1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Qəbələ”nin “qladiatorlar”ı
"Qəbələ”nin "transfer pəncərəsi”nin son günlərində ən azı iki yeni futbolçu almasına artıq adət etmişik. Avropa Liqasının qrup mərhələsinə düşdüyü son iki ildə bunlar yay transfer dövrünə təsadüf edibsə, bu dəfə qış fasiləsində ardıcıl keçidlər oldu. "Qırmızı-qaralar”ın qış transferləri olan müdafiəçi Rasim Ramaldanovla hücumçu Daniel Subotiçin son klubları xarici olsa da, onların ikisi də Premyer Liqamıza yad futbolçular deyillər. Ramaldanovun Gürcüstanın "Kolxeti” klubunadək karyerası yalnız Azərbaycana bağlı olubsa və yarım il fasilədən sonra qayıdırsa, Subotiç 1 il məhz "Qəbələ”də oynayıb. Buna görə də legioneri bu komanda üçün köhnə-yeni futbolçu adlandırmaq daha düzgün olardı.
Ramaldanovla Subotiçə nəzər yetirəndə, onların ilk növbədə yaxşı fiziki göstəricilərə malik olması diqqətimi çəkdi. Təsadüfi deyil ki, Rasim 1,91, Daniel 1,89 metr boya malikdir. Yəni hər ikisi döyüşçü, cəngavər görkəmindədir, sanki "qladiatorlar”a bənzəyirlər. Onlar meydanda texnikalı oyundan çox mübariz, döyüşkən keyfiyyətləri ilə özlərini göstərir, sözün əsl mənasında sonadək vuruşurlar. Buna görə Ramaldanovla mübarizədə rəqib hücumçulara, Subotiçdə isə müdafiəçilərə çox çətin olur. Topu öz gövdəsi ilə yaxşı gizlədən Danieli saxlamaq üçün onun formasından tutub dartmaq, az qala cırmaq səviyyəsində gərgin mübarizəyə şahid olmuşuq. Yeri gəlmişkən, Subotiç 2013/14 mövsümündə "Qəbələ”də oynayanda, Ramaldanov "Simirq”da çıxış edirdi və həmin vaxt rəqib olublar. Rasim məhz yaxşı fiziki göstəricilərinə görə Daniellə təktəbək mübarizələrə daha çox girişirdi. Ancaq həmin əcnəbi hücumçu məhz Zaqatala təmsilçisinə Qəbələdə 2:1 hesabı ilə qalib gəldikləri matçda etdiyi dublla, xüsusi son saniyələrdə vurduğu qolla, müdafiəçilər onun formasından datrsalar belə yıxılmayaraq topu qapıdan keçirməyi bacarması ilə yadda qalmışdı.
Ümumiyyətlə, Subotiç milli çempionatımızda çıxış etmiş legionerlər arasında ən çox simpatiya etdiyim legionerlərdən olub. Onun Azərbaycan karyerası "Qəbələ İK” qəzetində işlədiyim dövrə təsadüf etdiyindən həm futbolçu, həm də insan kimi yaxın tanış ola bilmişdim və hər iki cəhətdən layiqli idi.
Heç yadımdan çıxmaz, "Qəbələ” klubunun rəsmi qəzetində işə başladıqdan sonra getdiyim ilk oyunda Danielin uğurlu çıxışına, vurduğu baxımlı qola sevinmişdik. Bu, 2013-cü ilin sentyabrın 15-də AZAL üzərində Şüvəlanda 4:0 hesablı qələbə idi ki, İsveçrə vətəndaşı olan bosniyalı hücumçu debütünü qolla qeyd etməyi bacarmışdı. Əslində, Subotiç həmin vaxt Ukraynanın "Volın” klubundan transfer vərəqəsinin yubanması üzündən ilk turlarda meydana çıxa bilməmişdi. Onun "Qəbələ”dən gedişi göndərilməsi anlamına gəlməməlidir. Hər halda, "Qəbələ” debüt mövsümündəcə vurduğu 12 qolla bombardiri olan legionerdən imtina edilməsi məntiqəuyğun deyildi. Sadəcə, həmin vaxt "qırmızı-qaralar”ın rusiyalı baş məşqçi Yuri Syominin mövsümün sonunda gedişi ilə gətirdiyi legionerlərin, o cümlədən Danielin də qalmayacağı gözlənilirdi ki, sonda belə də oldu.
Subotiç demək olar hər bir klubunda ilk növbədə bombardirlik keyfiyyətləri ilə seçilib. Hücumçu üçün ən vacib şərtlərdən biri qol vurmaqdır ki, Daniel bunun öhdəsindən yaxşı gəlib. Üstəlik, o, ucaboyundan yaxşı istifadə edərək başla çox fərqlənib. Ancaq bununla belə, hücumçu ayaqla yaxşı oynayır, xüsusilə sol ayaqla güclü zərbələrə malikdir. Bütün bunları və xüsusilə "Qəbələ”nin hücumçu axtarışında olduğunu, ukraynalı baş məşqçisi Roman Qriqorçukun bunu mətbuata aşkar bildirdiyini nəzərə alsaq, Danielin gəlişi lap yerinə düşür. Hərçənd, Premyer Liqada cari mövsümün bombardilərindən biri məhz "Qəbələ”nin hücumçusu Baqali Dabodur. Ancaq fransalı legioner xeyli vaxtdır zədələrdən əziyyət çəkdiyindən oynamır.
Rasimin keçidi isə daha çox məcburiyyətdən irəli gəldi və Qriqorçukun planlaşdırılmayan transfer olduğunu deməsi həqiqətəuyğundur. Axı "Qəbələ”nin 3 mərkəz müdafiəçisi – Rafael Santos, Vojislav Stankoviç və Vitali Vernidub olduğu halda, 4-cü belə futbolçuya elə də ehtiyac yox idi. Ancaq Santosun ciddi zədələnərək əməliyyat olunması ən azı 2 aylıq sıradan çıxması deməkdir. Belə olan halda, sərbəst futbolçu olan Ramaldanov "qırmızı-qaralar”ın planlarına uyğun gəldi.
Onu da nəzərə alaq ki, Rasim Berti Foqts millimizdə baş məşqçi işlədiyi dövrdə dayaq yarımmüdafiəçisi kimi sınanaraq bu mövqedə də Qriqorçuka yararlı ola bilər. Ancaq ən əsası odur ki, Ramaldanov yerli futbolçudur və ukraynalı baş məşqçisi bundan maksimum istifadə edə bilər. O, legioner limitini nəzərə alaraq lazım olanda Rasimi meydana buraxaraq əcnəbi mərkəz müdafiəçisinin əvəzinə hücumameyllidən yararlana bilər. Bu da taktiki baxımdan bir üstünlükdür.
Mehman SÜLEYMANOV