti bu il yanvarın 17-də "İnter"in yeni rəhbərliyinə heç bir maliyyə iradının olmadığı ilə bağlı sənədləri imzalasa da, qadağa götürülməyib.
Şeytanovun sözlərinə görə, Nikolovun hətta Almaniyaya müayinəyə yollanmasına izacə vermirlər. 56 yaşlı sabiq prezident prostat vəzi xərçəngindən bu ölkədə əməliyyat olunub: "Hətta Nikolovun yoldaşı Valeriyanı atasının dəfni ilə bağlı xəbərdar etsələr də, o da Azərbaycanda girov qalıb. Onların oğlanlarından biri Pavelin Bakıdakı valideynlərinə baş çəkməsi ilə əlaqədar viza məsələlərinin həllinə cəhd edəcəyik".
Vəkil Azərbaycana gələrək məsələyə aydınlıq gətirməyə çalışacaq: "Biz yerli qurumların işinə qarışmaq istəmirik. Ancaq Nikolova qadağanın hansı əsasla bağlı olması haqda da informasiya əldə etmək istəyirik".
Qeyd edək ki, Georgi Nikolov 2006-2015-ci illərdə "İnter"ə rəhbərlik edib.