Mehman SÜLEYMANOV
Nə qədər məyus olsaq da, bunu dilə gətriməliyik. "Qarabağ” ardıcıl 3-cü ildir son tura saxladığı pley-off şansını yenə əldən buraxdı. Bununla da qrupdan çıxmaq həsrətimiz davam etdi. Deməli, ən azı daha 1 il gözləməliyik. O da bilinmir ki, yenə qrupdan çıxa biləcəyik və ən əsası, belə bir şans əldə düşəcəkmi...
Bəli, Azərbaycanın qrup mərhələsində təmsil etdiyi 4 mövsümdə 1/16 finala belə yaxın olmamışdı. Fikrimcə, indiyədək ən münasib qrup məhz "Qarabağ”ın budəfəki qrupu idi. Aşkar favorit olan "Fiorentina”nın qrupda mübarizəni lider kimi başa vuracağı əvvəldən məlum idi. İkinci yer uğrunda mübarizədə PAOK-la "Slovan” isə ən münasib rəqiblər idi. Ancaq heyif ki bu şansdan istifadə edə bilmədik.
Şəxsən mənə (yəqin ki, bir çoxumuza da) ən çox təsir edən qrupdan məhz PAOK-un çıxmağı oldu. Axı bu komanda bizə nəinki qalib gələ, qol da vura bilməmişdi. Elə keçən il "Qəbələ” ilə oyunlarda da belə olmuşdu. "Qarabağ” Saloniki təmsilçisini qol buraxmadan yenə bildi. Özü də bunlar təsadüfi yox, layiqli qələbələr idi. Ancaq daha çox bizim layiq olduğumuz vəsiqə yunanlara qismət oldu.
Kaş ki PAOK-a qalib gəlməyəydik. Biləydik ki az xalımız olduğuna görə qrupda qaldıq. Pley-offa çıxa bilmirsənsə, nə qədər xal toplamağın elə də önəmi yoxdur. 7 xal toplayasan, bu da işə yaramaya, üzülməyə bilmirsən.
Məncə, PAOK üzərində ardıcıl 2 qələbə komandamızı sanki rahatlaşdırdı, ritmdən saldı. Düşündük ki, 1/16 final bilet demək olar cibimizdədir və futbolçular müəyyən mənada arxayınlaşdılar. Sonda da bunun acısını çəkdik. Hərçədn, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov kimi ciddi, məsuliyyətli mütəxəssisdir.
Mən nəinki inanırdım, hətta əmin idim ki, "Qarabağ”ı yunanlarla xal verməyəndən sonra pley-offa çıxmaq vəzifəni həll edib. Hər halda, bunu rəsmiləşdirmək üçün 2 oyuna 1 qələbə bəs edirdi, hətta vəziyyətdən asılı olaraq 1 xal da yetərli ola bilərdi. Ancaq Salonikidəki tarixi zəfərdən sonra xal üzünə həsrət qaldıq. PAOK isə Florensiyada son saniyələrdə qələbə topunu vurandan sonra bəxt bizdən birdəfəlik üz döndərdi. Həmin qol yunanların sonda gülən tərəf olacağına bir işarə idi. PAOK-la son oyunda qalib gələ bilməsəydik, futbolçular bəlkə də işlərinə daha ciddi yanaşar, arxayınlaşmazdılar. Çünki onda 1/16 finala bu qədər yaxın olamayacaqdıq.
Bir komandanın 2 dəfə məğlub olduğu, qapısına yola tapa bilmədiyi rəqibindən sonda üstün olmağı ədalətsizlik sayılır. Ancaq digər tərəfdən, həmin PAOK "Fiorentina”ya uduzmayan, ondan 4 xal alan yeganə komamaddır. Məsələyə obyektiv yanaşsaq, bunu da nəzərə almaq lazımdır.
Əslində, "Qarabağ"a ən böyük zərbəni nə PAOK, nə də "Fiorentina” vurdu. Ən böyük zərbəni autsayder "Slovan”dan aldıq. Hamı bu komandaya hər 2 oyunda qalib gəldiyi halda, biz onu bir dəfə də olsun yenə bilmədik, 3 xal verdik, böyük hesabla uduzduq. Bütün bunlar isə sonda həlledici təsirini göstərdi. Fakt odur ki, 6 xal götürüləsi komandadan cəmi 1 xal almaq mümkün oldu.
Təbii ki, həmin oyunda son saniyələrdə bərabərlik qolunu vutan kapitan Rəşad Sadıqovun əzmkarlığı alqışalayiq idi. Ancaq mənə görə "Dalığa Arena”dakı həmin matçda gözlənilən qələbəni əldn buraxmaqla pley-offa şansımız da əldən verdik. İdman xoşbəxltiyi o vaxtdan bizdən üz döndərdi.
İstənilən halda, "Qarabağ”a bizləri son turadək yaxşı mənada həyəcanda saxladığına görə, Rəşad Sadıqova zədəli olmasına baxmayaraq komandaya vacib matçda kömək etmək üçün buzlu meydançada özünü riskə atdığına görə minnətdarlıq olmalıyıq. 10 il əvvəl "Böyük beşlik” ölkələri, futbol ölkəsi sayılan İtaliya təmsilçisi ilə qarşılaşmağımız bizə röya kimi görünürdüsə, artıq onlarla nəinki görüşürük, başabaş oynayırıq, qol vururuq. A seriyasının iddialı bir komandasının bizə qarşı necə ehtiyatla oynaması, baş məşqçisi Paulu Souzanın 90 dəqiqə gərginlikdə olması bizim Avropa futbolunda artıq "qapıazaltı” olmadığımızın, sayıldığımızın göstəricisidir.
Vaxt gələcək, biz də da qrupdan çıxacağıq. Hər halda, qrupa düşməyi gec-tez reallaşdıra bildiksə, ordan da çıxmağı mütləq gerçəkləşdirəcəyik. Hələliksə bunu yalnız arzulayırıq. Ona çata bilmək üçün görünür, hələ ki nəsə çatmır...