Azərbaycan milli çempionatı kimi, ölkə kuboku da 1992-ci ildən keçirilir. Bu müddətdə onun qalibləri çox olub. Daha doğrusu, bunlar 7 komandadır ki, onun 4-ü artıq tarixin yaddaşına köçüb. Azərbaycan Kubokuna hərəyə 3 dəfə sahib olan "Xəzər Lənkəran”la "Bakı” nəinki Premyer Liqada, heç birinci divizionda da çıxış etmir. Paytaxt klubları – "Şəfa” 2000-ci, "İnşaatçı” isə ondan da qabaq, 90-ci illərdə dağılıb. Kuboku ən çox – 6 dəfə qazanan "Neftçi”, onun izləyiciləri "Qarabağ” (5) və "Kəpəz” (4) hazırda da çıxış edirlər.
Adətən Avropada ölkə kubokunun zəif komandanın, hətta aşağı divizion təmsilçisinin qazanmasını görmüşük. Biz də bunu arzulasaq da, iddialılar özündən zəiflərə aman vermirlər. Yaxud da zəiflərin nəinki qalib olmağa, heç finala, yarımfinala çıxmağa gücləri çatmır. Azərbaycan Kuboku tarixində əsas sensasiyalar məhz "İnşaatçı” və "Bakı” ilə bağlı olub. "İnşaatçı” ilk kubokda, "Neftçi”nin çox güclü, sonda çempion olduğu mövsümdə onu yarımfinalda, finalda isə Mingəçevir "Kür”ünü məğlub etməyi bacarıb. "Şəfa” isə bundan 9 il sonra finalda "Neftçi”ni 2:1 hesabı ilə məğlub edib. Ancaq bu qalibləri zəiflər yox, çempionatın ortababları adlandırsaq, daha düzgün olardı.
Kubokda yeni mövsüm başlayıb və bu dəfə hər şey çox sürətlə gedir. Çünki cari futbolçu mövsüm Azərbaycanda keçiriləcək İslam Oyunlarına görə bir qədər qısa olacağından, 1/4 final mərhələsinin matçlarının adət etdiyimiz kimi, martda yox, dekabrda keçirilməsi nəzərdə tutulub. Birinci divizion təmsilçilərinin hamısı elə 1/8 finalda mübarizəni dayandırdılar. Düzdür, "Turan” evdə "Zirə”yə, "Zaqatala” səfərdə "Qəbələ”yə çətin anlar yaşatsa da, bu, yekun nəticədə müsbət əksini tapmadı.
Bununla da yenə qalibin Premyer Liqa təmsilçisi olacağı dəqiqləşdi.
Ancaq məsələ ondadır ki, əsas həyəcanın başladığı 1/4 final mərhələsi də maraqlı mübarizəyə şahidlik etməyib. Çünki Premyer Liqada ortabablar ilk oyunlarda böyük uğursuzluq yaşayaraq cavab matçlarını formallığa çeviriblər. Bu, xüsusilə böyük hesabla uduzan "Zirə” ilə "Sumqayıt”a aiddir. Onların bunu əvəzini "Neftçi” və "Qarabağ”dan çıxacaqları real görünmür.
"Kəpəz” "İnter”ə 2 cavabsız qolla uduzmaqla cavab matçını formallığa çevirməsə də, hər halda, rəqibi cütün taleyini böyük ölçüdə xeyrinə həll edib. Ən əsaəs ona görə, gəncəlilər səfərdə qol vura bilməyib.
Nə qədər qəribə görünsə də, liderlərdən olan "Qəbələ”in autsayder AZAL-la qarşılaşmasında intriqa qalıb. Çünki son pillənin sahibi hesabı açdığı səfər matçında 1:2 hesabı ilə uduzub. Bu isə o dmeəkdir ki, "təyyarəçilər” evdə 1:0 hesabı ilə qalib gələrsə, cütün qalibi olacaq. AZAL-ın Premyer Liqanın ikinci dövrəsində evdə "Qəbələ"dən gözlənilmədən xal aldığını nəzərə alsaq, qələbəsini də mümkün saymaq olar.
Buna isə dekabrın 21-də cavab matçında, bu ilin son oyu günündə aydınlıq gələcək. Hələliksə bəlli olan budur ki, kubok yarışı Premyer Liqanın aşkar kölgəsində qalır və formal turnirə çevrilir. Ancaq əslində, ölkə kuboku əzmkarlığı sevən və ən əsası, Avropaya gedən ən qısa yoldur. Bu vəsiqəyə kubokdan sahib olmaq üçünsə artıq finalçı olmaqla iş bitmir, mütləq qalib olmaq lazımdır.
Mehman SÜLEYMANOV